21 Noyabr 2020 15:32
503
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib


Noyabrın 21-də YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfransda çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bu əlamətdar gün münasibətilə partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi və bütün partiya üzvlərini təbrik edib. O bildirib ki, YAP-ın təsis edilməsinin 28-ci ildönümü Azərbaycanın rəşadətli Ordusu tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə əlaqədar xalqımızın böyük bayram əhval-ruhiyyəsi və coşqusu ilə üst-üstə düşür. Hesab edirəm ki, YAP öz tarixində ən şərəfli, ən yaddaqalan ad gününü qeyd edir. Koronavirus pandemiyası ilə bağlı yaşanan məhdudiyyətlərə görə YAP öz ənənəsinə uyğun olaraq bu ildönümünü təntənəli şəkildə keçirə bilməsə də, ordumuzun zəfər yürüşü, torpaqlarımızın işğaldan azad olunmasından yaranmış əhval-ruhiyyə YAP-ın yaradılmasının 28-ci ildönümünə xüsusi əhəmiyyət verir.

YAP-ın yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən Əli Əhmədov qeyd edib ki, 28 il bundan əvvəl yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu: "Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünə qayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər. Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 28 il bundan əvvəl YAP-ın təsis olunmasını Azərbaycan cəmiyyəti, əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Düşünürəm ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab edilə bilər”.

YAP sədrinin müavini qeyd edib ki, bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirməsinə sübut kimi qiymətləndirilə bilər: "Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq”.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin intizam komissiyasının sədri Eldar İbrahimov deyib ki, 28 illiyini qeyd etdiyimiz, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Bu gün YAP milli dəyərlərə əsaslanaraq inkişaf edir: "Buna görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır. Son illər respublikamızın iqtisadi və sosial həyatında həyata keçirilən bu nəhəng işlərin icrasında ölkəmizin ən güclü və çoxsaylı partiyası olan YAP-ın üzvləri ön sıralarda olub, partiyamızın sədri, Prezident İlham Əliyevin uzaqgörən və xalqın rifahının yaxşılaşmasına yönəlmiş siyasətini daim dəstəkləyib, öz əməli fəaliyyətləri ilə təsdiq ediblər ki, YAP yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır. Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, Ulu Öndərin qurucusu olduğu YAP hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək”.

"YAP-ın yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb. YAP sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə daxil olub. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla son qoyaraq qələbə çaldı. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qələbə günü kimi yazıldı. Bu gün ilk dəfə biz YAP-ın ildönümünü torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyümüzün bərpa edildiyi bir dövrdə qeyd edirik. Ona görə də qalib ölkənin vətəndaşları olan bütün Azərbaycan xalqı və hər birimiz çox xoşbəxtik ki, bu fərəhli anları yaşayırıq. Bu şanlı tarixi yaratdığına görə Prezident, Ali Baş Komandan, partiyamızın sədri qəhrəman İlham Əliyevə borcluyuq və ona dərin təşəkkürümüzü bildiririk”, – deyə E.İbrahimov vurğulayıb.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək bildirib ki, Prezident, partiyanın sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğal altındakı torpaqlarımızın, o cümlədən Şuşanın azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Azad edilmiş bütün ərazilərimizdə tezliklə böyük quruculuq işlərinin başlanacağına əminliyini ifadə edən T.Əliyev gələcəkdə partiyanın tədbirlərinin Şuşada keçirilməsini təklif edib.

Milli Məclisin deputatı Fatma Yıldırım da çıxışında qeyd edib ki, YAP-ın yaradılmasının 28-ci ildönümü Azərbaycan xalqı üçün möhtəşəm tarixi hadisəyə, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsində qazandığımız parlaq qələbənin təntənəsini yaşadığımız günlərə təsadüf edir. F.Yıldırım bildirib ki, 28 illik fəaliyyəti dövründə partiyamız ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Partiyanın yarandığı vaxtdan Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə məlumdur. Hər seçkidən-seçkiyə partiyanın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir.

"Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. YAP ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Uğurlarımızın səbəblərindən biri də onların bizə əlavə stimul verməsidir. Hesab edirəm ki, bundan sonra partiyamızın gələcək yubileylərini daha yüksək əhval ruhiyyədə qeyd edəcəyik. Çünki artıq qalib xalqın və dövlətin hakim partiyasının nümayəndələriyik”, - deyə Milli Məclisin deputatı söyləyib.

Tədbirə yekun vuran Əli Əhmədov bildirib ki, Azərbaycan tarixinin yeni mərhələsi başlayıb. O, əminliyini ifadə edərək vurğulayıb ki, gələcək illərdə partiyamızın yaradılmasının ildönümlərini daha böyük nailiyyətlərlə qeyd edəcəyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video