15:18 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qoynuna qayıdırıq Şuşa, Cıdır düzü, Topxana...
ANA SƏHİFƏ / SİYASƏT
00:58 24.11.2020


"Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan


Şuşa! Yarandığı gündən dillər əzbəri olan bu gözəl şəhərimizin adını dilimizə gətirəndə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bir-birindən gözəl musiqilərini eşidirik. Şuşa deyəndə qulaqlarımızda Bülbülün bənzərsiz səsi əks-səda verir. Şuşa deyəndə Xan Şuşinskinin zəngulələri ruhumuza sığal çəkir. Şuşa deyəndə gözlərimiz önündə Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Rəşid Behbudov və yüzlərlə sənatkarın, dahi insanların çöhrələri canlanır.

Şəhərlər şəhəri Şuşa! Əsrlərdən bəri Qarabağın üzük qaşı olan gözəl Şuşamızın işğaldan sonra adını çəkəndə ürəyimizi kədər, gözlərimizi yaş, könlümüzü duman bürüyürdü. İyirmi səkkiz ildən çox idi ki, Şuşaya gedən yolları erməni işğalçıları üzümüzə bağlamışdılar. Uzun illər idi ki, doğma yurdumuzun həsrətini çəkirdik. Bu həsrətin, bu intizarın nə vaxt bitəcəyini kimsə bilmirdi. İyirmi səkkiz il idi ki, erməni qəsbkarları musiqi beşiyimiz olan Şuşada at oynadırdılar. Bu illərin bir günü bizə bir il kimi gəlirdi. Şuşasız qaldığımız günlərdə də biz Şuşanı unutmur, hər gün, hər an onu xatırlayırdıq. Şuşanın gözəlliyini vəsf edən mahnılara qulaq asa-asa için-için sızıldayırdıq, için-için yanırdıq. Yana-yana da olsa qulaq asırdıq. Şuşa bizin and yerimiz, iman yerimiz idi. And yerini, iman yerini unutmaqmı olar! İnsanlar Qarabağ dərdi ilə, Şuşa dərdi ilə böyüyürdülər. Dərd böyüdükcə sanki Şuşa da təsəvvürümüzdə böyüyüb gözəlləşirdi. Şuşa bizim qaysaq bağlamayan, sağalmayan yaramız idi.

Bu gözəldən gözəl olan şəhərimizə sahib çıxmış erməni vandalları buradakı tarixi abidələrimizi dağıdıb yerləyeksan edirdilər. Dağıtmadıqlarına da əl gəzdirib özününküləşdirirdilər. Əzizlərimizin uyuduqları məzarlıqları vəhşicəsinə dağıdırdılar. Bu yerlərin tarixini saxtalaşdırırdılar, müxtəlif donlar geyindirib erməniləşdirirdilər. Göylərə ucalan dağların əyninə biçilmiş yaşıl meşələrimizi qırıb xarici ölkələrə satırdılar. Erməni vəhşiləri təkcə Şuşada deyil, işğal etdikləri bütün ərazilərimizdə, bütün yeraltı və yerüstü sərvətlərimizi barbarcasına dağıdıb mənimsəyirdilər. İşğal etdikləri rayonlarımızı Ermənistana birləşdirən yeni yollar çəkirdilər.

Hər il Şuşanın işğal günlərini ürək ağrısı ilə, göz yaşı ilə qeyd edirdik. Tədbirlərdə Şuşalı günlər xatırlanırdı, ötən illərin xatirələri ard-arda çözələnib dilə gəlirdi. Həsrət yüklü xatirələr birləşib, qoşalaşaraq ömrün arxada qalan illərinə bağlanardı. Xatirələr qanadlanıb ömrün yaşanmış illərinə baş vurardı. Günlərin birində Şuşanın işğaldan azad ediləcəyini, həsrətə son qoyulacağını hamımız intizarla gözləyirdik. Üzlərdə, gözlərdə sual dolaşırdı: "Nə vaxt Şuşanı azad edəcəyik, nə vaxt Şuşaya qayıdacağıq?” Neçə illər idi ki, ürəyində Vətən eşqi olan insanlar bu suala cavab axtarırdılar, cavab gözləyirdilər. İllər isə Şuşasız ötüb keçirdi. Şuşanı azad edəcək qüvvə gündən-günə gücünü artıran Azərbaycan Ordusu idi. Xalq ümidini getdikcə qüdrətlənən ordusuna, əsgərinə dikmişdi.

Qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılmış 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Həmin günlərdə böyük strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyi işğalçılardan azad edildi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma ocaqlarına qayıtdılar. Burada həyat yavaş-yavaş əvvəlki axarına düşdü. Cocuq Mərcanlıdan başlanan yol Şuşada, Xankədidə tamamlanmalıydı. Tamamlandı da!

Sentyabrın 27-dən başlanan əks-həmlə əməliyyatlarında müzəffər Azərbaycan Ordusunun zabit və əsgərləri döyüşlərdə böyük hünər və rəşadət göstərərək düşməni məğlubiyyətə uğradır, şəhər və kəndlərimizi bir-birinin ardınca erməni qəsbkarlarından azad edirlər. Vətən müharibəsinin 42-ci günü isə qapımızı daha bir möhtəşəm xəbər döydü. Bü xəbər ürəyimizi açdı, könlümüzü şadlandırdı, gözlərimizi nəmləndirdi, baxışlarımızda sevinc parladı.

Noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev növbəti dəfə xalqa müraciət etdi. Əvvəlki günlərdəkindən fərqli olaraq Ali Baş Komandan bu dəfə hərbi geyimdə idi. Xalqa da müraciəti Şəhidlər xiyabanından edirdi. Ölkəmizin rəhbəri müraciətində xalqa xoş müjdə verərək bildirdi ki, müzəffər Azərbaycan Ordusu Qarabağın tacı, musiqi beşiyimiz olan qədim və doğma şəhərimizi, gözəldən gözəl Şuşamızı erməni işğalçılarından azad edib. Bu xəbər ildırım kimi göylərdə çaxdı. Eşitdiyi şad xəbərin sevincini bir-biri ilə bölüşmək üçün xalq küçələrə axışdı. Hamı əllərində qardaş Türkiyənin və ölkəmizin bayraqlarını tutaraq küçəboyu addımlayır, Ali Baş Komandanı, Azərbaycan Ordusunu alqışlayırdı. Alqış-alqışa, sevinc-sevincə qarışmışdı. İllərdən bəri bu xoş xəbəri gözləyən xalq sevinc içindəydi. Küçəyə çıxanların arasında bir əlində əsa, bir əlində bayrağımızı tutmuş qoca da, əyləşdiyi əlil arabasından Azərbaycanın və Türkiyənin bayraqlarını asmış orta yaşlı bir insan da, körpələr də Şəhidlər xiyabanına tələsirdi. Hamı bu sevincli anları onlara yaşatdığına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna minnətdarlıq edirdi.

Şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri böyük hünər və qəhrəmanlıq göstərərək Şuşa şəhərini işğaldan azad etmişdi. Başqa şəhər və rayonlarımız kimi Şuşanın da qəsbinə son qoyulmuşdu. İşğaldan azad edilmiş Şuşa doğma sakinlərinə qovuşmuşdu. Nə böyük səadət, nə böyük hünər, nə böyük qələbə. İftixar və qürur dolu anlar bir-birini əvəz edirdi. Azərbaycan Ordusunun şəxsi heyəti qəhrəmanlıq və igidliyi ilə mümkünsüzü mümkün etmişdi. Azərbaycan əsgəri rəşadəti və cəsarəti ilə şərəfli bir tarix yazmışdı. Elə bir tarix ki, oxuduqca tamamlanmaz, yazdıqca bitməz. 42 günlük döyüş 28 illik həsrətə son qoymuşdu. Şuşanın başının üstündəki qara buludlar dağıdılmışdı. Üçrəngli bayrağımız Şuşada dalğalanır. Azərbaycan əsgəri addım-addım Böyük Qələbəyə doğru irəliləməkdə davam edirdi.

Bəli, artıq Şuşa işğaldan azad edilib. Ali Baş Komandan müraciətində çox böyük fəxrlə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” - dedi. Bu gün bu gözəl şəhərdə hələlik Azərbaycan Ordusunun addım səsləri eşidilir. Bir müddətdən sonra Şuşaya dönüş başlayacaq. Bütün bunları fikirləşdikcə iftixar və qürur dolu bu anlarda dilimdən və dodaqlarımdan asta-asta bu pıçıltılar qopur: "Qoynuna qayıdırıq, Şuşa! Gəlirik səni qoxulamağa, xarıbülbül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyundan içməyə, İsa bulağı! Gəlirik üzərində at çapmağa, yarışlar keçirməyə, Cıdır düzü!”

Vahid MƏHƏRRƏMOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM