03 Dekabr 2020 00:37
1469
SİYASƏT
A- A+

O gün gəldi


İkiəsrlik məşəqqətin qisası


Elə anlar var ki, yalnız onları yaşayanda həmin anlara nə qədər dərin, böyük bir ehtiyac duyduğunu hiss edirsən. Uzun illər ərzində məhz həmin anları həsrətlə, iztirabla gözlədiyinin fərqində olursan.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ağlı, zəkası, cəsarəti sayəsində rəşadətli ordumuzun qazandığı şanlı Qələbə bizi nəhayət ki, 30 ilədək intizarını çəkdiyimiz, ürəyimizin başında qanı kəsilməyən yaraya çevrilmiş o əfsanəvi anlara qovuşdurdu.

Tarixi reallıqlar cənab Prezidentimiz İlham Əliyevin zəmanəsinin parlaq milli liderlərindən və qeyri-adi qüdrətli sərkərdələrindən biri olduğunu isbat etdi. Ali Baş Komandanın qətiyyətli siyasəti və ordumuzun gücü ilə Vətən müharibəsi zəfərlə başa çatdı. Tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə, - işğal edilmiş torpaqların yenidən hərb yolu ilə geri qaytarılması dünyada misli-bərabəri olmayan bir hadisədir. Azərbaycanın son bir neçə əsrdəki tarixi nailiyyətlərinin zirvəsində hər zaman iftixar, qürur rəmzinə çevriləcək bu şərəfli qələbə heç zaman unudulmayacaq.


Qələbə ruhu


Bu zəfəri bayram edən, bir-birinə gözaydınlığı verən, küçələrini, evlərini, iş yerlərini, avtomobillərini üçrəngli bayraqlarımızla bəzəyən insanların sevinci, qüruru, - bütün ölkədəki bayram ovqatı mühüm bir tarixi hadisənin canlı şahidləri olduğumuz bu günlər möhtəşəm tarixi dövr olduğu üçün bizi xoşbəxt edir.

Bu, taleyin bizə ən gözəl lütfüdür.

Hərdən adama elə gəlir ki, aradan keçən bu 28 illik acıları, həsrəti sanki biz heç yaşamamışıq. Sanki bu gün düşməndən təmizlənən doğma yurdlarımızdan heç ayrı düşməmişikmiş. Elə bil, o nisgil, qubar heç bizimki deyilmiş. Bütün bu baş verənlər 28 ilədək sürən qorxulu bir röya imiş.

Qələbə ruhu da elə budur, əslində.

O ruh nisgilləri ovudur, yaralara məlhəm qoyur, keçmişin dərslərindən nəticə çıxararaq gələcəyə ümidlə yönəlməyə, qələbəni qoruyaraq tərəqqi arzuları ilə onu həqiqətə çevirməyə, möhkəmləndirməyə, Qələbədən yeni başlanğıclara doğru mətin addımlar atmağa sövq edir, ilham verir.

Əslində, bu gün azadlığa çıxan torpaqlarımızdan guya heç zaman ayrı düşməməyimizlə bağlı təəssüratlarımızda müəyyən həqiqət payı da var. Biz doğma yurdlardan didərgin düşəndə o torpaqları da beynimizdə, qəlbimizdə, xatirələrimizdə özümüzlə götürüb gəlmişik. Onlar hər birimiz üçün doğma ocaqlarda, hər anımızda, hər günümüzdə yaşayıblar. Bizimlə birgə olublar. Unutmamışıq və unudulmağa qoymamışıq. Ona görə bu gün o torpaqlara qayıdışımız həm möcüzə kimi görünür, həm də inanılmaz həqiqət kimi! Çünki hətta ən ümidsiz vaxtlarımızda belə, bir gün bunun həqiqətə çevriləcəyinə hər birimiz bütün varlığımızla inanırmışıq.

Və o gün gəldi...

Əvvəlcə bir sıra cəbhə ətrafı kəndlərimiz, ardınca o müqəddəs Suqovuşan, sonra Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın müzəffər Ordumuzun qüdrəti ilə işğaldan azad edildi. Dövlətçilik tariximizin Dövlət Bayrağı Günü, Milli Dirçəliş Günü kimi şərəf salnamələrinə bələdçilik edən noyabr ayı yeni qələbələrlə həyatımıza yeni əlamətdar tarixi günlər gətirdi. Noyabrın 8-də Azərbaycanın dillərdə dastan olmuş tarixi keçmişinin canlı şahidi, Ağa Məhəmməd Şah Qacarları məğlub edən, xalqımızın unikal mədəniyyətinin ülviyyət məbədi, milli musiqisinin beşiyi, gülüstanlar diyarı əfsanəvi xarıbülbülün doğma vətəni Şuşa 28 illik işğaldan sonra igidlərimizin sücaəti sayəsində azadlığa çıxdı.

Azərbaycan övladları müqəddəs şəhərimiz olan Şuşanı orta əsrlərimizin cəngavərləri kimi, demək olar ki, qol gücünə, ağır silahlardan istifadənin mümkün olmadığı sıldırım qayalıqlar şəraitində, əsl alpinistlər kimi qayalara dırmanaraq, düşmənlə əlbəyaxa mübarizədə azad etdilər.

Bu, dünyanın hərb tarixində əbəqi qalacaq və igidlik, qorxmazlıq, Vətənə sevgi nümunəsi kimi daim xatırlanacaq bir qələbədir. Dünya mediası Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıqlarından böyük heyrətlə söz açır. Əsrlərlə milli ruhumuzu böyütmüş, ucalarda saxlamış Babək, Cavanşir, Koroğlu artıq bizim üçün uzaq bir tarix, əfsanə deyil. Onların nəsillərinin davamçıları olan Azərbaycan igidləri bu qəhrəmanlıqları XXI əsrdə bir daha bütün dünyaya bəyan etdilər.


Ermənistan kapitulyasiyaya məcbur edildi


Şuşanın fəthindən sonra artıq yolun sonuna gəldiyini, ağır məğlubiyyətdən qaçmağın mümkünsüzlüyünü görən Ermənistan noyabrın 10-da faktiki kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Beləliklə, Azərbaycan 44 günlük Vətən müharibəsində ordumuzun qələbəsini rəsmiləşdirmiş oldu.

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqinə çevrildi. Azərbaycan düşmənin burnunu elə ovdu, ona elə bir tarixi qınaq və utanc yaşatdı ki, (əgər bu hisslər onda varsa...) işğalçı Ermənistanın rəhbərliyi sənədi göz qarşısında, kameralar önündə imzalamağa özündə təpər tapa bilmədi. Düşmənin üzə çıxası halı qalmamışdı.

Bu bəyanatla Azərbaycan Ermənistanı ölkəmizin ərazi bütövlüyü ilə razılaşmağa faktiki məcbur etdi. Bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ağdam şəhərinin mərkəzində Dövlət bayrağımız ucaldı. Dövlət himnimiz səsləndi. Bunun ardınca düşmən əsgərləri 25 noyabrda Kəlbəcərdən, 1 dekabrda isə Laçından çıxarıldı. Azərbaycan bayrağı bu qədim yaşayış məskənlərində də dalğalandı. Beləliklə, 27 illik işğaldan sonra Ağdam, Kəlbəcər, Laçın öz azadlığına, öz doğmalarına qovuşdu. Azərbaycan dövləti bir güllə belə atmadan, bir şəhid vermədən, bir əsgərimizin sağlamlığına xələl gəlmədən Ağdam, Kəlbəcər, Laçın kimi strateji ərazilər düşməndən təmizlədi. Ermənistanın kapitulyasiyası düşmən üzərindəki şanlı hərbi qələbəmizin nəticəsidir. Azərbaycan dövlətinin döyüş meydanındakı bu qələbəsi həm də siyasi qələbəmizin rəhnidir.


Bir Qələbənin üç müəllifi


Həmişə dünyanı sərgərdan dolaşan, özgələrinin torpaqlarına əxz edilməli obyekt kimi baxıb özününküləşdirməyə çalışan, tarixboyu öz torpaqları, öz yurdları, öz ocaqları olmadığından yurd düşüncəsindən də məhrum olan ermənilər Azərbaycan insanının doğma yurda nə qədər qırılmaz tellərlə bağlılığını unutdular. O torpaqların Azərbaycan xalqının ürəyində əbədi yaşadığını duya bilmədilər, anlamadılar. Fərqində olmadılar ki, bizim bütün məcburi köçkünlərimiz bu illər ərzində yalnız bir ülvi arzu ilə yaşayıblar: öz doğma torpaqlarına qayıtmaq, illərlə arzusunda olduqları həyata qovuşmaq.

Azərbaycan Prezidenti uzaqgörən siyasəti, Ordumuzun gücü ilə bu intizara son qoydu.

Vətən savaşında qazandığımız Qələbənin üç müəllifi var: Azərbaycan dövlətinin bu illər ərzində formalaşdırdığı güclü ordu, bu orduda döyüşən igidlərimizi yetişdirmiş və milli həmrəyliyi ilə onlara mənəvi ruh vermiş xalqımız və yenilməz Ordumuzun yenilməz sərkərdəsi, xalqımızın comərd oğlu milli Lideri, bu qüdrətli birliyi bir araya gətirərək Azərbaycanın tarixi qələbəsinə imza atan Silahlı Qüvvələrimizin yenilməz sərkərdəsi, Ali Baş Komandanı cənab İlham Əliyev.


Qurtuluşdan başlanan zəfər


Bu Qələbə ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanın böyük inkişaf yolu keçdiyini göstərdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməsinin dövlətimizə böyük tarixi şans qazandırdığını bir daha isbat etdi. Tutduğumuz yolun düzgünlüyünü, Ulu Öndərin gələcəyə müdrik baxışlarını, ölkənin taleyini cənab İlham Əliyevin şəxsində nə qədər güvənli əllərə əmanət etməsini sübuta yetirdi. Xalqın seçiminin bir daha doğruluğunu təsdiq etdi.

Müstəqilliyimizin ilk illərində Ermənistanın öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanın yaşadığı siyasi-iqtisadi böhranın, hakimiyyət uğrunda mübarizənin, ölkə rəhbərliyinin siyasətdə təsadüfi, naşı insanların əlinə düşməsinin nəticəsi idi.

Azərbaycan övladları o zaman da indiki kimi qəhrəmanlıqla vuruşurdular, fədakarlıq göstərirdilər. Birinci Qarabağ müharibəsində şəhid olmuş ərənlərimizin məzarları, o döyüşlərdə böyük rəşadət göstərmiş igidlərimizin qəhrəmanlıq hekayələri bunun sübutudur. Amma əsas fakt budur ki, onda indiki güclü, dönməz vahid rəhbərlik yox idi. Nizami ordu qurulmamışdı. Ayrı-ayrı siyasi qruplar cəbhə bölgəsində düşmənlə çarpışan, canını Azərbaycan yolunda fəda edən vətənpərvər gənclərimizin taleyi ilə oynayırdılar. Rayonlarımız, şəhərlərimiz xəyanətlə düşmənə təslim edilirdi. Hakimiyyət uğrunda bir-biri ilə didişən, ölkəni vətəndaş müharibəsi həddinə çatdıran siyasi qrupların bədnam əməlləri cəmiyyətdə gələcəyə böyük inamsızlıq yaratmışdı. Qonşularla pozulan münasibətlər, nəticəsi düşünülməmiş, düzgün proqnozlaşdırılmamış addımlar, ağılsız bəyanatlar, böyük güclərin mənafelərinə zidd davranışlar Azərbaycanı xarici qüvvələrin təxribat meydanına çevirmişdi. Ölkə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə çıxılmaz anda xalq Ulu Öndər Heydər Əliyevi hakimiyyət rəhbərliyinə dəvət etdi, onun ətrafında sıx birləşərək öz taleyinə sahib çıxdı. Azərbaycanı bugünkü möhtəşəm qələbəsinə gətirən yol da əslində Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdış günündən başladı.

1994-cü ildə cəbhə bölgəsində atəşkəsin əldə olunmasının və Azərbaycanın bütün imkanları demokratik, hüquqi dövlət quruculuğu proseslərinə, diplomatik əlaqələrin gücləndirilməsinə, sosial-iqtisadi inkişafa, o cümlədən, ordu quruculuğuna yönəlməsinin nə qədər doğru yol olduğunu illər sonra qazandığımız bugünkü şanlı qələbə sübuta yetirdi.


Hədər olmayan zəhmət


Böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev yaxşı bilirdi ki, ölkənin həqiqi müstəqilliyini, sosial-iqtisadi inkişafını, vətəndaşların rifahını təmin etmədən xaricdə güclü havadarları olan düşmənlə uzunmüddətli müharibə aparmaq itkidən başqa bir şey deyil. Azərbaycan o zaman atəşkəslə razılaşmadan mövqe döyüşlərini illərlə davam etdirə bilərdi. Amma bu döyüşlər bizə yeni-yeni insan faciələrindən, dağıntılardan, əsas inkişaf məqsədlərindən uzaq düşməkdən və ölkədə yeni təxribat cəhdlərindən başqa ciddi bir nəticə qazandırmayacaqdı. Müstəqilliyini yenicə əldə edən, gələcəyinə doğru ilk kövrək addımlarını atan ölkə belə taleyüklü məqamda yeni yanlışlara yol verə bilməzdi. Ən düzgün istiqaməti müəyyənləşdirib gələcəyə doğru addım-addım irəliləmək və ən ağrılı problemimiz olan bu münaqişənin həlli üçün uyğun zamanın yetişməsini gözləmək lazım gəlirdi.

Beləliklə, Ulu Öndər hər zaman olduğu kimi, yenə də yolun ən doğrusunu seçdi. 1994-cü ildə cəbhə bölgəsində atəşkəsin əldə olunmasından az sonra imzalanan "Əsrin müqavilə”si, ölkəmizdə gələcək sosial-iqtisadi inkişafın möhkəm təməlini qoydu. 1995-ci ildə özünün ilk Konstitusiyasını qəbul edən Azərbaycan demokratik hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəliləməyə başladı. Cəmiyyətimizdə milli vəhdət əldə olundu. İnsan hüquq və azadlıqları, vətəndaş cəmiyyəti formalaşdı. Söz və mətbuat azadlığına təminat verildi. Azərbaycanın getdikcə genişlənən sosial-iqtisadi imkanları vətəndaşların rifahını yüksəltdi. İnsanlarımızda müstəqil dövlətimizə inam yarandı. Müstəqilliyin nə qədər böyük nemət olduğunu hər kəs dərk etdi.

Bu müddət ərzində Heydər Əliyev vətəndaşlarımızda gələcəyə inamı gücləndirdi. İnsanları dövlətçilik dəyərləri ətrafında bir araya gətirdi. Ölkədə nizami ordu quruculuğu sistemli şəkildə həyata keçirildi. Müasir hərb elminin incəliklərinə bələd, Azərbaycana ruhən, qəlbən bağlı yeni hərbçi nəsil, peşəkar zabitlərimiz yetişdi.

Heydər Əliyev ordunun, ümumilikdə güc strukturlarının siyasi proseslərdən kənarda fəaliyyətini, hər hansı qrupun təsirinə düşmədən öz dövləti missiyasını yerinə yetirməsini təmin etdi.

Ulu Öndər Azərbaycan gəncliyinə sahib çıxdı. Onları ayrı-ayrı firqələrin, təxribatçı qrupların ziyanlı təsirlərindən qorudu. Dövlətin yeni nəslə diqqət və qayğısı, davamlı dəstəyi, bu sahədə apardığı məqsədyönlü işlə gənc nəslin vətənpərvər ruhda yetişməsinə, dövlətimizin gələcəyinə görə ictimai məsuliyyət duyğusunun formalaşmasına şərait yaratdı.

Müstəqil dövlətimizin yaxın və uzaq qonşularla, beynəlxalq qurumlarla inkişaf edən əlaqələri, bir sıra təşkilatların fəaliyyətində yaxından iştirakı, öz qapılarını dünyaya açması səsimizin-sözümüzün daha geniş miqyasda eşidilməsinə imkan yaratdı.


Tarixin möhtəşəm səhifəsi


Ermənistan 90-cı illərin əvvəllərində torpaqlarımızı işğal edəndə biz demək olar ki, təklənmiş vəziyyətdə idik. Müstəqilliyini yenicə qazanmış bu keçmiş sovet respublikasını dünyada çox az adam tanıyırdı. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları əksər hallarda düzgün anlaşılmırdı. Biz bütün dünyada çox böyük lobbiyə malik olan, xaricdən güclü dəstək alan məkrli bir düşmənlə qeyri-bərabər güclə mübarizə aparırdıq. Ermənistanın xaricdəki adamları Azərbaycana qarşı sistemli təbliğat işi qurmuşdular. Böyük güc mərkəzlərindəki həlledici adamları müxtəlif vasitələrlə ələ almağı bacarmışdılar. Mahiyyətləri başdan-başa saxtakarlıqdan ibarət olan ermənilər bütün dünyanı öz yalanlarına inandıra bilmişdilər.

