16 Aprel 2024 16:50
145
İQTİSADİYYAT
A- A+

ACE platformasından neft hasilatına başlanılıb

 

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsi çərçivəsində yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlanıb.

BP-dən AZƏRTAC-a bildirilib ki, ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır.

BP-nin strategiyası ACE kimi layihələrin işlənməsinə və gələcəyin enerji sisteminə sərmayə qoymaqdır. AÇG-dən ilk hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. Bundan əlavə, Xəzər dənizində BP-nin əməliyyatçısı olduğu Şahdəniz qaz yatağında daha iki platforma istismardadır.

ACE platforması və qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Bu il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.

“BP-nin tam qurudan idarə olunan ilk dəniz platformasını təhlükəsiz şəkildə inşa edən və istismara verən BP komandası ilə çox qürur duyuram. Bununla həm şirkətimiz, həm də daha geniş miqyasda bütün sənaye üçün innovativ mühəndislik və rəqabətədavamlı layihə həyata keçirilməsinin yeni standartı müəyyən edilmiş olur”,- deyə BP-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond qeyd edib.

ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində formalaşan emissiyaları azaltmağa da kömək edir.

“ACE platformasının uğurla işə salınması BP, SOCAR və Azərbaycan hökuməti arasında davamlı sıx əməkdaşlığın və tərəfdaşlarımızın dəstəyinin əsl nümayişidir. Bu nailiyyətin AÇG-nin 30-cu ildönümündə əldə olunması bu dünya miqyaslı yatağın işlənməsinin növbəti mərhələsinin başlandığını bildirir. Biz artıq Xəzərdə doqquz dünya səviyyəli hasilat platforması inşa etmişik, quraşdırmışıq və təhlükəsiz şəkildə idarə edirik. Bunların arasında ACE həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və avtomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, “gələcəyin platforması” olduğuna inandığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz diqqətə çatdırıb.

ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.

AÇG layihəsində iştirak payları: BP (30,37 faiz), SOCAR (25,0 faiz), MOL (9,57 faiz), INPEX (9,31 faiz), Equinor (7,27 faiz), ExxonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), ONGCVidesh (2,31 faiz).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video