29 Noyabr 2022 02:06
322
SİYASƏT
A- A+

10 gündə 3 zəng

 

İlham Əliyevi narahat edən məqamlara Vladimir Putin aydınlıq gətirir

 

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları ilə bağlı aparılan müxtəlif formatlı müzakirələrin hər birində son vaxtlar gərginlik müşahidə olunmaqdadır. Bunun da səbəbi məğlub Ermənistanın bu istiqamətdəki "fəaliyyətidir". 
Ona görə də İlham Əliyev Ermənistanın sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edir. Çünki bu ölkə tərəfindən son günlərdə səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil edir.
Məhz buna görə də Azərbaycan Prezidenti Ermənistanın havadarlarını qərəzli bəyanatlar yaymaqda və eyni zamanda danışıqlarda vasitəçi olan dövlətləri prosesə qeyri-həssas yanaşmaqda itiham edir.  
Sülh danışıqları prosesində təkcə noyabr ayında baş verən proseslərə nəzər yetirsək, aydın şəkildə Ermənistanın yeni oyunlarına və havadarlarının prosesə necə yanaşmalarına şahidlik edərik. Sual yaranır: cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan sülh istəyirsə, nədən Qarabağ ərazisinə silah-sursat daşıyır?! 
Bu fakta noyabrın 24-də DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə "Vətən müharibəsinin təcrübələri" mövzusunda konfransda diqqət çəkib. Bildirilib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyil etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. 
Azərbaycan Müdafiə Nazirliyi də son bir həftədə 3 dəfə məlumat yayaraq bəyan edib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan işğaldan azad edilən Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır. Nazirlik bir daha bildirir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığına, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Məhz buna görə də Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını rəsmi müraciətimizdə qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırıb. 
Bütün bunlarla yanaşı, Prezident İlham Əliyev son çıxışlarında və bəyanatlarında Rusiya ilə bağlı məqamlara açıq şəkildə aydınlıq gətirir. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıran İlham Əliyev Ermənistanın "xülyasını", bu vassal ölkənin hansı niyyətdə olduğunu bir daha dünyaya bəyan etdi: "Bu kiçik, yoxsul, asılı, Rusiyadan asılı olan və ya hətta Rusiyanın qulu olan bir ölkə deyir ki, bir gün gələcək onlar Türkiyənin ərazisini işğal edəcəklər. Bu, zəhərli şüurdur. Müharibə onlar üçün bir şansdır. Bundan qurtulmaq şansıdır. Beynəlxalq ictimai rəyi manipulyasiya etməkdən qurtulmaq şansıdır, "böyük tarixi" və "böyük xalqı" haqqında uydurduğu hekayələrdən qurtulmaq şansıdır".
İlham Əliyev onları təhqir etməyə çalışmadığını, sadəcə postmüharibə dövründə hiss etdiklərini və gördüklərini söylədiyini vurğuladı. Çünki bu gün sülh haqqında, Azərbaycanla münasibətlərin normallaşması haqqında eşidilən səslər işğal vaxtında eşidilmirdi. 
Ən maraqlı məqamlardan biri isə Rusiya Prezidenti Vladimir Putinin son 10 gündə  İlham Əliyevə 3 dəfə telefon açmasıdır. Xatırladaq ki, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqların sonuncu raundu ötən ayın son günü, oktyabrın 31-də Soçidə reallaşıb. Danışıqlardan öncə İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə bir daha qətiyyətli mövqeyini nümayiş etdirərək bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Prezident bu fikirləri ilə həm Ermənistana, həm də onun havadarlarına bir daha göstərdi ki, məğlub ölkənin Azərbaycanla hesablaşmaqdan başqa çıxış yolu yoxdur. Məhz bu danışıqlardan ötən müddət ərzində, Vladimir Putin 10 gün ərzində (17 noyabr, 22 noyabr, 26 noyabr) İlham Əliyevə 3 dəfə telefonla zəng edib. Danışıqlar zamanı dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb. Sonuncu danışıqda isə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.
Göründüyü kimi, hər 3 telefon zəngi V.Putinin təşəbbüsü ilə reallaşıb. Siyasi ekspertlərin də gəldiyi qənaət budur ki, Putinin hər zəngi Azərbaycanda və onun Prezidentində narazılıq yaradan məqamlara aydınlıq gətirməklə bağlı olub. 
Bütün faktlar göstərir ki, bu prosesdə bir tərəfdə İlham Əliyevin təbirincə desək, Rusiyanın qulu olan Ermənistan varsa, qarşı tərəfdə isə tam müstəqil siyasət yürüdən, kimdənsə asılı olmayan, Cənubi Qafqazın sabahını məyyənləşdirən Azərbaycan var.  Rusiya da təbii ki, buradakı güc sahiblərini yaxşı tanıyır və onların hansı gücə sahib olduqlarını yaxşı bilir. Ona görə də Vladimir Putinin hər 3 telefon zəngi məhz Azərbaycana və onun liderinə baş verən narazılıqlara aydınlıq gətirmək xarakteri daşıdığı kimi qiymətləndirilir. Bu, Azərbaycan diplomatiyasının uğurudur və bu nailiyyətlər getdikcə daha da yüksəlir. Amma bu gün sülh prosesindən yayınan Nikol Paşinyan unutmamalıdır ki, Vətən müharibəsi zamanı yayılan "telefon diplomatiyası" - Vladimir Putinin zənginə həsrət qalma anları onu nə qədər gülünc vəziyyətə, cılız duruma salmışdı. Düzdür, bütün müqayisələr qüsurludur, amma həqiqət müqayisədə üzə çıxır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video