Bir müddət əvvəl “Persona” televiziya layihəsi ilə ekranda gördüyümüz Firuzə İsmayıl Əliyeva sözügedən layihənin davamı olaraq “TalkNex” layihəsinə start verib. Layihə çərçivəsində ənənəvi olaraq, cəmiyyət üçün “rol model” və ya “bələdçi” rolunu oynayan uğurlu simalar bir araya gələrək gəncləri maarifləndirir, onları əmək bazarının yeni trendləri barədə məlumatlandırır, xüsusilə də gənc qızları cəmiyyətdə öz rollarını elm, təhsil, bacarıq yolu ilə daha da gücləndirməyə səsləyir.
Layihənin budəfəki fokusu əvvəlkindən nisbətən fərqlənir: “Gender bərabərliyi” kontekstində “gender arası əməkdaşlığı” təşviq etmək.
Cəmiyyətin genderlə bağlı yanaşması, stereotiplər fonunda layihə vasitəsilə təbliğ edilən “gender arası əməkdaşlıq” konseptini layihənin icraçısı, ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru Firuzə İsmayıl AZƏRTAC-a açıqlamasında belə izah edib: “İnkişaf etmiş cəmiyyətlərdə gənclərin fəallığına ehtiyac duyulur. Lakin gənc qızların cəmiyyətin inkişafına verdiyi töhfənin, qızların ictimai fəallığının və sosial statusunun göstəricisi elə cəmiyyətin inkişafının əsas göstəricisidir. “TalkNex” layihəsi də məhz bəhs etdiyim məsələdən irəli gəlir: Müasir Azərbaycan qızlarının obrazını gücləndirmək, onlara öz hüquq və vəzifələrini anlatmaq yolu ilə inkişafını təmin etmək və nəticədə cəmiyyətin müxtəlif sferalarında uğurla təmsil olunan peşəkar qadınlar yetişdirmək.
Biz bu yolda tək deyilik. Belə ki, Milli Məclisin deputatları Səməd Seyidov, Nigar Arpadarai, Sevinc Fətəliyeva, habelə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld, Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşiyi, Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Helena Kennedi KC layihəyə dəstək göstərirlər. Həmçinin tanınmış ictimai xadimlər, Xalq artisti Murad Dadaşov, Əməkdar artist Bəhram Bağırzadə bizdən dəstəklərini əsirgəmədilər”.
“TalkNex” niyə məhz indi öz fəaliyyətinə başladı?
“Ölkəmizin regiondakı rolunun daha da gücləndiyi bu tarixi dövrdə inkişafımıza dəstək olacaq, cəmiyyətə fayda verəcək əzmli, savadlı, dünyagörüşünə və vətənpərvərlik hissinə malik gənclər yetişdirmək indi hər zaman olduğundan daha vacibdir. Biz bu layihə vasitəsilə yalnız gənclərlə işləmirik, eyni zamanda, cəmiyyətdə sosial məsuliyyətlilik dəyərlərini təşviq etməyə çalışırıq. Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini təşkil edən qadınları cəmiyyətin müxtəlif sferalarında fəal olmağa təşviq edirik.
Vaxtilə Azərbaycanın görkəmli ziyalıları xalqı maarifləndirmək, qadınların rolunu gücləndirmək üçün mübarizə apardılar və nəticədə qadınlara ictimai rəyə təsir etmə əzmi qazandırdılar. Təhsil sahəsində fəaliyyət göstərən peşəkar kimi düşünürəm ki, indi isə növbə bizimdir”, - deyə Firuzə İsmayıl vurğulayıb.
Layihənin icraçısı deyir ki, fərqli gender nümayəndələrinin müxtəlif sferalarda çiyin-çiyinə çalışması inkişafı sürətləndirir: “Qadın və kişilərin bərabərliyi insan hüquqlarının təməlində dayanır. Yaşadığımız dövrdə qloballaşmanın gətirdiyi imkanlar və risklər gender bərabərliyini qaçılmaz edir. Lakin biz bu layihə vasitəsilə daha çox gender əməkdaşlığını ön plana çəkirik. Təmsil etdiyimiz cəmiyyətin gender arasındakı fərqlə bağlı yanaşmasını nəzərə almaqla birgə əməkdaşlığı, müxtəlif fəaliyyət sahələrində bərabər şəkildə təmsil olunmanı qabartmağa çalışırıq. Bu məqsədlə, əsasən gənc qızları öz potensiallarına inanmağa, çətinliyə deyil, məqsədə fokuslanmağa həvəsləndiririk. Bizə dəstək göstərən ictimai xadimlər isə bu istiqamətdə öz nümunəvi həyat yolu ilə, qızlarımıza verdiyi dəyərli tövsiyələrlə onları ruhlandırırlar”.
