26 Noyabr 2020 00:55
687
SİYASƏT
A- A+

28 ilin həsrətinə son qoyuldu


Bundan böyük xoşbəxtlik olarmı?


Bu gün özümü dünyanın xoşbəxti hesab edirəm. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək "Şuşa şəhəri işğaldan azad edildi, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” deyəndə sevincdən gözlərim yaşardı, ürəyim qürurla doldu.

Dövlət başçısının dilindən eşitdiyim bu şad xəbər bir anın içində 28 ilin donub buza dönmüş nisgilini əritdi, ürəyimin illərdən bəri qaysaq bağlamayan yaralarını sağaltdı. Quş qanadlı xəyalım Şuşalı çağlarıma, işğaldan sonra doğma şəhərimizdən, isti yuvamızdan, rahat ev-eşiyimizdən, qayğısız həyatımızdan ayrı düşdüyüm, rahatlıq tapmaq, ailəmi sıxıntısız yaşatmaq üçün ölkəmizi dərviş kimi dolandığım ağrılı-acılı, üzüntülü günlərə, illərə qanadlandı.

1955-ci ildə Şuşada anadan olmuşam. 1 nömrəli Şuşa şəhər tam orta məktəbini yüksək qiymətlərlə bitirmişəm. Şuşanın hər küçəsində, hər döngəsidə ayaq izlərim var. Dərsdən sonrakı boş vaxtlarda uşaqlarla Cıdır düzündə futbol oynamaqdan heç vaxt doymazdıq. Valideynlərim ali təhsil almaq üçün uzağa (o vaxt Bakı bizim üçün uzaq sayılırdı) getməyimi məsləhət görmədilər. Xankəndidə Azərbaycanın 60 illiyi adına Pedaqoji İnstitutun Fizika-riyaziyyat fakültəsinə daxil oldum. Tələbəlik illəri, hərbi xidmət dövrü gəlib keçdi. Hər zaman ictimai işlərdə fəal idim. Elə bu yol məni Şuşa Şəhər Komsomol Komitəsində şöbə müdiri vəzifəsinə gətirdi. İctimai-siyasi işlərə artan marağımın arxasınca düşüb Zaqafqaziya Ali Komsomol Məktəbini, sonra isə Bakı Ali Partiya Məktəbini bitirdim. Şuşa Rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışdım. Müstəqillikdən sonra Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə irəli çəkildim. AXC hakimiyyətə gələndə isə meyarların dəyişdiyini, işləmək üçün biliyin, bacarığın, təcrübənin tələb olunmadığını görüncə, vəzifəmdən istefa verdim.

Atrıq Şuşa siyasi oyunların qurbanı olaraq itirilmiş, Ermənistan silahlı qüvvələri doğma şəhərimi işğal etmişdi. Şuşalılar isə ev-eşiyindən didərgin salınıb öz vətənində məcburi köçkünə çevrilmiş, ağır məhrumiyyətlərə, əzab-əziyyətlərə düçar edilmişdilər. Belə bir zamanda bir müddət Bakıda müxtəlif şirkətlərdə, idarə və müəssisələrdə çalışıb ailəmi çətinlik çəkməyə qoymadım. Amma Bakıda özümü Şuşadan uzaqda hiss edirdim. Elə bu hiss - Şuşa cazibəsi məni 1998-ci ildə Bərdəyə gətirdi, doğma yurda yaxınlaşdırdı. Uzun illər Bərdədə müxtəlif məktəblərdə müəllimlik etdim. Hazırda pensiyaçıyam. Minnətdarlıqla deməliyəm ki, Bərdə camaatı çox istiqanlı, mehriban və qonaqpərvərdir.

Ailəm haqqında onu deyə bilərəm ki, 4 övlad - 2 oğul, 2 qız atasıyam. Uşaqlar da, həyat yoldaşım da ali təhsillidir. Oğlum Toğrul Türkiyədə Tibb Universitetini bitirib. Hazırda Konya şəhərində cərrahdır. Həyat yoldaşı türk qızıdır. Digər oğlum Ramin də Türkiyədə ali təhsil alıb, iqtisadçıdır. Qızlarım Günel və Günay isə müəllimdirlər. Günelin həyat yoldaşı zabitdir, hərbi aviasiyada xidmət edir.

Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirik. Öyrənmişəm ki, işğalçılar Şuşadakı evimizi yandırıblar. Evim də, varım da, canım da Vətənə, Şuşaya qurban! Əsas odur ki, doğma Şuşam düşmən caynağından, erməni əsarətindən xilas edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev, qəhrəman Azərbaycan əsgəri şanli bir tarix yazdı. İgid oğullarımızın Şuşa uğrundakı döyüşlərdə göstərdiyi şücaət və fədakarlıq bütün dünyanı heyran qoydu.

Bir daha əvvəldə söylədiyim fikrə qayıdaraq demək istəyirəm ki, biz bu gün, sözün bütün mənalarında, xoşbəxtik ki, belə qətiyyətli Prezidentimiz, cəmi 44 gün ərzində düşməni darmadağın edib diz çökdürən şanlı və qüdrətli Odrumuz var. Xoşbəxtik ki, bu gün xalq-dövlət birliyi sarsılmaz və yenilməzdir. Xoşbəxtik ki, Qarabağın Azərbaycan olduğunu uca səslə dünyaya bəyan etdik və bunu döyüş meydanında canımız, qanımız bahasına sübuta yetirdik.

Yusif İSMAYILOV,

Şuşa şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video