14 Noyabr 2020 00:57
969
SİYASƏT
A- A+

İlham Əliyev Azərbaycanın hüquqlarını Qarabağda tam təmin etdi


Bu günlərdə Azərbaycanın həm müstəqillik, həm də bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri baş verdi.

30 ilə yaxındır işğal altında olan torpaqlarımız ordumuz tərəfindən cəmi 44 gün ərzində azad olundu, təcavüzkar Ermənistan kapitulyasiya bəyanatını imzalamağa məcbur edildi. Tarixə səs salan bu sənəd Azərbaycanın Ermənistan üzərində qalibiyyətini rəsmiləşdirən hüquqi akt oldu.


Beynəlxalq hüquq respublikamızın tərəfindədir


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair hələ birinci Qarabağ müharibəsinin gedişindən başlanmış danışıqlarda bütün beynəlxalq hüquq ölkəmizin tərəfində olub.

İlk növbədə ona görə ki, vaxtilə sovet dövlətinin yaratdığı Dağlıq Qarabağ Muxtar Vilayətinin əraziləri tarixi Azərbaycan torpaqlarıdır və onun digər 15 respublika kimi müstəqilliyini elan etməsi üçün heç bir hüquqi çərçivə yoxdur. Digər tərəfdən, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dövlətlər Dağlıq Qarabağı respublikamızın ərazisi kimi tanıyıblar. Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan BMT-yə və digər beynəlxalq qurumlara üzv qəbul olunanda da Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi qəbul edilib.

Sonrakı dövrdə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycan torpaqları olması BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsbit olunub. 822 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da qəbul edilib. Sənəddə işğalçı qüvvələrin Azərbaycanın Kəlbəcər rayonunu və digər işğal olunmuş rayonları dərhal tərk etməsi tələb olunur. BMT TŞ-nin həmin ilin iyulun 29-da keçirilən iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olunub. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb edilib. Qətnamədə həmçinin Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə olunub.

1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın digər rayonlarını işğal etmək üçün yeni hərbi əməliyyatlara başladı. Cəbrayıl, Füzuli və Qubadlı rayonları işğal edildi. 1993-cü il oktyabrın 14-də BMT TŞ yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı qətnamə qəbul etdi. Mahiyyət etibarilə bu qətnamə əvvəlkilərdən fərqlənmirdi.

1993-cü ilin oktyabrında Ermənistan silahlı qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənildi və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də Minsk qrupunun iclasında razılaşdırılmış "BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edildi.


Vasitəçilər işğal siyasətinə göz yumdular


BMT Təhlükəsizlik Şurasının qətnamələrinin hər biri birmənalı şəkildə Azərbaycanın işğala məruz qaldığını təsdiq edən beynəlxalq hüquqi sənəddir. Bu sənədlərə imza atanlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləridir. Lakin təəssüflə qeyd edilməlidir ki, 1994-cü ildə atəşkəsdən sonra davam edən danışıqlar prosesində BMT-nin qətnamələrinin icrası Ermənistandan tələb olunmadı, baxmayaraq ki, müasir beynəlxalq münasibətlərdə ayrı-ayrı dövlətlərə qarşı dərhal beynəlxalq təzyiqlərin edilməsinə dair faktlar var. Məsələn, buna vaxtilə Küveytə qoşun yeridən İraqa qarşı beynəlxalq koalisiyanın formalaşdırılmasını göstərmək olar. Bu praktikanın Ermənistana qarşı tətbiq olunmaması Azərbaycanın üzləşdiyi beynəlxalq hüquqi ədalətsizliyin növbəti nümunələrindən biri idi.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda isə baza prinsiplərinin ilk bəndi Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması olub. Amma reallıq göstərir ki, Minsk qrupu bunu Ermənistandan qətiyyətlə tələb etməkdən uzaq olub və yumşaq, deklorativ bəyanatlarla kifayətlənib. İşğalçı Ermənistan isə nəinki Qarabağı, hətta işğal olunmuş ətraf rayonları da qaytarmaq istəməyib. Sentyabrın 27-dən sonra Azərbaycanın başladığı əks-hücum əməliyyatlarından sonra bir daha bəlli olur ki, Ermənistan həmin rayonlarda toponimləri də dəyişib, onlara eybəcər adlar qoyub. Bu da təsdiq edir ki, işğalçı dövlət baza prinsiplərinin ilk bəndini də yerinə yetirməkdən uzaq olub.

Əlbəttə, bunlar nəticə etibarilə işğalın 30 ilə yaxın davam etməsinə səbəb olub. Bu dövrdə işğalçı Ermənistana rəhbərlik edənlər isə danışıqları sadəcə imitasiya ediblər və bununla da həm onlar, həm də vasitəçilər Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarını kobud şəkildə tapdalayıblar.


Ermənistan cəzalandırılaraq qovuldu


Ermənistanın sentyabrın 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks-hərbi əməliyyatlara başlamasına səbəb oldu. Əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad olundu. Tezliklə Ermənistanla dövlət sərhədinə qədər torpaqlarımızın işğaldan azad olunması ilə bütün dünya Azərbaycanın gücünü, işğalçı Ermənistanı ən qısa müddətdə məğlub etmək əzmini gördü.

İşğaldan azad edilmiş şəhərlər, rayonların kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü.

Prezident İlham Əliyev müsahibələrinin birində dedi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır. Əgər 1992-ci ildə Azərbaycanda mərkəzi hakimiyyət güclü olsaydı, siyasi çəkişmələr baş verməsəydi, Şuşa heç vaxt işğal olunmazdı. Vətən müharibəsində Azərbaycan ictimaiyyəti Şuşanın azad edilməsini böyük səbirsizliklə gözləyirdi. Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsini bəyan etməsi Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşünün pik nöqtəsi oldu.

Öz ərazilərini işğaldan təmizləməklə Azərbaycan, ilk növbədə, BMT-nin qətnamələrinin icrasını yerinə yetirdi. Öz xoşu ilə vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı indi qəhrəman Ordumuz tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.


Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun davrandı


Vətən müharibəsi başlayandan sonra Azərbaycana qarşı ermənipərəst siyasi mərkəzlərdən çoxsaylı təzyiqlər olsa da, Prezident İlham Əliyev bütün bunların qarşısını əzmlə, qətiyyətlə aldı. Eyni zamanda Azərbaycan dünyaya sübut etdi ki, öz ərazisində BMT Nizamnaməsinin 51-ci maddəsinin tələblərini icra edir.

Beynəlxalq hüquqa əsasən xarici dövlətin silahlı qüvvələrinin təcavüz, hücum, işğal və ya bombardman şəklində olmasından asılı olmayaraq, hər hansı bir silahlı hücum baş verdikdə özünümüdafiə hüququ dərhal və hamı üçün qüvvəyə minir. BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir: "Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş Millətlərin üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlər görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdafiə hüququna xələl gətirmir”.

Beləliklə, Azərbaycan öz torpaqlarında həm də BMT-nin Nizamnaməsindən irəli gələn tələbləri yerinə yetirərək özünümüdafiə hüququndan yararlandı. Bu dövrdə qeyd etdiyim ki, Azərbaycana qarşı beynəlxalq təzyiqlər edildi. Hətta BMT-də Ermənistanın maraqlarına cavab verən qətnamənin qəbuluna cəhd göstərildi. Lakin beynəlxalq hüquq son nöqtəsinə qədər Azərbaycanın tərəfində olduğundan bu riyakar cəhd baş tutmadı.

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi və həmin tarix Azərbaycan xalqının Vətən müharibəsində Qələbə günü kimi təqvimə yazıldı.

Tarix sübut edir ki, bütün müharibələr bu cür sənədlərin imzalanması ilə başa çatır və belə hüquqi anlaşmalar gələcək dövr üçün hər bir tərəfin ortaya qoymalı olduğu davranışları təsbit edir. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə ölkəmizin qələbəsinin hüquqi baxımdan təsdiqidir. Eyni zamanda bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edən hüquqi aktdır. Üstündən onillər, qərinələr keçsə də, bu bəyanat Azərbaycanın milli haqqının bərpası istiqamətində əsas tarixi hüquqi sənədlərdən biri kimi çıxış edəcək.

Artıq Azərbaycan Ermənistanın işğalına son qoyub. Bu böyük Qələbənin müəllifi isə Azərbaycan Prezidentidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz xalqımızın 30 illik arzusunu reallığa çevirdi, ərazi bütövlüyümüzü bərpa etdi. İlham Əliyev Azərbaycanın hüquqlarını təmin etdi. Qələbəmiz mübarək olsun!

Qarabağ Azərbaycandır!

Qələmdar ABBASOV,

Göygöl rayon məhkəməsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video