00:52 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:26 28.01.2021

BİLDİRİŞ


00:26 28.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətən müharibəsində Qələbə münasibətilə 2 orden, 15 medal təsis olunur
ANA SƏHİFƏ / PARLAMENT
11:33 24.11.2020


Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova öncə bildirdi ki, son dövrdə yeni növ koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib: "Virusun yayılması sürətlənib, yoluxan insanların sayı artıb. Mən bütün xəstələrə şəfa diləyirəm və sizdən də xahiş edirəm ki, özünüzü qoruyun. Çünki qarşıda bizi çox önəmli işlər gözləyir”.

Sahibə Qafarova dedi ki, bu sessiyada gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə və qəbul edilməlidir.

Parlamentin sədri Milli Məclisin fəaliyyətini işıqlandıran media təmsilçilərindən də xəstəliyin yayılmasının qarşısını almağa, infeksiyadan qorunmağa kömək edən qaydalara ciddi riayət etməyini xahiş etdi. Qeyd olundu ki, koronavirusa qarşı mübarizə ümumxalq işidir və hamı bu mübarizədə fəal iştirak etməlidir.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Əvvəlcə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə (ikinci oxunuş) məlumat verdi.

Bildirildi ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu qanun layihələri hazırlanıb və təqdim olunub. Dövlət başçısı müalicədə olan hərbçilərlə görüşü zamanı bu məsələnin vacibliyini vurğulayıb və bildirib ki, Azərbaycan Respublikasında yeni orden və medallar təsis olunacaq və Vətən müharibəsində iştirak edən hərbçilər təltif olunacaqlar. Qanun layihələrinin mükəmməl hazırlandığını deyən birinci vitse-spiker qeyd etdi ki, bu sənədlər orden və medallarla bağlı bizim bugünədək formalaşmış qanunvericilik təcrübəmizə tam uyğundur. Eyni zamanda onların əsasnaməsində və təsvirində Azərbaycan dövlətçiliyi, Qarabağ tarixi, milli atributlarla bağlı bütün elementlər öz əksini tapıb.

Qeyd edək ki, dövlət başçısı tərəfindən yeni 2 orden - "Zəfər” və "Qarabağ”, 15 yeni medal təsis olunması təklif edilib.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.

"Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov çıxış etdi. Layihə barədə birinci oxunuşda geniş məlumat verdiyini deyən deputat bildirdi ki, ikinci oxunuşda layihənin predmeti ilə bağlı hər hansı əlavə rəy və ya təklif olmayıb. Qanun layihəsinin əsas məqsədi dövlət qulluqçularının fəaliyyətinin düzgün qiymətləndirilməsi, onların potensial imkanlarının aşkara çıxarılması, inkişafı və səmərəli istifadəsidir.

Deputat Fazil Mustafa çıxış edərək layihənin mükəmməl olduğunu dedi. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

İclasda "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə ikinci oxunuşda baxıldı. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yubiley medalının mahiyyəti və təsviri barədə məlumat verdi.

Medal haqqında əsasnaməyə görə "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalı ilə elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun əməkdaşları, o cümlədən keçmiş əməkdaşları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov və Ziyafət Əsgərov bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihə haqqında məlumat verdi. Bildirildi ki, ikinci oxunuşda müzakirəyə çıxarılan layihə ölkə Prezidentinin "Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb. Qanun layihəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi 2021-ci il yanvarın 1-dən qadağan edilir. Eyni zamanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi də 2021-ci il iyulun 1-dən məhdudlaşdırılacaq.

Komitənin sədri qeyd edib ki, dəyişikliklərlə bağlı Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Ədliyyə nazirliklərinin əməkdaşları ilə ətraflı müzakirələr aparılıb və onların qəbulu məqsədəmüvafiq hesab olunub.

Müzakirələrdə parlamentin komitə sədri Musa Quliyev, deputatlardan Razi Nurullayev, Aydın Hüseynov çıxış edərək təklif və suallarını səsləndirdilər. Komitə sədri Sadiq Qurbanov deputatların suallarını cavablandırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

İclasda son olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olundu. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır və "Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən hazırlanıb.

Məcəlləyə təklif olunan yeni 275.4 və 275.5-ci maddələrdə ekoloji təhlükəsizliyi pozan həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün ciddi məbləğdə cərimələr nəzərdə tutulur. Eyni zamanda qeyd olunan xətaların inzibati tənbeh almış şəxs tərəfindən bir il ərzində təkrar törədilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulur. Qanun layihəsi ikinci oxunuşda təsdiq olundu.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM