13:04 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


02:45 20.01.2021

Qafqazın incisi


02:35 20.01.2021

Bakı qara hazırdırmı?


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Karantin rejiminin tələblərinə tam şəkildə əməl edilməlidir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:35 25.11.2020


Bütün planeti çənginə almış pandemiyanın ikinci dalğası bəşəriyyəti təhdid altında saxlamaqda davam edir. Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır. Son statistikaya görə, yeni növ koronavirusa ümumi yoluxma sayı 60 milyona çatmaq üzrədir. Bu günə qədər COVID-19-dan 1 milyon 400 min 427 nəfər dünyasını dəyişib. Ən çox yoluxma ABŞ-da (12 milyondan çox), Hindistanda (9 milyondan çox), Braziliyada (6 milyondan çox), Fransada (2 milyondan çox) qeydə alınıb.

Koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika Azərbaycanda da vəziyyətin yaxşılığa doğru dəyişmədiyini göstərir. Təəssüf ki, dünyada olduğu kimi, ölkəmizdə də bir sıra obyektiv və subyektiv səbəblərdən yeni növ koronavirus infeksiyasına yoluxma halları artıb.

Azərbaycanda koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunur. Belə ki, ümumi yoluxma hallarının 53,5 faizi paytaxtın payına düşür. Yeni göstəricilərə əsasən, paytaxt rayonları arasında ən yüksək yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,7 faizi həmin rayonun payına düşür. Paytaxtın digər rayonlarına gəlincə, yoluxma hallarının 12,7 faizi Xətai, 11,6 faizi Yasamal, 11,3 faizi Sabunçu, 8,4 faizi Suraxanı, 8,3 faizi Nəsimi, 8 faizi Nərimanov, 7,3 faizi Nizami, 6,3 faizi Qaradağ, 6,3 faizi Xəzər, 4,8 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Bu ilin əvvəlindən Azərbaycan dövləti tərəfindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində ölkəmizdə yoluxma hallarının sayı minimuma endirilmişdi. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan istər iqtisadiyyatı, istərsə də əhalisi pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmış ölkələr sırasında yer almışdı. Lakin yoluxma sayında kəskin azalmanın müşahidə olunması ilə əlaqədar tətbiq olunmuş sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması əksər vətəndaşlarımız tərəfindən pandemiyanın bitməsi kimi qəbul edildi. Bu isə öz növbəsində karantin rejiminin sosial məsafə saxlanılması, qoruyucu tibbi maskalardan istifadə və digər bu kimi vacib qaydalara laqeyd yanaşmanın ortaya çıxmasına gətirib çıxardı. Laqeydliyin acı nəticələri də özünü çox gözlətmədi. Qısa müddət ərzində Azərbaycanda koronavirusa yoluxma hallarının gündəlik sayı yüksəldi. Hazırda isə bu statistik göstərici 2 mindən, bəzən isə 3 mindən yuxarı rəqəmlərlə ifadə olunur. Eyni zamanda koronavirusa yoluxan xəstələr arasında ölüm hallarının da göstəriciləri əvvəlki aylarla müqayisədə xeyli artıb.

Azərbaycanda koronavirusa yoluxma sayının hər gün artması narahatlıq doğurduğundan aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji vəziyyət təhlil olunaraq bütün lazımi addımlar atılır. Buna görə respublikamızda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb, eləcə də bəzi qadağaların yenidən tətbiq edilməsinə qərar verilib. Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 28 dekabradək uzadılıb, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə xidmətlər dayandırılıb.

Dünyada, o cümlədən Azərbaycanda mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

Digər qərar xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadənin məcburi olmasıdır. Bununla da maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Xatırladaq ki, tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Son günlər COVID-19-a yoluxanların sayında artımın baş verməsi epidemioloq, infeksionist, virusoloq və digər mütəxəssisləri ciddi narahat edir, onlar bunu müxtəlif səbəblərlə izah edirlər. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, vətəndaşların COVID-19-la əlaqədar qoruyucu tədbirlərə riayətetmə səviyyəsi mütəxəssisləri qane etmir: "Qapalı məkanlarda virusun yayılması üçün münbit şərait daha çoxdur, xüsusilə mülayim temperatur və rütubətin az olduğu yerlərdə nəinki asqıranda və öskürəndə, hətta bir qədər ucadan danışanda da virus hissəcikləri ətrafa yayılır. Lakin bununla yanaşı onu da müşahidə edirik ki, qapalı məkanlarda qoruyucu tədbirlərə riayət edilməsi bir o qədər də kütləvi xarakter daşımır. Halbuki dəfələrlə xəbərdarlıq edildiyi kimi, yoluxmaqdan qorunmaq üçün sadə qaydalara əməl edilməsi həyati əhəmiyyət daşıyır. Hazırda hava soyuq olduğundan otaqlar qızdırıcı sistemlərlə isidilir və havalandırma aparılmır. Təbii ki, havalandırma getmədiyindən və təmaslar yaxın olduqca yoluxma ehtimalı yüksəlir”.

Baş infeksionistin sözlərinə görə, virusun hissəcikləri kiçik olduğundan onlar daha uzun məsafə qət edirlər, yəni həmin hissəciklər daha uzun müddət havada qalaraq, nisbətən aralıda olanları da yoluxdura bilər. Ona görə də otaqları havalandırmaqla yanaşı, eyni vaxtda otaqda olanların da sayını azaltmaq, minimuma endirmək lazımdır. Məhz bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah da nəinki dövlət sektorunda, hətta özəl müəssisələrdə də işçilərin sayının 30 faizədək azaldılmasını tövsiyə edib.

Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən lazımi işlər həyata keçirilir. Lakin görülən tədbirlərin effektiv olması üçün vətəndaşların da karantin qaydalarının tələblərinə tam şəkildə əməl etmələri vacibdir. Nəzərə almaq lazımdır ki, COVID-19-a qarşı peyvənd tapılmayana qədər yeganə yol gözəgörünməz düşmənlə mübarizədə qorunmaqdan və pandemiya qaydalarına uyğun yaşamaqdan ibarətdir. İlk növbədə mümkün qədər zərurət olmadığı təqdirdə evdən bayıra çıxmamaq, qapalı məkanlarda, tünlük yerlərdə çox olmamaq lazımdır. Həmçinin yaxın təmasdan, sıx ünsiyyətdən çəkinmək də vacib şərtdir. Başqa bir şərt sosial məsafənin gözlənilməsi və ən nəhayət, maska taxmadan heç bir ictimai yerə üz tutmamaq, əllərin antiseptik vasitələrlə dezinfeksiyasıdır. Etiraf edək ki, bu qaydalar çox təkrarlanır. Ancaq nə qədər ki, biz belə vəziyyətdə yaşayırıq, nə qədər ki, qorunmaq üçün ikinci bir vasitə və yol yoxdur, dəfələrlə təkrarlanan bu qaydalara əməl etmək zərurəti var. Bu ciddi təhlükədən qorunmaq üçün hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməli və bir an belə məsuliyyət hissini unutmamalıdır.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM