15:10 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vüsal Qasımlı: Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:57 26.11.2020

Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirəyə çıxarılaraq qəbul edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı erməni lobbisinin təsiri altında qəbul edilən qətnamənin həm də regionda yeni reallıqların həzm edilə bilməməsini göstərdiyini deyib.

"Əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur. Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin üçdəikisi məhz Azərbaycanın payına düşür. Yəni, Ermənistan və Gürcüstanın Fransa ilə cəmi ticarət həcmi Azərbaycanın Fransa ilə ticarət dövriyyəsindən 2 dəfə azdır. 2019-cu ilin məlumatına əsasən, Azərbaycanın Fransaya ixracı 537 milyon ABŞ dolları, Fransadan idxal olunan malların dəyəri isə 251 milyon dollar olub. Müqayisə üçün deyək ki, Ermənistanın 2019-cu ildə Fransaya ixracı cəmi 8,72 milyon dollar, Fransadan aldığı malların dəyəri isə 82,95 milyon dollar təşkil edib. Azərbaycan Fransaya ixracın həcminə görə Ermənistanı 62 dəfə, Fransadan idxalın həcminə nisbətdə isə 3 dəfə önləyir. Ticarət dövriyyəsində belə disproporsiya onu göstərir ki, Fransa Senatı praqmatizm və ədaləti deyil, respublikanın təməl prinsiplərinə zidd olaraq erməni havadarlığını üstün tutur”, - deyə o qeyd edib.

V.Qasımlı bildirib ki, Azərbaycan-Fransa ticarət dövriyyəsi müsbət dinamikaya malik olub: "2019-cu ildə Azərbaycandan Fransaya ixrac ötən ilə nisbətən 21,5 faiz, idxal isə 37 faiz artıb. Fransa Azərbaycanın ixrac etdiyi ölkələr sırasında 4 faiz payla 11-ci yer, idxalında isə 1,83 faiz payla 12-ci yerdədir. Azərbaycanın 2019-cu ildə Fransadan idxal elədiyi məhsullara qatarlar, dəmir yolu və metro avadanlıqları, efir yağları, ətir və kosmetik vasitələr, dərman preparatları, nüvə reaktorları, elektrik avadanlıqları, avtomobil, mebel, işıqlandırma məhsulları və sair aiddir. Fransa Senatı erməni lobbisinin təsiri altında qəbul etdiyi qərarla öz şirkətlərinin Azərbaycandakı mövqelərini zəiflədir. Həm də Azərbaycan bazarında illik 200-300 milyon dollar məhsul satan, milyardlarla dollarlıq tenderlərdə iştirak edən Fransa şirkətlərinin verdikləri verginin hesabına həmin senatorlar maaş alırlar. Belə çıxır ki, Fransa Senatı oturduğu budağı baltalamaqla məşğuldur. Əhalisi 10 milyon olan Azərbaycan və 83 milyonluq Türkiyə istehlak bazarlarında Fransa şirkətlərinə çətinlik yaradan senatorları başa düşmək çətindir. Azərbaycan bazarında məhsul satan fransız mənşəli şirkətlər – "Michelin”, "Renault”, "Citroen”, "Peugeot”, "Tefal”, "Loreal”, "Dior”, "Lancome”, "YvesSaintLaurent”, "Louis Vuitton”, "Lacoste”, "Chloe”, "Chanel”, "Nina Ricci”, "Cartier”, "Givenchy”, "Garnier”, "Danone”, "Activia”, "President”, "Perrier”, "Evian”, "Elle&Ville”, "Doux” kimi bizneslər gərək Senatı başa salsınlar ki, bu şirkətlər Fransa büdcəsinə vergini öz ölkələrinin milli maraqları üçün ödəyirlər, erməni təəssübkeşliyi üçün yox.”

İİTKM-in icraçı direktorunun sözlərinə görə, Azərbaycan həm də Cənubi Qafqazda fransız sərmayələrini ən çox cəlb edən ölkədir: "Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Fransız şirkətləri enerji ("Total”), nəqliyyat ("Alstom”, "Thales”, "Iveco”, "Systra”), ətraf mühit ("Suez CNIM”), kənd təsərrüfatı və qida ("Lactalis”, "Danone”), otel biznesi ("ACCOR”), bankçılıq ("Societe Generale”), aviasiya və kosmik sənaye ("Airbus”, "Thales”) kimi mühüm sahələrdə fəaliyyət göstəri. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində iştirak edib. Fransız şirkətləri 1995-2019-cu illər arasında Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə qoyub, bunun 2 milyard dolları neft sektoruna, 194,1 milyon dolları qeyri-neft sənayesinə yönəldilib. Azərbaycanın Fransaya investisiyalarının həcmi 224,7 milyon dollar təşkil edib. 2004-2018-ci illərdə Fransız şirkətləri ölkəmizə aid 2,3 milyard dollarlıq sifarişləri yerinə yetirib. Fransız şirkətləri bundan sonra da Azərbaycanla iqtisadi əlaqələrdə maraqlıdır. Xüsusən də Azərbaycanda postkonflikt quruculuğunda Fransa şirkətləri böyük potensiala malik olduğu halda, Senatın qətnaməsi onları çətin vəziyyətə salır. Gərək bu şirkətlər də Fransa ictimaiyyətinə, parlamentarlara və hökumətə izah etsinlər ki, həddən artıq erməni havadarlığı Fransanın Cənubi Qafqazda maraqlarına sarsıdıcı zərbələr endirir”.

V.Qasımlı deyib ki, Fransanın "Total” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində 5 faiz və "Abşeron” yatağında 50 faiz paya sahibdir: "Total” şirkəti Azərbaycanda neft-qaz layihələrində iştirak edir, Ermənistan isə bu layihələri hədəfə alır və raket hücumları təşkil edir. Bəlkə "Total” şirkəti Fransa parlamentinə və hökumətinə bunu izah etsin ki, Fransanın Azərbaycandakı çoxmilyardlı sərmayə qoyuluşları Ermənistan tərəfindən təhdid olunur. Bu ilin iyulunda Ermənistan Tovuz bölgəsində təkcə Azərbaycana deyil, həm də "Total”ın payçı olduğu Bakı-Tbilisi-Ceyhan layihəsinə hücum etmişdi. Azərbaycan təkcə öz ərazi bütövlüyünü deyil, həm də Avropanın enerji və nəqliyyat təhlükəsizliyi üçün əhəmiyyətli olan infrastrukturu da erməni faşizmindən qoruyur. Bunun müqabilindəmi Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul edir? Fransa özünü Avropanın siyasi lideri kimi təqdim etməyə çalışdığı halda, Avropanın enerji və nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol alan Azərbaycanı niyə özündən narazı salır? Cənubi Qafqazda gərginlik yaratmaq Fransanın və Avropanın həyati maraqlarına ziddir”.

O bildirib ki, Fransa Senatının qərarı hüquqi gücə və real təsir imkanına malik olmamaqla, Fransanın milli maraqlarının əleyhinədir: "Əgər Fransa regionda öz nüfuzunu tamamilə itirmək istəmirsə, Cənubi Qafqazın geostrateji oyunçusu olan Azərbaycanla münasibətləri düzgün tənzimləməlidir. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas qarantıdır. Fransanın bu bölgədəki maraqları da sülh və təhlükəsizlikdirsə, Azərbaycanla əməkdaşlıq yeganə həldir. Əks təqdirdə itirən Fransa olacaq. Fransa öz milli maraqlarını erməni havadarlığına qurban verməməlidir.”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM