04:20 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:38 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Biz qayıdırıq, Laçınım!
ANA SƏHİFƏ / SİYASƏT
00:32 03.12.2020


Gözün aydın, anam, bacım, gözün aydın, atam, qardaşım, gözün aydın ürəyi nisgilli, könlü yaralı millətim! 28 ilin həsrətinə son qoyub Laçına döndük, doğma yurda qayıtdıq. O müqəddəs torpağına qədəm qoyduq, dizimizin taqəti, gözümüzün nuru oturdu. Ətir qoxuyan təmiz havanı udduq, durnagözlü bulaqlarının suyunu içdik, canımıza qeyri-adi bir rahatlıq doldu, ürəyimiz qürurla döyündü. 

Bağışla bizi, Laçınım, sənin 28 il düşmən tapdağında qalmağına dözə bildik. Bu 28 ildə nələr çəkdiyimizi, necə ağır məhrumiyyətlərə tablaşdığımızı bir Allah bilir. Hər il işğal günlərini qeyd edəndə min dəfə ölüb-dirilirdik. Qisas hissi, intiqam istəyi içimizdə ocaq kimi yansa da, xəcalətdən baş qaldırıb bir-birimizin üzünə baxa bilmirdik. Hamımız günahkar idik. Səni qoruya bilməmişdik. Uğrunda şəhid olub qovuşmaq bizə nəsib olmamışdı. Bu da bir alın yazısıydı, Allahın qismətiydi yaşadıq. Yaşadıq və nə xoş ki, bu günü gördük.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik diplomatiyası, müzəffər sərkərdə hünəri, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində Laçın erməni işğalından azad edildi. Dövlət başçısı bu əlamətdar tarixi hadisə, şanlı qələbə münasibətilə xalqa müraciət etmişdir. Müraciətin ilk cümləsində deyilir: "Əziz həmvətənlər, böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Prezidentin hər cümləsində qürur doğuran, xoş ovqat yaradan müraciəti laçınlıların kompakt yaşadığı Ağcabədi rayonu ərazisindəki Taxta Körpü qəsəbəsində böyük coşqu doğurmuşdur. Burada salınmış, Laçının ayrı-ayrı kəndlərinin adını daşıyan obalarda məcburi köçkün kimi məskunlaşmış əhali Qələbə sevincini paylaşmaq, bir-birilərini təbrik etmək, gözaydınlığı vermək üçün bir araya gəlmişdilər.

Böyük izdihamda dövlətimizin və qardaş Türkiyənin bayraqları əzəmətlə dalğalanırdı. Aksiya iştirakçıları bu parlaq qələbənin baş memarı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin portretlərini qürurla başları üzərinə qaldırmışdılar. Telli sazdan, qara zurnadan qopan döyüş ruhlu havalar ətrafa yayılırdı. Hər ilin nisgilini Qələbə sevincinin dalğası əlçatmaz uzaqlara aparmışdı.

Laçınlılar 28 il idi ki, belə bir qələbə sevincinin təşnəsiydilər. Meydandakı adamların gözlərindən sonsuz sevinc hissləri yağırdı, üzləri gülürdü. Hərbi geyimli bir gəncin məğrur duruşu, qartal baxışları diqqət çəkir! Yaxınlaşıb tanış oluruq və öyrənirik ki, Vətən müharibəsinin qazisi, Laçın rayon sakini, Abiyyədin Əliyev müqəddəs Qarabağ savaşında böyük igidlik göstərib, düşmənə qan uddurub. Müsahibim qələbə sevincini bizimlə həvəslə bölüşür:

- Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz şanlı tarix yazdı. Biz Laçına qalib kimi dönürük. Qarabağın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub əbədiyyətə qovuşan şəhidlərimizin müqəddəs ruhları bu gün bir rahatlıq tapır. Qələbə sevincinin işığına yığışan insanların çöhrəsinə diqqətlə baxın. Hamı gülür, sevinir. Sevincdən ağlayanlar da çoxdur. Bizim davamız haqq davası idi. Biz müharibə istəmirdik. Amma torpaqlarımızın işğal altında qalması ilə də barışa bilməzdik. Düşmənlərimizin təhdidlərinə qətiyyətlə cavab verib "Qarabağ Azərbaycandır. Nida işarəsi” - deyən dövlət başçısı bu fikrin döyüş meydanında təsdiqinə müdrikliklə nail oldu. Bu illər ərzində camaatımız çox acılar çəkib. İndi Qələbənin dadını çıxarırıq.

Bu mərasimin iştirakçısına çevrilmək, bütün ağrı-acıları unudub özünü dünyanın xoşbəxti sayan insanların arasında olmaq qeyri-adi bir könül rahatlığıdır. Ömrün ixtiyar çağını yaşayan Ağayar İsmayılov, Şərqiyyə Vəliyeva, Ağaxan Nəzərov, Osman Həsənov, Əmiraslan Məmmədov və başqaları taleyin onları bu cür xoş anlarla qovuşdurduğuna görə çox məmnundurlar.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM