00:16 24 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TANAP-ın daha çox qaz nəql etmək potensialı var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:31 25.11.2020


Prezident İlham Əliyev: "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı”


Azərbaycanın və Türkiyənin birgə layihəsi olan, bu iki ölkənin dövlət başçılarının səyi ilə gerçəkləşən TANAP ( Trans-Anadolu Qaz Boru Kəməri) artıq üçüncü ildir uğurla fəaliyyət göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və digər mühüm boru xətlərimiz kimi, TANAP da düşmən üçün göz dağına çevrilib.

Ermənistan silahlı qüvvələri istər bu ilin iyulunda sərhədin Tovuz istiqamətində, istərsə də sentyabr ayında bir neçə istiqamətdə yaşayış məntəqələrimizə və hərbi mövqelərimizə hücuma keçdikləri vaxtlarda sözügedən kəmərlərimizə xələl gətirmək məqsədini də güdürdülər. Lakin bütün hallarda mənfur erməni vandallarının niyyəti gözündə qaldı.

"TANAP layihəsi üçün heç bir erməni təhdidi yoxdur. Beynəlxalq birliyin bu qədər geniş dəstək göstərdiyi "Cənub qaz dəhlizi”nin Ermənistan və ya terror təşkilatları tərəfindən hədəfə alınması böyük bir səhv olardı”. Bu sözləri TANAP şirkətinin baş direktoru Saltuk Düzyol deyib.

O həmçinin Qarabağda qazanılan Qələbənin Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirdiyini bildirib və əlavə edib: "TANAP Bakıdan İtaliyayadək məsafə qət edən və "Cənub qaz dəhlizi” adlanan təbii qaz təchizatı zəncirinin halqalarından biridir. Dəhlizin maraqlı tərəfləri arasında Rusiya və İngiltərə də daxil olmaqla, Avropa ölkələri və bu ölkələrin bir sıra enerji şirkətləri var. ABŞ və Avropa İttifaqı Cənub-Şərqi Avropa ölkələrinin enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi, təbii qaz tədarükündə bir mənbə və bir ölkədən asılılığın azaldılması üçün bu yeni dəhlizin açılmasına böyük siyasi dəstək verir. Ona görə də beynəlxalq ictimaiyyət tərəfindən bu qədər geniş dəstəyə sahib olan dəhlizin Ermənistan və ya terror təşkilatları tərəfindən hədəfə alınmasının çox böyük bir səhv olacağını, bəzi fərdi hadisələrdən savayı hədəfolma ehtimalının çox az olduğunu deyə bilərik”.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından çıxarılan qazın TANAP-la Türkiyəyə nəqlinin başlanmasından 2 il 5ay ötür. Birinci il Türkiyə bu kəmərlə 2 milyard kubmetr qaz tədarük edib. Əməliyyatların ikinci ili bu il iyunun 30-da bitib və həmin tarixə

TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 5,8 milyard kubmetr olub. Sonrakı dövrlərdə isə bu kəmərlə qardaş ölkəyə ildə 6 milyard kubmetr qaz ixrac ediləcək. Belə ki, TANAP-ın ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir. İlkin mərhələdə kəmərlə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, qalanı isə Türkiyəyə çatdırılacaq. 2023-cü ildə xəttin ötürücülük gücünün 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetr olacağı nəzərdə tutulur. TANAP şirkətinin baş direktoru S.Düzyol da vurğulayıb ki, TANAP-ın ötürücülük gücünü əlavə kompressorlar inşa etməklə 31 milyard kubmetrə çatdırmaq mümkündür. Bu da qarşıdakı illərdə Türkiyəyə əlavə 15 milyard kubmetr qazın nəqlinə şərait yaradacaq.

Xatırladaq ki, TANAP Türkiyə-Gürcüstan sərhədində CQBK-ya (Cənubi Qafqaz Boru Kəməri) qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP-la ( Trans-Adriatik Qaz Boru Kəməri) birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan 3500 kilometrlik "Cənub qaz dəhlizi”nin "onurğa sütunu”nu təşkil edən TANAP-ın uzunluğu 1850 kilometrdir.

Kəmərin səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi BP şirkətinə məxsusdur. Layihəyə 6,5 milyard dollar vəsait xərclənib.

TANAP-ın açılışı 2018-ci ilin iyununda olub. İkinci fazası isə 2019-cu ilin noyabrında istifadəyə verilib və beləliklə, o, TAP-la qovuşub. Bu günlərdə artıq TAP da kommersiya əməliyyatlarına başlayıb.

Noyabrın 8-də Şuşanın mənfur düşmənin işğalından azad edilməsi münasibətilə xalqa müraciət edərkən Prezident İlham Əliyev demişdir: "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır”.

TANAP-ın fəaliyyəti bunun daha bir təsdiqidir. S.Düzyolun sözlərində də kəmərin işi öz aydın əksini tapır: "TANAP-la ticari məqsədlər üçün təbii qazın nəqlinə başlandığı 2018-ci il iyunun 30-dan indiyədək Türkiyəyə 7,5 milyard kubmetr qaz nəql olunub. Layihənin investisiya dövründə Türkiyədə çalışdığımız şirkətlərə müxtəlif xidmətlər üzrə 4,5 milyard dollar ödənilib. Bu şirkətlərin bizə təqdim etdikləri mal və xidmətlərdə yerli məhsul nisbəti 54 faiz səviyyəsində olduğunu nəzərə alsaq, bu, Türkiyə iqtisadiyyatı üçün 2,5 milyard dollar əlavə dəyər deməkdir. Təkcə Türkiyənin polad boru istehsalı sənayesinə 1 milyard dollardan çox töhfə olub. Layihə ticari dövründə də ölkə iqtisadiyyatına töhfə verməkdə davam edəcək”.

TANAP-ı haqlı olaraq "Enerjinin İpək yolu” adlandırırlar. Bu kəmər gələcəkdə təkcə "Şahdəniz”dən deyil, eyni zamanda Azərbaycanın digər yataqlarından çıxarılan qazı da Avropa bazarlarına nəql etmək potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM