25 Oktyabr 2020 00:43
737
SİYASƏT
A- A+

İlham Əliyevin növbəti siyasi-diplomatik zəfəri


BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına cavab verməyən bəyanatın layihəsi geri götürülüb


Qədim yurd yerimiz olan Dağlıq Qarabağın azad edilməsi üçün başlanan Vətən müharibəsi davam edir. Cəmi bir neçə həftə ərzində ordumuz cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizin bir qismindən düşməni qovub, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətimizi təmin edib.


Danışıqlar Azərbaycanın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə mümkündür


Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 1994-cü ildən bəri aparılan danışıqlar məhz işğalçıya təsir göstərilməməsi səbəbindən nəticəsiz idi. O cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr yerinə yetirilməmiş qalıb. Ötən dövrdə nə BMT, nə də digər təşkilatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsinə maraq göstəriblər.

Maraqlıdır ki, Ermənistanın işğalçı siyasətinə göz yuman və öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar, bəzi dövlətlər Azərbaycanın uğurlu hərbi əməliyyatları başlayandan bəri atəşin dayandırılması, problemin danışıqlar masası ətrafında həlli üçün canfəşanlıq edirlər.

Lakin Azərbaycanın şərtləri və tələbləri var və bunu Prezident İlham Əliyev xalqa müraciətlərində və müsahibələrində bəyan edib. Bildirilib ki, danışıqlar Azərbaycanın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə mümkündür. Bəli, bu gün döyüş meydanında olduğu kimi, danışıqların keçirilməsinə dair şərtləri də Azərbaycan diktə edir.


Ermənistana daha bir zərbə BMT-də vuruldu


Bu günlərdə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa tərəfindən TŞ prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı.

Buna görə də TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildiriblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkməyə məcbur olublar.

Xatırladaq ki, son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi isə sırf onların üslubunda idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Layihə ilə tanışlıq göstərir ki, həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. TŞ qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar.


TŞ mənasız bir quruma çevrilib


Bəs nəyə görə həmsədr ölkələr TŞ-nin 1993-cü ildə qəbul olunmuş qətnamələrindən bu qədər qorxurlar? TŞ qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? Çünki həmin qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etmələrinə dair tələblər yer alıb. TŞ-nin 884 saylı qətnaməsində "822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.

Həmin vaxt bu qətnamələrin qəbuluna indi Minsk qrupunun həmsədri olan dövlətlər də müsbət münasibət bildiriblər. Amma indi hazırlanan layihədə həmin qətnamələrə istinad edilməməsi özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etmək deməkdir. Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı da Ermənistan və Minsk qrupunun həmsədr ölkələridir. Son baş verənlər də həmsədrlərin Azərbaycan cəmiyyətində niyə qıçıq və qəzəb yaratdığını aydın surətdə izah edir.

Görünən başqa bir reallıq odur ki, TŞ-nin özü də tamamilə mənasız bir quruma çevrilib. Dünyada onun kimi antidemokratik bir qurum yoxdur. Çünki TŞ daimi üzvlərinin girovuna çevrilib. Daimi üzvləri isə ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?


Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin nəticəsi


Qeyd etdiyimiz kimi, Azərbaycanın maraqlarına uyğun olmayan bəyanat layihəsinin qəbul edilməməsində QH-yə üzv olan ölkələrin tarixi rolu olub. Onlar ədaləti, beynəlxalq hüququ dəstəkləməklə QH-nin prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.

Bəzən bir sıra müxalifət nümayəndələri "QH-yə qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, "Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımları edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma bu gün hər kəs gördü ki, Prezident İlham Əliyevin xarici siyasət xətti zərgər dəqiqliyi ilə ölçülüb-biçilib və uzunmüddətli hədəflərə hesablanıb. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nin sədri seçilib. Prezident İlham Əliyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəkləyib. Azərbaycan yalnız COVID-19-la bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib. Buna görə BMT TŞ-də ədalətsiz bəyanatın qəbul edilməməsi və QH-yə üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video