25 Oktyabr 2020 00:38
487
SİYASƏT
A- A+

İlham Əliyev danışıqlar masasına qayıtmağın yeganə yolunu göstərdi


Azərbaycan Prezidenti Dağlıq Qarabağın gələcəyi ilə bağlı planlarını da açıqladı


Xalqımızın qəhrəmanlıq salnaməsinə şərəfli səhifələr yazılır. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əməliyyatlar hər kəsdə böyük ruh yüksəkliyi yaradıb. İllərdir sülh danışıqlarından imtina edən, cəzasızlıq mühitindən yararlanaraq status-kvonun saxlanmasına çalışan bu ölkənin hərbi-siyasi rəhbərliyi indi savaşın dayandırılması üçün yalvarmadığı dövlət başçısı qalmayıb. Ancaq Ermənistan rəhbərliyinin əməlləri danışıqları mənasız edib.


İlham Əliyevin müsahibələri Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır


Prezident İlham Əliyev KİV-ə verdiyi müsahibələrində bu məsələyə toxunaraq bəyan edir ki, artıq vəziyyət dəyişib, satus-kvo və təmas xətti mövcud deyil. İndi Ermənistan rəhbərliyi məntiqli davranmalı və işğal edilmiş əraziləri boşaltmalıdır. Tərəflər arasında aparılan müzakirələrdə isə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. Yəni Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərə əməl edilməyincə, haqq savaşımız davam edəcək.

Dünyanın ən nüfuzlu KİV-indən olan Fransanın "Figaro” və Yaponiyanın "Nikkei” qəzetlərinə müsahibəsində də Prezident İlham Əliyev bir daha dəyişməz, prinsipial mövqeyini açıq şəkildə ortaya qoydu.

Qeyd edək ki, dövlət başçısının tanınmış xarici mətbuat orqanlarına və televiziyalara verdiyi müsahibələr informasiya müharibəsi sahəsində də Azərbaycanın mövqeyini kifayət qədər gücləndirir.

Azərbaycanın haqlı mövqeyi nüfuzlu xarici KİV-də təbliğ olunur, dünyaya çatdırılır. Prezidentin böyük oxucu kütləsinə malik olan "Figaro” və "Nikkei” qəzetlərinə müsahibələrinin həm Avropa, həm də Asiyada geniş marağa səbəb olması bunu bir daha təsdiqləyir.

Dövlət başçısı bu müsahibələrində bir çox məsələlərə aydınlıq gətirdi və Ermənistanın düşdüyü acınacaqlı durumdan xilas yolunu göstərdi. Əgər İlham Əliyevin şərtləri yerinə yetirilərsə, Azərbaycan Ordusunun Qarabağdakı əməliyyatları dayanacaq və sülh danışıqlarına başlanacaq. Əks təqdirdə Azərbaycan dayanmayacaq.


Ermənistanın yeganə çıxış yolu...


Bu gün dünya şahidlik edir ki, Azərbaycan əvvəlki dövrlərdə olduğu kimi bu savaşda da birinci və ikinci humanitar atəşkəsə sadiqlik göstərdiyi halda, Ermənistan mülki insanların yaşadığı ərazilərə ballistik raketlərlə hücum edir. Bu da bir daha təsdiq edir ki, terrorçu hakimiyyət öz xislətindən əl çəkmək fikrində deyil.

Prezident İlham Əliyev bir daha xatırlatdı ki, Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” sərsəm fikrini səsləndirəndə, Azərbaycanın qondarma "Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu iddia edəndə, Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Çünki atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özünü müdafiə etməlisən, eyni zamanda, əks-hücuma da keçməlisən. Ermənistan silahlı bölmələrinin ikinci dəfə atəşkəsi pozmasından sonra Azərbaycan Ordusunun Zəngilan şəhərini və bir çox kəndləri azad etməsi işğalçıya dərs olmalı idi.

Bu baxımdan Ermənistan hökuməti davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərini boşaltmaq barədə üzərinə ciddi öhdəlik götürməlidir. Əks təqdirdə Azərbaycan Ordusu öz missiyasını sonadək yerinə yetirəcək. İşğal altında olan torpaqlarımız son qarışınadək düşməndən təmizlənəcək və Ermənistan döyüş meydanında çox acı məğlubiyyətlə üzləşəcək.

Bu gün savaş meydanında Ermənistanın itkiləri getdikcə çoxalır, erməni əsgəri silahını, döyüş bayrağını, hərbi texnikasını ataraq qaçır, ya da ağ bayraq qaldıraraq təslim olur. Əsir götürülən erməni əsgəri, yüksək rütbəli zabitlər verdikləri açıqlamalarda Nikol Paşinyana lənət yağdırırlar. Onların zorla bu döyüşlərə cəlb edildiklərini vurğulamaları bir daha Ermənistanın hərbi-terrorçu rejiminin məkrli planlarını ifşa edir. Prezident

İlham Əliyevin dediyi kimi, görünən odur ki, onlar neofaşist Ermənistan hakimiyyətinin əsirlərinə çevriliblər.

Əgər Ermənistan bu gün təxribatlarını dayandırsa, konstruktiv davransa, Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və ölkəmizin sadiq olduğu əsas prinsipləri yerinə yetirsə, danışıqlar aparmaq olar. Yəni məsələnin siyasi həlli mümkündür. Eyni zamanda Ermənistan hakimiyyəti başa düşməlidir ki, indi onlar diktə etmək vəziyyətində deyillər. Çünki status-kvonu, təmas xəttini ləğv edən Azərbaycan yeni reallıq yaradıb və Ermənistan bununla razılaşmağa məcburdur.


Dağlıq Qarabağda heç bir referendum olmayacaq


Dağlıq Qarabağı geri qaytarandan sonra Azərbaycan dövlətinin xalqların müqəddəratını təyinetmə hüququ və referendumun keçirilməsi ilə bağlı mövqeyinə gəlincə, Prezident birmənalı şəkildə Dağlıq Qarabağda heç bir referendumun olmayacağını və bununla heç vaxt razılaşmayacağını bəyan etdi.

Çünki İlham Əliyev bütün danışıqlar zamanı buna razılıq verməyib və indi torpaqlarımızın böyük bir hissəsini geri aldığımız vaxtda bundan söhbət belə gedə bilməz. Öz müqəddəratlarına gəlincə, onların dövləti var. N.Paşinyanın separatçı rejimin tanınması arzusu da ürəyində qalacaq. Çünki ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə Qarabağ probleminin Yerevanın ssenarisi çərçivəsində həllinə dəstək vermir. Vaxtilə rəsmi Bakının Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi təkliflərini qulaqardına vuran erməni tərəfinin bu gün dünyaya yalvarışları mənasız və məntiqsizdir.

"Figaro” qəzetinə müsahibəsində də Prezident Qarabağın gələcəyi ilə bağlı baxışlarını bölüşdü. Bəyan etdi ki, Azərbaycan dövləti Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı ölkəmizin çiçəklənən, təhlükəsiz ərazisi kimi inkişaf etdirməyi planlaşdırılan ərazi kimi görür. İqtisadi qüdrəti getdikcə güclənən Azərbaycan Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilər. "Ermənistan da daxil olmaqla indiyədək heç kim "Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ermənilər və azərbaycanlılar üçün ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır. Mənim planım bundan ibarətdir”, - deyə dövlət başçısı bildirdi.

Bir sözlə, əgər Ermənistanın hərbi-siyasi rəhbərliyi İlham Əliyevin şərtlərini qəbul edib işğalçı ordusunun torpaqlarımızdan tam olaraq çıxmasını təmin edərsə, savaş dayanacaq. Əks təqdirdə, Ermənistan müharibə məğlubiyyətinə görə düşdüyü dərin kataklizmdən çıxa bilməyəcək. Çünki Azərbaycan Ordusu dayanmayacaq, sonuncu erməni əsgəri torpaqlarımızdan rədd olmayana qədər haqq savaşını davam etdirəcək. Bu gün Füzulidə, Cəbrayılda, Zəngilanda, Murovda, Suqovuşanda dalğalanan bayrağımız tezliklə Şuşada, Kəlbəcərdə, Ağdamda da düşmənə göz dağı verəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video