15:52 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Adil Əliyev: Fransa Senatının qəbul etdiyi sənəd bu ölkənin üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
ANA SƏHİFƏ / SİYASƏT
15:07 26.11.2020

Fransa Senatında "Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi Fransanın dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas prinsiplərə məhəl qoymamasının əyani sübutudur. Bu addım BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, dövlət sərhədlərinin tanınması, ərazi bütövlüyünün qorunması barədə "jus cogens” normalarının tələblərinə də tamamilə ziddir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev deyib: "Bir məqamı da qeyd etmək istərdim. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistan ordusunun işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi mövcuddur. Həmin qətnamələrin qəbulunda iştirak edən Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri də məhz Fransadır. Fransa bu 4 qətnamənin qəbul edilməsinə səs verib. Eyni zamanda, Fransa Ermənistanın təcavüzü nəticəsində baş vermiş münaqişənin həlli ilə əlaqədar yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Bütün bunlara baxmayaraq, Fransanın bu müddət ərzində heç bir mövqe ortaya qoymaması, üstəlik, belə bir sənədin Senat tərəfindən qəbul edilməsi onu deməyə əsas verir ki, bu ölkə heç vaxt bu münaqişənin tənzimlənməsini istəməyib. Fransa bir vasitəçi olaraq üzərinə götürdüyü heç bir öhdəliyi icra etməyib.

Senatın qəbul etdiyi sənədin mahiyyətcə tövsiyə xarakteri daşımasına baxmayaraq, bu onu deməyə əsas verir ki, Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin bu təsisata güclü təsiri var. Yəni, Fransa öz devizində nəzərdə tutduğu "bərabərlik, qardaşlıq və azadlıq” ideyalarına yad qərarlar qəbul edir. Fransanın "Azadlıq” anlayışını illərlə Əlcəzair və digər Afrika ölkələrində yürütdüyü müstəmləkəçilik siyasətində görmək mümkündür. Fransanın öz mənfəəti qarşılığında bu dövlətlərin bütün təbii sərvətlərini talan etdiyini, vətəndaşlarına qarşı soyqırımlar törətdiyini bütün dünya bilir. İşğalçılıq, təcavüzkarlıq Fransa və Ermənistanın ortaq dəyərləri olaraq qəbul edilməlidir”.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Fransa Respublikasının münaqişənin həlli ilə bağlı mövqeyi dövlətin yüksək səviyyəli rəsmiləri, o cümlədən ölkə Prezidenti və xarici işlər naziri tərəfindən dəfələrlə səsləndirilib. Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb. Lakin Senatın belə bir sənəd qəbul etməsi onu deməyə əsas verir ki, Fransa özünü Ermənistandan daha artıq erməni dövləti hesab edir. Fikrimizcə, bu məsələdə Fransa tərəfsiz olmalı, sülhün bərqərar olmasında Rusiya və Türkiyə kimi yaxından iştirak etməli idi.

"Ermənistan öz məğlubiyyətini qəbul edərək kapitulyasiyanı imzalayıb və bundan irəli gələn öhdəlikləri yerinə yetirir. İlkin olaraq Ağdam şəhəri və rayonun kəndlərindən, dünən isə Kəlbəcər rayonundan düşmən öz qoşunlarını çıxarıb. Bu ərazilər Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Ermənistanın kapitulyasiya şərtlərini və beynəlxalq hüquqa uyğun olaraq üzərinə götürdüyü vəzifələri yerinə yetirdiyi vaxtda Fransanın belə bir sənəd qəbul etməsi onu deməyə əsas verir ki, bu dövlət münaqişənin tənzimlənməsində maraqlı olmayıb. Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması daha yaxşı olardı. Belə bir qətnamə qəbul edən ölkə nəinki Azərbaycan, dünyanın digər dövlətləri ilə də bərabər münasibətlər qura bilməz”, - deyə Adil Əliyev vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM