06 Dekabr 2020 01:00
1383
SİYASƏT
A- A+

Ermənilərin Qarabağda demoqrafik saxtakarlığı


Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağın azadlığı uğrunda müharibədə tarixi qələbə qazandı. Qondarma (artıq mövcud olmayan) rejimi heç bir ölkə tanımadı və uğursuz "ekzistensial təhdid” mifi darmadağın oldu.

Paşinyanın xarici mediaya müsahibələrində ortaya qoyduğu yalanlardan biri də Qarabağın erməni əhalisinin "ekzistensial təhdid” mifidi. Ermənilərin demoqrafik tənəzzülünü ört-basdır etməyə hesablanan bu mifə görə Azərbaycanın "işğalçılardan azad Qarabağ” ifadəsi, "ermənilərsiz Qarabağ” anlamına gəlir. Artıq bu yalan da tarixə qovuşduğuna görə ermənilər yenisini icad etməyə məhkumdurlar.


Növbəti uydurma: saxta "erməni qaçqın” sayı


Ermənistan prezidenti Aram Sarkisyan qeyd edir ki: "Biz nəinki bu müharibədə, demoqrafik müharibədə də məğlub olmuşuq. 90-cı illərdə əhalinin sayı necə 100 min nəfər idisə, 30 ildə elə də qaldı. Halbuki bu rəqəmi müxtəlif yollarla ən azı 500 minə çatdırmaq bizim borcumuz idi”.

Beləliklə, son otuz ildə bölgədə azalaraq iflas həddinə çatan erməni əhalinin məhv olacağı ilə bağlı saxta hay-küyün yerinə yenisi ortaya atıldı. Guya bölgədən 90 min erməni qaçqın düşməsi ilə bağlı yeni erməni yalanı gündəmə gətirilib.

İşğalın davam etdiyi son 3 onillikdə Ermənistanda və Dağlıq Qarabağda baş verən demoqrafik kollaps və iflas proseslərinin sübuta ehtiyacı yoxdur. Baxmayaraq ki, qondarma rejimdə obyektiv demoqrafik tədqiqatların aparılması imkanı olmayıb, proseslərlə bağlı BMT-nin, erməni rəsmilərinin, alimlərinin və xarici ekspertlərin təhlillərinə nəzər salmaq kifayətdir. Buradan Dağlıq Qarabağın iflasa uğramış demoqrafik mənzərəsi tam aydınlığı ilə görünür.

Qarabağdan gedən ermənilərin sayının saxtalaşdırılması cəhdlərini, ilk növbədə, erməni rəsmilərinin açıqladığı bir-birinə zidd rəqəmlər ifşa etdi. XİN-in keçmiş rəhbəri Z.Mnasakanyan oktyabr ayının 24-də 90 min qaçqın olduğunu dediyi halda, bilavasitə aidiyyətli qurum - Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Tatevik Stepanyan noyabrın 5-də, döyüşlərin bitməsi ərəfəsində xarici mediaya bildirib ki, Qarabağdan Ermənistana təxminən 40 min adam gəlib. Yəni 50 min qaçqın sayının XİN tərəfdən aşkar şişirdilməsi kimi saxtakarlıq rüsvayçı şəkildə göz önündədir.

Atəşkəs razılaşması nəticəsində sülhməramlıların bölgəyə qaytardığı qaçqınların sayı ilə bağlı yeni saxtakarlıq çapalarına başlanıb. Bu dəfə qayıdan ermənilərin sayı ilə bağlı fərqli məlumatlar, rəsmilərin açıqlamaları o dərəcədə ziddiyyətlidir ki, ermənilər özləri də bunun fərqindədir.

Rusiya Müdafiə Nazirliyinin "Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingenti”nin rəsmi internet saytında 23 noyabr tarixinə qayıdanlar haqda məlumat: Laçın dəhlizindən 14 noyabr 2020-ci il tarixdə 250 nəfər, 15 noyabrda 475 nəfər, 16 noyabrda 482 nəfər, 17 noyabrda 502 nəfər, 18 noyabrda 936 nəfər. 19 noyabrda 1235 nəfər, 20 noyabrda 1900 nəfər, 22 noyabrda 1400 nəfər, 23 noyabrda 1300 nəfər. Beləliklə, 14-24 noyabr tarixlərində, son 10 gündə cəmi 8480 nəfər qaçqın qayıdıb.

Bu rəqəmlərdən bixəbər olan, mövcud olmayan rejimin "rəhbəri” Araik Arutyunyan noyabrın 22-də Paşinyanla görüşündə nə desə yaxşıdır: "Son 5 gündə 25.000 qaçqın qayıdıb!?” Yəni Rusiya sülhməramlı kontingenti 10 günə - 8000, A.Arutyunyan isə 5 günə 25.000 deyir!

Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində erməni qaçqınlarla bağlı dediyi, "yeni erməni saxtakarlığı və uydurmasının” bariz nümunəsi budur! Acınacaqlı olan həm də Arutyunyanın bu məlumatının dünya mətbuatında məqsədyönlü tirajlanmasıdır.

Beləliklə, gedən və qayıdan erməni qaçqın sayı ilə bağlı yalanlar Ermənistan rəhbərliyini çox pis vəziyyətdə qoyub. Gedənlərlə bağlı rəqəmləri qayıdanlarla bağlı rəqəmlər, bir rəsminin dediyini digəri ifşa edir. Bunların da hamısını müharibə gedişində xarici mediada gedən süjet və xəbərlər ifşa edir.

Xankəndi merinin sabiq müavini "müharibədən əvvəl burada yaşayan 50 min əhalinin 50 %-i hələ şəhərdə qalıb” deməklə saxtakarlığı ört-basdır etməyə çalışır. Lakin müharibənin son günlərində şəhərdən yayımlanan reportajların hamısında "şəhərdə kimsənin qalmadığı” ilə bağlı kadrlar yer alıb.

Vəziyyət o qədər tragikomikdir ki, ermənilərin Qarabağa 150 min nəfər bir tərəfə qalsın, 90 min nəfəri haradan və necə tapıb gətirəcəkləri üzərindən hələ hansı yalanları uyğuracağını təxmin etmək olar.


Son 30 ildə separatçı rejimdə yaşanan demoqrafik kollapsın dinamikası


Son 30 ildə Ermənistanın işğalçılıq siyasəti - Qarabağın erməni əhalisinə qarşı "demoqrafik soyqırımı” siyasətinə necə çevrilməsini faktlar və rəqəmlərdə aydın görmək olar.

30 il əvvəl Qarabağda azərbaycanlıları etnik təmizləməyə məruz qoyan təcavüzkar Ermənistanın işğalçılıq siyasəti, bölgənin erməni əhalisinə qarşı da demoqrafik soyqırımla nəticələnib. Ermənistanda demoqrafik kollapsın yaşanması BMT səviyyəsində bəyan edilib. Bundan fərqli olaraq, Qarabağın işğalından sonrakı üç onillik müddətində burada demoqrafik vəziyyətlə bağlı tədqiqatlar demək olar ki, aparılmayıb. Səbəb odur ki, Ermənistan qondarma qurumda məhz özünün işğalçılıq siyasətinin səbəb olduğu demoqrafik proseslərin faciəli durumu ilə bağlı acınacaqlı reallığın açıqlanmasını istəməyib. Əksinə, hər vəchlə saxta statistika formalaşdırıb.

Ermənistanın demoqrafik çöküşü Qarabağda ikiqat əks-səda verib. Ermənistanda BMT-nin təsdiqlədiyi dərin demoqrafik böhranın olmasını nəzərə alsaq, qondarma rejimdə onun 5-10 qatının yaşanmasını əminliklə demək olar. Rəsmi olaraq Ermənistanda depopulyasiya proseslərinin intensivləşməsi elmi təsdiqini tapıb. Depopulyasiya - müharibə, xəstəlik, zorla köçürülmə, yaxud yanlış sosial siyasət nəticəsində əhali sayının kəskin şəkildə azalmasını əks etdirir. "Depopulyasiya” anlayış olaraq, bir ölkədə əhali sayının mövcud iqtisadi sistemin varlığını təmin etmək iqtidarında olmayacaq dərəcədə azalmasını ifadə edir.

BMT-nin hesablamalarına görə, Ermənistan əhalisi hər il 8 min nəfər azalma tendensiyasına malikdir. Bu cür davam edərsə, Ermənistan əhalisi 2030-cu ildə 3 milyona, 2100-cü ildə isə 1 milyona düşəcək.

Demoqrafik problemlərlə bağlı müzakirələrdə bəzi tədqiqatçılar erməni əhalinin sayının davamlı azalmasının başlıca səbəbinin - Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, ermənilərin xaricə miqrasiyasının əsas səbəbinin gec-tez hərbi əməliyyatların baş verəcəyindən qorxması kimi izah edib.

Erməni əhalinin sayı ilə bağlı mifi işğalaqədərki "demoqrafik dinamika” ifşa edir. Qısa deyilsə, Qarabağın erməni əhalisi Azərbaycan tərkibində olanda davamlı artım, ilbəil müsbət dinamika nümayiş etdirdiyi halda işğalçı Ermənistanın qurduğu qondarma rejimdə əhalinin kütləvi şəkildə azalması, yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması ilə yanaşı, on illər boyu demoqrafik iflası - depopulyasiyası baş verib.


Dağlıq Qarabağın işğalına qədər bölgədə erməni əhalinin demoqrafik dinamikası


Bölgədə 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə əhalinin siyahıyaalınması aparılıb. Sovet siyahıyaalınmasında Qarabağ bölgəsi üçün ən son rəsmi demoqrafik məlumatlar 1979-cu ildə açıqlanıb: ümumi əhalisi 162,200 nəfər olub. Ermənistan əhalisinin 1993-1995-ci illərdən başlayaraq sayı hər il 3% azalan dinamika üzrə gedib, demoqrafik disbalans artıb. Demoqrafiyanın qanunları işə düşüb, "demoqrafik kaskad” fenomeni reallaşıb. Məlum olduğu kimi, demoqrafiya elmində ağır tənəzzül mərhələlər, obyektiv-tarixi, dövri-tsiklik olaraq baş verən "demoqrafik kaskad reaksiyaları”nın ortaya çıxmasına səbəb olur.

Belə ki, əgər doğum sayı kəskin azalarsa, təxminən 20 il sonra faciəvi nəticələr ortaya çıxır. Məsələn, 20 ildən sonra 20 yaşlıların sayı ən kəskin həddə azalır. Müvafiq olaraq, sonrakı illərdə gənclərin sayı ən aşağı həddə düşür və 2-ci kaskad baş verir. Növbəti 3-cü kaskad baş verərsə, hər hansı ölkə, dövlət geosiyasi olaraq subyekt rolunu itirir. Belə ki, cüzi əhali ilə mövcud ərazini idarə etmək qeyri-mümkün olur. "Demoqrafik kaskad” qanunauyğunluqları təbii avtomatik sosial texnologiya kimi işə düşür və qisası çox ağır olur. Deyilənlər tətbiq edilərsə, Dağlıq Qarabağda artıq 2-ci kaskad mərhələsi başlanğıcını götürüb. Ermənilər orduya göndərməyə əsgər tapmayaraq, terrorçu və könüllülərdən istifadə etməsi, Suriya və İraqdan ermənilərin gəlməsini stimullaşdırması və onları işğal edilən ərazilərdə yerləşdirməsi buna dəlalət edib.

Qarabağda erməni əhalinin demoqrafik kollapsının baş verməsini seçici siyahıları da göstərə bilər. Baxmayaraq ki, bu siyahılar saxta və uydurma rəqəmlərlə olduqca şişirdilib, yenə də erməni əhalinin məhvini - demoqrafik soyqırımı mənzərəsini gizlətmək mümkün deyil.

1991-ci ildə qondarma "müstəqillik” səsverməsində 108.615 nəfər seçici səs verib. 2017-ci ildə seçici sayı 103.818 nəfər olub. 2020-ci il qondarma prezident seçici siyahısında 76 728 nəfərin adı olub. Beləliklə, diqqət etsək, 1991-ci ildən bəri səsvermə hüququ olanların sayı nəinki artıb, əksinə azalıb.

"Qondarma” siyahıyaalmalara, uydurma statistik məlumatlara nəzər saldıqda 2015-ci ilin sonuncu saxtakar separatçı statistikanın nəticələrinə görə, daimi əhali 145 053 nəfər (ölkədə müvəqqəti olmayanlar da daxil olmaqla) təşkil edib.

İşğalçı Ermənistanın bölgədə demoqrafik kollaps vəziyyətini yaratması onun çoxsaylı beynəlxalq cinayətləri sırasına daha birini əlavə edib. Torpaqlarımızda İraq, Suriya ermənilərinin yerləşdirilməsinə 1 milyon dollara yaxın vəsait ayrılmasına baxmayaraq, öz doğma torpaqlarından qovulan soydaşlarımızın nə fəaliyyətini kompensasiya etmək, nə də erməni icmasının "nəslinin tədrici yoxa çıxmasının” qarşısını almaq mümkün olmayıb.

Rusiyalı müəllifin yazdığına görə: "Bölgə və Ermənistan rəhbərliyi Qarabağ əhalisinin 50 min nəfərdən çox azalmasının qarşısını ala bilməyib. Bu dəhşətli rəqəm sayılmalıdır və Qarabağın Azərbaycan daxilində Böyük Vətən müharibəsi illərində cəbhədə verdiyi böyük itkilərlə müqayisə edilə bilər”. Rusiyalı müəllif davam edərək yazır ki, 2005-ci ildə aparılmış siyahıyaalma bölgədəki erməni əhalisinin tam monoetnik tərkibini göstərir. Əhalinin sayı onillərlə nəinki artıb, əksinə, 145 mindən 137 min nəfərə düşüb. Nəinki Azərbaycan əhalisi tamamilə qovulub, əlavə olaraq, rus əhalinin sayında da kəskin azalma qeydə alınıb. Qarabağda yaşayan 2 min rus əhalidən cəmi 171 nəfər qalıb.


"Demoqrafik kaskad” - işğalçı siyasətin qisası kimi


Qarabağdan 1 milyona yaxın soydaşımızın etnik təmizlənməyə məruz qalması və torpaqların işğalı ilə Ermənistanın işğalçı rəhbərliyi bu ərazidə erməni əhalinin

1-ci demoqrafik kaskadının əsasını qoyub. Sonrakı 20 il müddətində hazırkı faciəli vəziyyət - 2-ci demoqrafik kaskad baş verib və demoqrafik iflas vəziyyəti yaranıb. Qarabağda 30 illik işğalın demoqrafik nəticəsi Ermənistanın işğalçılıq siyasətində daha bir cinayətin - demoqrafik cinayətin tam sübutuna çevrilib. Bölgədə etnik müxtəlifliyin məhv edilməsi, əhali artımının dayanması, münaqişənin həllində maraqlı olmaması ilə Ermənistanın işğalçı rəhbərliyi Qarabağda erməni xalqını "demoqrafik soyqırımı”na uğradıb.

Saxta qaçqın sayı ilə bağlı rəqəmlərin, işğal nəticəsində Qarabağın erməni əhalisinin Ermənistan tərəfindən demoqrafik "soyqırımın”a məruz qalması elmi təhlilini gözləyən məsələlərdəndir. Bu separatçıların işğaldan əvvəl malik olduğu sosial-iqtisadi şəraitlə müqayisədə erməni rəhbərliyinin öz xalqına qarşı qəddar siyasətinin dərin məqamlarını aşkara çıxarmağa imkan vermir.

Qarabağdan gedən qaçqın əhalinin qaytarılması prosesində saxtakar rəqəmlər getdikcə hələ çox ifşa olunacaq. Erməni əhalinin vur-tut 25-30 min nəfər həddində olmasını tam əsasla söyləmək olar.

Son 30 ildə Ermənistan rəhbərliyinin etnik, dini, mədəni müxtəlifliyə dözümsüzlüyü, nəinki azərbaycanlıların, həmçinin bölgədəki 2 min nəfər rus xristian əhalidən kimsənin qalmamasının əsl günahkarının - işğalçılıq siyasətinin olması sübut olunur.

Beləliklə, müharibədən əvvəlki dövrdə Dağlıq Qarabağda pozitiv demoqrafik dinamika mövcud olduğu halda işğal siyasətinin demoqrafik əks-sədası, son 30 ildə erməni əhalinin demoqrafik artım proseslərinə çöküş - kollapsla cavab verməsi olub.

Bundan fərqli olaraq, Azərbaycanda etnik təmizləməyə məruz qalan 1 milyon qaçqın və köçkün əhalinin sayında davamlı artım, müsbət demoqrafik proseslər baş vermişdir.

Tahirə ALLAHYAROVA,
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video