Ulu Öndər Heydər Əliyevin o illərdə regionun xəritəsi ilə iştirak etdiyi beynəlxalq toplantıları, saatlarla xəritə önündə verdiyi izahları, bu münaqişədə kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirməkdən ötrü çəkdiyi zəhməti heç birimiz unutmamışıq. O toplantılardan çəkilmiş fotolar, videokadrlar uzaq olmayan tariximizdir. Heydər Əliyev bütün bu əziyyətlərə qatlaşarkən işğal altındakı rayonlarımızın üç-beş günün içində geri qaytarılmayacağının fərqində idi. Amma çox gözəl bilirdi ki, Azərbaycanın əvvəl-axır öz ərazi bütövlüyünü bərpa etməsi həm də bütün bu işlərdən keçir. Ardıcıl şəkildə diplomatik iş, münaqişənin həllinə göstərilən səylər, aparılan danışıqlar da ordu quruculuğu qədər mühüm önəm daşıyır. Ulu Öndərin böyüklüyü və ən müdrik addımı həm də bunda idi ki, bütün bu işləri ondan sonra daha böyük əzmlə, qətiyyət və inamla davam etdirə biləcək böyük dühalı siyasi bir şəxsiyyət yetişdirə bilmişdi.

Şuşa işğaldan azad edildiyi gün Ali Baş Komandan cənab İlham Əliyevin Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə bu sevinci Şəhidlər xiyabanında xalqımıza çatdırmazdan əvvəl Ulu Öndərin məzarını ziyarəti, belə bir çox dəyərli müjdə ilə bu böyük dövlət adamının ruhunu şad etməsi tariximizin parlaq bir səhifəsi idi. Heydər Əliyevin nigaran ruhu illərlə çəkilmiş əziyyətlərin nurlu, uğurlu nəticəsinə şahid olurdu. Yerinə yetirilən ən böyük vəsiyyətinin həyata keçdiyini hamı üçün əziz ruhu hiss edirdi. Həmin gün, həmin o anlarda milli dövlətçilik tariximizin möhtəşəm bir səhifəsi yazılırdı.


Dostumuzu-düşmənimizi yenidən tanıdıq


Dövlət üçün ən mühüm olan dövlətçilik dəyərlərinin, bu barədə ən böyük həqiqətlərin, ənənələrin nəsillərdən-nəsillərə ötürülməsidir. Ulu Öndərin sona çatdıra bilmədiyi amalların onun ləyaqətli varisi tərəfindən tamamlanmasıdır. Və yeni dövlətçilik hədəfləri müəyyənləşdirilərək ona doğru ardıcıl addımların atılmasıdır. İlham Əliyevin yenilməz sərkərdəliyi ilə qazandığımız parlaq zəfər, böyük şəxsiyyət Heydər Əliyevin yarımçıq qalmış arzularının yerinə yetirilməsi Azərbaycanın necə ali məqsədli, dönməz, ardıcıl milli inkişaf yolu ilə irəlilədiyini bəyan edir.

Biz dünyanın heyrətlə izlədiyi bu qələbəni Ordumuzun qüdrəti ilə yanaşı, həm də diplomatiyamızın, Azərbaycan Prezidentinin həyata keçirdiyi nadir dövləti ağlı ilə fəth etdiyi xarici siyasət kursunun unikal uğurları sayəsində əldə edə bildik. Hərbi əməliyyatların ilk günlərindən Azərbaycana təzyiq göstərmək, Ermənistanın ədalətsiz mövqeyini müdafiə etmək istəyənlər yenə fəallaşdılar. Amma onlar bu dəfə qarşılarında ötən əsrin 90-cı illərinin Azərbaycanını deyil, tamam başqa bir zirehli Azərbaycanı gördülər. Prezident İlham Əliyevin polad qətiyyətini duydular. Xalqın milli vəhdətindən, öz Liderinə dəstəyindən, ən əsası isə haqqın-ədalətin məhz bizim tərəfimizdə olması faktından güc alan Azərbaycan Prezidentini haqq mövqeyindən döndərməyin mümkünsüzlüyünü nəhayət ki, anladılar. Haqqa deyil, nahaqqa dəstək vermələri ilə özləri özlərini ifşa etdilər. Münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri kimi hər iki münaqişə tərəfinə bərabər münasibət göstərən, Fransanın nümayiş etdirdiyi biabırçı mövqe, Ermənistana verdiyi açıq dəstək, Azərbaycana qərəzli münasibəti Avropa dəyərlərinin gözdən salındığını göstərdi. Eyni qərəzi bölüşən başqa az sayda bir neçə ölkə, o cümlədən Niderland da ədalətsizliyin yanında olmaqla bədnam bir yol seçdiklərini nümayiş etdirdilər. Bu, ədalətin, haqqın, reallığın inkişafı deyil, tənəzzül yoludur. Vaxtilə o ölkələrdən başlanmış intibahın artıq tənəzzülə çevrilməsinin təsdiqidir. Belə bir hal həmin ölkələrin cəmiyyətlərinə normal bir gələcək vəd etmir.

Azərbaycan xalqının səfərbərliyi, Azərbaycan Prezidentinin siyasətinə sarsılmaz inam bəsləyərək heyrətamiz birlik nümayiş etdirməsi faktoru bu qələbəni təmin edən inkaredilməz həqiqətlərdən biridir.

Azərbaycanın dünyada mütərəqqi bir ölkə kimi tanınmasında xüsusilə ölkəmizin mədəniyyət diplomatiyasının uğurlarında, cəmiyyətimizdə milli vəhdətin daha da möhkəmlənməsində böyük əməyi, səyi və zəhməti olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğıkeş ömür-gün yoldaşı, etibarlı məsləkdaşı, Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın xalqımızın düşmən üzərində qələbə qazanması naminə uzun illər həyata keçirdiyi vətənpərvər, millətsevər fəaliyyət olduqca təqdirəlayiqdir.

Apardığımız haqq davası, qazandığımız qələbə dostumuzu-düşmənimizi bizə yenidən tanıtdı. Bu Qələbəmizdə payı olan, qardaş köməyini heç zaman bizdən əsirgəməyən əziz, doğma, munis Türkiyəyə xüsusilə daimi minnətdarlıq borcumuz var. Azərbaycanın haqq işinə mənəvi dəstək verən baqşa türkdilli dövlətlər, islam dünyasından Pakistan, Əfqanıstan, İsrail Dövləti, Ukrayna Respublikası və digər ölkələr də bu günlərdə xalqımızın yüksək sevgi və rəğbətini qazandı. Regionda böyük təsir imkanlarına malik Rusiyanın baş verənlərə münasibəti, Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində sülhyaratma prosesində iştirakı da ədalətli bir mövqe olaraq duruma adekvat oldu.


Yolumuz ədalət yoludur


Həm sosial-iqtisadi inkişaf nəticəsində əldə etdiyimiz imkanlar, həm ordu quruculuğu istiqamətindəki nailiyyətlərimiz, həm də diplomatik uğurlarımız bizə imkan verdi ki, nəinki Ermənistanın 30 illik miflərini, dünyaya inandırdıqları uydurmaları, eləcə də özlərini cəmi 44 günün içində darmadağın edək. Onların ordusunu sıradan çıxaraq. Dünyaya yaydıqları yalanların puçluğunu göstərək. 2020-ci ilin cəmi 44 günündə Azərbaycan Dövləti, onun qətiyyətli, comərd Prezidenti təkcə torpaqlarımızın işğaldan azad olunmasına nail olmadı, düşmənin siyasi və hərbi rəhbərliyinə diz çökdürdü. Yaranmaqlarına peşman etdi. Öz düşünülmüş siyasəti ilə məkrli ermənilərin tam 200 ildə xalqımıza yaşatdıqları iztirabların, namərd hücumların, soyqırımların, milləti lərzəyə salan məşəqqətlərin, başsız qalmış ailələrin, yaşanan dəhşətli fəryadların, harayı kəsilməyən nalələrin, tökülən qanların, kəsilən başların intiqamını, qisasını aldı!

Həm də siyasi, iqtisadi, bəşəri üstünlüyün, qanunlara hörmətin, dünya birliyi ilə əlaqələrin, münasibətlərin sivil formada qorunub saxlanması, bütün dünyanı öz həqiqətlərinə inandırması yolu ilə.

Meydanda düşmənin rəzil, qorxaq, Vətən təəssübündən uzaq ordusunu məhv etməklə;

Yalanlar üstündə qurulmuş siyasətinin əsil mahiyyətini açıb dünyaya göstərməklə;

Bəşəri duyğulardan məhrum ermənilərin leş qoxusu verən çürümüş ruhunu bütün dünyada ifşa etməklə;

Ermənilərin irticaçı mövqeyini biabır edən tarixi həqiqətləri dünyaya yaymaqla;

Bu proses təsdiqlədi ki, ədalətin heç bir alternativi ola bilməz!

O gec-tez zəfər qazanacaq!


Bu gün də, gələcək də bizimdir


Hər zaman belə bir düşüncədə olmuşam ki, dünya reallıqlar dünyasıdır. Beynəlxalq ictimaiyyət hansısa məsələ barədə rəy formalaşdırarkən reallıqlara istinad edir. Regiondakı reallıqlar isə göz önündədir. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirib. Ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin təşəbbüskarı və icraçısıdır. Bu layihələr regiona sülh, davamlı inkişaf, insanlara rifah gətirir. Bu mənəvi dəyərlərdən böyük bir coğrafiyada yaşayan insanlar faydalanır. Azərbaycanın təklif etdiyi gələcək hər kəsin maraqlarına xidmət edir. Hər kəs üçün daha gözəl bir dünyanın qurulmasına töhfə verir.

Azərbaycan son illər bütün dünyada sivilizasiyalar arasında dialoqu, fərqli mədəniyyətlərə hörmət ruhunu, tolerantlığı yayan, təbliğ edən, ümumbəşəri dəyərlərin hakimliyinə çalışan ölkə kimi tanınıb.

Bəs Ermənistanın dünyaya verdikləri nədir? İşğal olunmuş torpaqlarımızda yaratdıqları xarabazarlıqlardan, keçmiş haqqında saxta nağıllarla dünyanı bezdirməkdən, qonşuları ilə münaqişə yaradıb yeni insan faciələrinə vəsilə olmaqdan, etnik təmizləmədən, xarici ölkələrdən, beynəlxalq təşkilatlardan dilənçi kimi sədəqə ummaqdan, işğalçı mövqeyinə görə sərhədlərini qapayıb geniş kommunikasiyalara, inkişafa mane olmaqdan, regionun təhlükəsizliyini təhdid altında saxlamaqdan və sadaladığımız onlarca mürtəce xüsusiyyətlərdən başqa heç nə! Bunlar onilliklər boyu işğalçı, mürtəce, irticaçı ölkənin işinə yarayırdı. Amma yeni dünyada daha bunların heç biri keçmir. Həqiqəti bilməməsi Ermənistan cəmiyyətinin ən böyük məğlubiyyətidir. Nə qədər ki, işğalçı ölkədə bu həqiqəti anlayan sağlam qüvvələr formalaşmayıb, Ermənistan keçmişin sərsəm nağıllarını, kini-küdurəti yeni dünyaya da daşıyıb ətrafı zəhərləməklə özünü və xalqını gələcəksizliyə məhkum edir.

Bizim dövlətimiz isə yaxın zamanlarda azad yurdlarımızda yaradacağımız abadlıq mənzərəsi ilə, dövlətçilik dəyərləri ilə, ərazi bütövlüyümüzə hörmətlə yanaşan bütün qonşularla mehriban münasibətlər qurmaq arzusu ilə, ümumbəşəri dəyərlərə xidmət amalı, regiona sülh, inkişaf, rifah gətirmək əzmi ilə bu torpaqlarda yaradılacaq gözəl bir gələcəyin qüdrətli müəllifidir. Bu, qüdrətli dövlətimizin işıqlı, nurlu arzularının yaratdığı həyatımızdır!

Bu, həmin işıqlı gələcəyə yol açan Qələbəmizdir!

Birliyimizin, gücü ilə qazandığımız Qələbədir!

Ədalətin, zəkanın Qələbəsidir!

Qələbən mübarək, Vətən!

Qələbən mübarək, Azərbaycan Ordusu!

Möhtəşəm qələbəniz mübarək, bu qələbənin sevincini xalqına yaşadan, Ali Baş Komandanımız!

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video