23:57 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa Səhiyyə İttifaqı yaradılır
ANA SƏHİFƏ / SƏHIYYƏ
00:31 17.11.2020


Köhnə dünya ÜST-dən ayrılmaq niyyətindədir


Payız mövsümünün gəlişi ilə əlaqədar dünyanın müxtəlif regionlarında yeni tip koronavirusa yoluxma hallarının sayında, gözlənildiyi kimi, artım müşahidə olunur. Bu tendensiya Avropa ölkələrindən də yan keçməyib. Köhnə dünyanın bir çox ölkələrində, xüsusilə İtaliya, Almaniya, Avstriya, İspaniyada xəstələnənlərin sayında nəzərəçarpan azalma qeyd olunmur. İş o yerə gəlib çatmışdır ki, qitənin bəzi ölkələrində karantin rejiminə qayıdış məsələsi gündəliyə çıxarılır.

Artıq Avstriya hökuməti sərt karantin rejiminin tətbiq olunması barədə qərar qəbul etmişdir. Koronavirusun ölkədə sürətlə yayılması barədə məlumatlar daxil olduqdan sonra belə bir addım atmaq lazım gəlmişdir. Baş nazir Sebastyan Kurts vurğulamışdır ki, hər bir yeni sosial təmas artıqdır. Öz növbəsində Vyana Universitetinin mikrobiologiya mərkəzinin direktoru Mixael Vaqnerin dediyinə görə, indi sanitar tədbirlərə uzun müddət riayət olunması vacibdir. O hesab edir ki, yayda əhali COVID-19-un qurtardığını zənn edirdi. İndisə vətəndaşların əksəriyyəti artıq başa düşür ki, bu qənaət səhv idi və belə bir səhvi təkrarlamaq arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Bu gündən etibarən Avstriyada yalnız üzrlü səbəblərə görə küçəyə çıxmaq mümkün olacaq. Məktəblər distant təhsilə keçir, xidmət sahəsi müəssisələri və əksər mağazalar bağlanır, ofis əməkdaşları isə imkan daxilində evdən işləməli olacaqlar.

Almaniya hakimiyyət orqanları da cari ayın 2-də tətbiq olunmuş "yumşaq karantin” məhdudiyyətlərini sərtləşdirməyə hazırlaşır. Əsas vəzifə insanlar arasında təması daha da daraltmaqdır: uşaq və yeniyetmələrə asudə vaxtda yalnız bir "daimi dost” ilə, böyüklərə isə yalnız bir "daimi mehriban ev”in nümayəndələri ilə görüşməyə icazə veriləcək.

Köhnə dünyada yaranmış vəziyyətin təkrarlanmaması üçün Avropa Komissiyası (AK) Avropa Səhiyyə İttifaqı yaratmaq niyyətinə düşmüşdür. Səhiyyə məsələləri üzrə Avropa komissarı Stella Kiriakides bu ideyanı irəli sürərkən qeyd etmişdir ki, Avropa İttifaqı (Aİ) ölkələri səhiyyə sahəsində hazırkı koronavirus kimi irimiqyaslı böhranlarla mübarizə aparmaq üçün öz hərəkətlərini əlaqələndirməlidirlər. O xatırlatmışdır ki, yeni tip pandemiyanın ilk həftələrində və aylarında ayrı-ayrı ölkələrin əlaqələndirilməmiş addımları istənilən nəticəni verməmişdir.

Yeni qurum yoluxucu xəstəliklərin inkişafını izləyəcək və zəruri olanda Aİ səviyyəsində fövqəladə vəziyyət elan edəcək. Söhbət Aİ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ayrılmasından gedir. Bir sıra avropalı ekspertlər hesab edirlər ki, COVID-19 pandemiyası başlayanda qitə ölkələri ÜST-ə həddən artıq etibar edirdilər. Amma ÜST də səhvsiz deyildi. Məsələn, ekspertlərin fikrincə, Çinin təzyiqi altında ÜST fövqəladə vəziyyəti çox gec elan etdi. Odur ki, Avropanın gələcəkdə ÜST-dən ayrıca fəaliyyət göstərməsi məsləhətdir. Digər tərəfdən, hazırda yeni epidemiyaların meydana çıxması riski yüksəkdir və ona görə də Avropa belə hallara yaxşı hazırlaşmalıdır.

Bununla yanaşı, Brüssel səhiyyə məsələləri ilə əlaqəli strukturların səlahiyyətlərini genişləndirmək istəyir. Belə ki, Avropa Dərman Vasitələri Agentliyi yalnız peyvənd və dərmanların bazara buraxılmasına cavabdeh olmayacaq, həm də Aİ ölkələrində dərman və tibbi avadanlıq çatışmazlığını izləyib belə problemləri erkən mərhələdə aradan qaldıracaq. Eləcə də AK Stokholmdakı Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin fəaliyyətini gücləndirməyi planlaşdırır. Mərkəz gələcəkdə konkret ölkə barədə məlumat ala və ona müvafiq tövsiyələr verə biləcək, halbuki bu il, məsələn, qoruyucu maskalardan istifadə məsələsində Avropa ölkələri aylar boyu razılığa gələ bilməmişdi.

Məlum olduğu kimi, Aİ-nin üzvü olan dövlətlər səlahiyyətlərinin hansısa hissəsini Brüsselə verməyə həvəsli deyillər. Bununla belə, koronavirusun ilk dalğası zamanı müşahidə edilmiş xaos göstərdi ki, bu məsələnin qitə səviyyəsində tənzimlənməsi vacibdir. Avropa Parlamenti də belə planları yalnız alqışlayır.

Avropanın aparıcı siyasətçiləri Səhiyyə İttifaqı ideyasına müsbət yanaşırlar. Onların fikrincə, Aİ ərazisində sərhədlərin razılaşdırılmadan bağlanması, vacib dərman və tibbi avadanlıqların ixracının dayandırılması kimi fərdi milli təşəbbüslərə son qoyulmalıdır. Başqa sahələrdə olmasa da, səhiyyə sahəsində Brüsselə daha çox səlahiyyət verilməlidir ki, böhrana uyğun və yekdil reaksiya verə bilsin. Siyasətçiləri belə bir məqam da narahat edir ki, ölkələrin pandemiya ilə mübarizənin aparılmasında fərqli yanaşmalarında qarmaqarışıqlıq üzündən Aİ vətəndaşları özlərinə inamsızlıq hiss edir, maska taxılması, sosial məsafənin saxlanılması, testləşdirmə və karantin tətbiqi kimi elmi cəhətdən təsdiqlənmiş tədbirlərə elə də ciddi yanaşmırlar.

Səhiyyə İttifaqının 2023-cü ildən sonra fəaliyyətə başlayacağı ehtimal olunsa da, Aİ səhiyyənin bəzi sahələrində artıq mərkəzləşdirilmiş formada fəaliyyət göstərir. İndi əsas məsələ üzv-ölkələrdə "BioNTech” və "Pfizer” şirkətlərinin hazırladığı peyvəndlərin necə paylanacağıdır. Hələlik təkcə o məlumdur ki, hansı kateqoriya əhalinin, ilk növbədə, peyvəndlənməsini üzv-dövlətlər qəraralaşdıracaq. Aİ ölkələrində ilk peyvənd dozalarının dekabrın axırları-gələn ilin əvvəllərində paylanacağı gözlənilir.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM