23 Yanvar 2015 02:01
453
CƏMİYYƏT
A- A+

20 Yanvar hadisələrinin ilk şəhidləri: Elvin və Malik qardaşları

 

Elvin və Malik qardaşlarının adına ilk dəfə 10 yaşım olanda rast gəlmişdim. 1990-cı ilin yay tətili idi. Şərur rayonunun Çomaxtur kəndində nənəmgili, dayılarımı, xalalarımı görməyə getmişdik. Qonşuluqda yaşayan, həm də qohum olan Musa babanın oğlu Əliyar dayının ekiz oğlan övladları da nənəmgildə idilər. Yenicə iməkləməyə başlayan bu balacaların birinin adı Elvin, digərinin isə Malik idi. Çox sonralar biləcəkdim ki, 1990-cı ilin qanlı yanvar hadisələrindən bir gün öncə, yanvarın 19-da səhər saatlarında mənfur qonşularımız olan ermənilər tərəfindən atılan və Sədərək kəndinə düşən top mərmisi həyətdə oynayan 6 yaşlı Elvinin və 4 yaşlı Malikin qönçə ömürlərinə son qoyacaq və onlar Azərbaycanın ilk şəhidləri olacaqlar. 

1990-cı ilin yanvar hadisələri ilə bağlı yazı hazırlayacaqdım. Bu dəfə bir ailənin timsalında həmin hadisələrin ağrı-acısını qələmə almağı nəzərdə tutmuşdum.
Rayon icra hakimiyyətində bu istəyimi deyəndən sonra Heydərabad qəsəbəsindən birbaşa Sədərək kəndinə yollandıq. Müharibə günlərinin acı mənzərəsini özündə əks etdirən Sədərək şərab zavodunun bir addımlığında olan Nəsirovların evinin önündə maşından düşəndə sözə necə başlayacağımı bilmirdim. Axı, iki körpə övladını itirən bir ailəni o günlərə qaytaracaq, qaysaq tutmuş yaralarını yenidən qoparacaqdım...
Mənimlə birlikdə gələn rayon icra hakimiyyətinin işçisi Samil Kazımov və “Oğuz yurdu” qəzetinin redaktoru, gənc şair Sərxan Yaqubla açıq mavi rəngli darvazadan həyətə keçəndə bizi şəhid qardaşların atası Hacı Tofiq kişi qarşılayır. Hal-əhval tutub, qəzetdən gəldiyimi, yazı hazırlamaq istədiyimi bildirəndə içəri dəvət etdi.
Evin yuxarı başında divardan asılmış qara çərçivədə böyüdülmüş şəkildən boylanan balaca şəhidlərin baxışlarıyla göz-gözə gəlirəm. Bir müddət susuram. Sükutu Tofiq dayı pozur:
- Oğul, çəkinmə, biz artıq bu taleylə barışmışıq və jurnalistlərin də ağrılı suallarına alışmışıq.
- Siz danışın - astaca dillənirəm,- siz danışın, o hadisələri, həmin günləri. Mənim soruşmaq istədiklərimin hamısı yadımdan çıxıb, nə soruşacağımı bilmirəm.
Bu zaman digər otaqdan Elvin və Malikin anası Səfiyyə xala qucağındakı nəvəsiylə birlikdə aynəbəndə daxil olur və salamlaşıb yanımızda əyləşir. Bu dəfə qəhər bizi boğur. Tofiq dayı sözə başlayır:
- Sovet imperiyasının azərbaycanlılara qarşı bu vəhşi planı çoxdan hazırlanmışdı. 1990-cı il yanvar ayının 15-də min nəfərə yaxın erməni silahlı dəstələri Şərur rayonunun Kərki kəndinə hücum etdilər. Evlər, həyətlər yandırıldı, əhali yurdlarından çıxarıldı. O zaman Kərkidə sadəcə könüllülər, rayon polis şöbəsinin bir neçə əməkdaşı və bir də 6 rus əsgəri qalmışdı. 3 gündən sonra isə könüllülər və polis əməkdaşları da rus hərbçiləri tərəfindən kəndi tərk etdilər. Səbəb də bu idi ki, sizin təhlükəsizliyinizə zəmanət verə bilmərik. Beləcə, Kərki sovet ordusunun köməyi ilə işğala məruz qaldı. Kərki hadisələrində, çox şükür ki, insan tələfatı olmadı. Amma Naxçıvanın hər tərəfindən könüllü dəstələr Sədərəyə axışıb gəlmişdilər. Bilirdik ki, ermənilər Sədərəyə də hücum edəcəklər. Ona görə növbə ilə postlara çıxır, ov tüfəngləri ilə keşik çəkirdik. Kərki ermənilərin əlinə keçəndən bir gün sonra, yanvarın 19-da səhər saat 8-dən başlayaraq düşmənlər toplardan, pulemyotlardan, avtomatlardan Sədərəyi aramsız atəşə tutmağa başladılar. Artıq kənddən qocaları, uşaqları, qadınları Dəhnə deyilən əraziyə kimi çıxarmağa çalışırdıq.
Mən həmin vaxt ön xəttə idim. Saat 10 olardı, hava çiskin idi. Göz-gözü görmürdü. Birdən çəni yarıb gələn iki qaraltı bizə tərəf yaxınlaşdı. Bunlar bir gün əvvəldən bir az irəlidəki postda dayanan Sədərəyə köməyə gəlmiş tələbə gənclər idi. Onlar təşviş içində səngərlərinin atəşə tutulduğunu, bir nəfərin şəhid olduğunu dedilər. Onları sakitləşdirməyə çalışırdıq, halbuki həmin günlərdə hamımızın ürək-dirəyə ehtiyacı var idi. Hava çiskin olduğundan və Sədərəyin hər qarışını əlimin içi kimi tanıdığımdan meyiti gətirmək üçün yoldaşlarımdan ayrıldım və onlara məni qorumalarını tapşırdım. Həmin uşaqlardan biri ilə atəş səslərinə baxmayaraq ön xətdə Koroğlu bulağının yanındakı Qaraburuna doğru sürünməyə başladıq. Meyitin yanına çatanda həmin gəncə meyiti çiynimə qaldırmasını tapşırdım. Və beləliklə, çiskin çəkilənə yaxın meyiti oradan çıxardıq. Sonralar bildim ki, bu, Naxçıvan şəhərində adına küçə verilən, büstü ucaldılan İdris Məmmədov imiş.
Çən çəkildiyi üçün bizi görən düşmən atəş açmağa başladı. Atəş gücləndiyindən kənddən gələn “Kamaz” markalı maşın kuzovunu qaldıraraq arxaya doğru gəlib bizi qorumağa başlamışdı. Çiynimdə qanın istiliyini hiss edirdim. Kənddən gələn onlarla adam mənə çox qəribə baxırdılar. Bu baxışlardan bir şey anlamırdım. Bu zaman qohumlarımdan biri qoluma girdi: - Gedək evə, çox həyəcanlanmısan, üst-başını dəyiş, özünə gəl - dedi. Maşına oturub evə gəldik. Evdə heç kim yox idi. Qonşular ailəmin digər kənddəki qohumlarımgilə getdiyini desələr də, həyətdəki qan izlərindən içimə ağırlıq çökdü. Halımın pisləşdiyini görənlərdən biri səhər 8 radələrində həyətə top mərmisi düşdüyünü, uşaqların yaralandığını və xəstəxanaya aparıldığını dedilər. Dünya başıma fırlandı.
Bundan sonra Tofiq dayının danışdıqları mənə qorxulu bir filmin dəhşətli anları kimi gəldi. O danışır, mən və otaqdakı digər şəxslər bir-birimizdən gözlərimizi gizlətməyə çalışırdıq.
...Bilgisayarın arxasında oturub qeydlərimi gözdən keçirirəm. Qulaqlarımda bu adamın səsi əks-səda verir:
- Həyətdən birbaşa Sədərək xəstəxanasına, oradan da Şərur rayon xəstəxanasına aparıblar övladlarımı, 6 yaşlı Elvin yoldaca keçinib, Malik isə Şərur xəstəxanasında palataya daxil olanda sözalmış gözləriylə məni axtarırdı. Onun son nəfəsini gördüm, mənə baxdı və gözlərini yumdu. Sanki məni gözləyirmiş.
Sədərəkdə atışma davam etdiyindən kənddən aralıdakı Dəhnə deyilən yerdə şlaqbaum qoyublarmış və könüllü döyüşçülərdən başqa heç kimi buraxmırmışlar. Tofiq dayıya övladlarını Şərur rayonundakı qəbiristanlıqda torpağa tapşırılması deyilsə də, o buna razı olmur və Sədərək kəndindəki qəbiristanlıqda basdırmaq istəyir. Şlaqbaumdan içəri buraxılmasa da, gecə qaranlıq düşəndə maşının işıqları söndürülür və bir neçə adamın köməyi ilə qardaşlar torpağa tapşırılır. Tofiq dayının dediklərindən:
- Camaat elə bilirdi ki, artıq Sədərəyi itirəcəyik. Ona görə də övladlarımı Şərur qəbiristanlığında torpağa tapşırmaq istəyirdilər, amma mən bilirdim ki, biz silahsız olsaq da, qeyrətimizlə, inancımızla Sədərəyin bir qarışını da ermənilərə verməyəcəyik. Elə dəfn bitəndən sonra üzümü oradakılara tutub dedim ki, artıq gedək, yas sərhəddəki postlarda davam edəcək. 10 gün sonra ailəmin Şərur rayonunun Çomaxtur kəndindəki qohumumuz Hüseyn kişinin evində olduğunu öyrəndim. Və onları gətirməyə getdim.
Onu da qeyd edim ki, 1990-cı ilin 19 yanvarında Sədərəyin müdafiəsi zamanı 8 naxçıvanlı şəhid oldu. Elvin və Malik Nəsirzadələr, Milli Qəhrəman Məhərrəm Seyidov, İdris Məmmədov, Mirhəşim Seyidov, Etibar Əhmədov, Məmməd Məmmədov və Abbasəli Nəzərəliyev.
Ümumiyyətlə isə məlum hadisələr zamanı erməni daşnakları Sədərəyə 14 dəfə genişmiqyaslı hücumlar ediblər. Kənd camaatı bir neçə dəfə Dəhnəyə kimi çıxarılsa da, yenə öz evlərinə dönüblər.
Sədərək döyüşləri zamanı 100-dən artıq naxçıvanlı şəhid olmuş, 500-ə yaxın adam isə yaralanmışdır. Əgər 1990-cı ilin iyununda ulu öndər Heydər Əliyev Naxçıvana gəlməsəydi, Sədərək də işğal oluna bilərdi. Ümummilli liderin özünün dəfələrlə Sədərəyə gəldiyini, səngərdəki əsgərlərlə, kənd camaatı ilə görüşdüyünü, söhbətlər apardığını deyən Tofiq dayı sözünə belə davam etdi:
-1992-ci ilin 20 yanvarı idi. Qaranlıq düşmüşdü. Qapıda bir maşın dayandı və ulu öndər Heydər Əliyev, xalq şairi Xəlil Rza, o vaxt ümummilli liderin köməkçisi işləyən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və sürücü bizə gəldilər. Ailəmizə başsağlığı verən ulu öndər xalqın firavan sabahına inandığını, Azərbaycanı daha işıqlı bir gələcək gözlədiyini bildirdi. Həm də sədərəklilərin, naxçıvanlıların qəhrəmanlığından söz açan Heydər Əliyev bu gün hər bir birimizin qürurla ifadə etdiyi “Sədərək Naxçıvanın qeyrət qalasıdır” sözlərini də məhz bu aynabəddə, o yuxarı başda əyləşib ailəmizlə söhbətində demişdi. Mən döyüşçü olmuşam, əynimdən əsgər geyimimi atəşkəs bağlanandan sonra çıxarmışam.
O gündən etibarən daim dövlətin diqqət və qayğısıyla əhatə olunduqlarını söyləyən Tofiq dayı bir məqamı da xüsusi vurğuladı:
-1998-ci ildə Məkkəyə ilk həcc ziyarəti təşkil olunanda Ali Məclisin Sədri Vasif Talıbov məni də ziyarətə göndərdi. Dövlətin şəhid ailələrinə göstərdiyi hər cür qayğıyla əhatə olunmuşuq. Düzdü, mənim dövlətdən hansısa tələbim yoxdur, müharibənin öz qanunları var və övladlarım şəhid olub. Fəxr edirəm ki, cənnətlik iki övladın atasıyam.
Söhbətin bu yerində handan-hana özümə gəlib Tofiq dayının ailəsi, uşaqları, nəvələriylə bağlı danışırıq. Deyir ki, Elvin və Malikin böyük qardaşları Hüseyn də həmin gün onlarla birlikdə həyətdə oynayırmış. Mərminin qəlpələri onun da çiynini yaralayıb. 10 yaşlı Hüseyn həmin vaxt güclü stress keçirib. Hamının başı məlum hadisələrə qarışıq olduğu üçün Hüseyn yalnız 10 gündən sonra sıyrılmış çiynini nənəsinə göstərib.
İndi Tofiq dayının Hüseyn adlı bir oğlu, Zəhra, Ülkər, Ülviyyə, Yeganə və Fidan adlı 5 qızı, həmçinin 10 nəvəsi var. Hüseynin balaca oğluna da Elvin adını qoyublar. Ümumiyyətlə, qardaşların adını Naxçıvanın bir çox kəndlərində dünyaya gələn körpələrə qoyurlar. Bu gün Sədərək rayonunda bir küçəyə, Şərur rayonunda uşaq bağçasına Elvin-Malik adı verilib.
Söhbətimiz zamanı gah mənə, gah babasına, gah da nənəsinin üzünə diqqətlə baxan balaca Elvin bütün bunlardan xəbərsiz olsa da, bir gün öz əmisinin adını daşıdığından qürur duyacaq.
Çətin də olsa, Tofiq dayıya, Səfiyyə anaya, Hüseynə və bacılara bir daha təsəlli verib həmin evdən ayrılırıq. Qapıdan çıxanda gözlərim önündə həyətdə oynayan qardaşların şən və qayğısız baxışları canlanır....
Mənimlə gələnlərdən məzarlarını ziyarət etmək istədiyimi bildirirəm və qəbiristanlığa yollanırıq. İndi Elvin və Malik qardaşları Sədərək qəbiristanlığındakı məzarlarında yan-yana uyuyurlar. Bu günahsız körpələrin ruhuna dualar edib Sədərək döyüşlərinin canlı şahidi, şair Vaqif Məmmədovun şeirinin bir neçə bəndini pıçıldayıram öz-özümə:

Budaqda cüt nar kimiydi,
Təzə yağan qar kimiydi.
Puçurlanan bar kimiydi,
Açılmamış soldu onlar.

Baxt gülmədi üzlərinə,
Doymadılar sözlərinə,
Bir ananın gözlərinə,
Göz yaşı tək doldu onlar.

Yasəməndir saçaqlayan,
Çox sirləri açıqlayan.
Bu torpağı qucaqlayan,
Bir cüt körpə oldu onlar.

Elxan MƏMMƏDOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video