Ekspert vurğulayır ki, bütün layihələr gender-əsaslı yanaşmanı təşviq etməlidir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində təqdim edilən hesabatda icma əsaslı inkişaf layihələrinin genderə həssas şəkildə tərtib olunmadığı qeyd edilir.
Lakin ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən (USAID) yayımlanan hesabatda isə belə qeyd edilib: “Qadınların iqtisadiyyatda iştirakının artması qadın və onun ailəsi üçün daha yaxşı həyat standartlarına, biznesdə və milli iqtisadiyyatda artıma gətirib çıxarır”.
Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, qızların inkişafı cəmiyyətin sosial, iqtisadi və digər sahələrdə inkişafı deməkdir. Qadınların erkən yaşda təhsilə çıxışının, resurslara əlçatanlığının təmin edilməsi onların sonrakı mərhələlərdə iqtisadi baxımdan müstəqillik əldə etməsinə, həmçinin ailə institutunun möhkəm təməllər üzərində qurulmasına gətirib çıxarır. Hər birimiz nəzərə almalıyıq ki, qadının inkişafı sağlam gələcək deməkdir. “TalkNex” layihəsi də məhz bu məqsədə xidmət edir.
Firuzə İsmayıl deyir: “Şəhərlərdə, qəsəbələrdə, kəndlərdə yaşayan bütün qızları stereotipləri qırmağa, öz bacarıqlarına inanmağa necə vadar etmək olar? Nümunələr göstərməklə və hər bir qıza səsimizi çatdırmaqla. “TalkNex” müsahibələri vasitəsilə məhz qızları düşünməyə, gələcəklə bağlı planlar qurmağa vadar edirik. Məsələn, vaxtilə Validə Tutayuq Azərbaycan elminin ilk qadın akademiki olub, bir ilkə imza atıb. Niyə növbəti ilkə imza atan məhz sən olmayasan? İlk qadın nazirimiz xarici işlər naziri Tahirə Tahirova olub. Niyə növbəti sən olmayasan?”
Sonda “TalkNex” layihəsinin müəllifi və icraçısı Firuzə İsmayıl hər birimizi düşünməyə vadar edir: “Qızların cəmiyyətdə təmsil edilmədiyi bir dünya təsəvvür edin. Texnoloji və ya iqtisadi inkişafı qadınlarsız təsəvvür edin və ya elə bir iş yeri düşünün ki, orada qadınlar təmsil edilmir. Biz bunu təsəvvür edə bilmədiyimizdən, qızların iştirakı olmayan inkişafı düşünə bilmədiyimizdən “TalkNex” layihəsinə start verdik. Gəlin, bir az da statistikaya nəzər salaq. Dünya Bankının hesablamasına əsasən, qadınların peşəkar mühitdə bərabər təmsil edilməməsi dünya iqtisadiyyatında 160 trilyon ABŞ dolları gəlir itkisinə səbəb olur. Dünyanın inkişafın ən sürətli mərhələsində olduğu bu dövrdə ölkəmizdə gənclərin, xüsusilə gənc qızların inkişafı ölkəmizin regionda möhkəmlənən roluna töhfə verir. Xüsusilə də dünyada “Y” nəslinin ardınca “Z” nəslinin cəmiyyətdə, biznes mühitində iştirakı ilə idarəetmə və liderlik anlayışına yeni məzmun gətirilir. Bu səbəbdən də iş həyatında sağlam əlaqələr quran, çevik qərar qəbuletmə bacarığına malik olan, savadlı və bacarıqlı gənclərin yetişdirilməsi və ələlxsus da qızların rolunun cəmiyyətdə möhkəmlənməsi inkişafın əsas hərəkətverici qüvvəsidir. “TalkNex” layihəsi ilə onları inkişaf etdirməyə, maarifləndirməyə davam edəcəyik!”.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Fergus Auldun “TalkNex” layihəsi çərçivəsində verdiyi müsahibəni link vasitəsilə izləmək mümkündür.