24 Oktyabr 2020 19:00
489
SİYASƏT
A- A+

Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb


Milli Məclisin Sədri Sahibə Qafarova Fransa Milli Assambleyasının Sədri Rişar Ferrana məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda Milli Məclisin Sədri oktyabrın 16-da Fransa Milli Assambleyasının Rəyasətində qeydiyyatdan keçmiş "Artsax respublikasının tanınması” haqqında qətnamə təklifi ilə əlaqədar ciddi narahatlığını və narazılığını ifadə edib.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və heç bir dövlət, o cümlədən Fransa tərəfindən tanınmayan qanunsuz separatçı rejimin Fransa tərəfindən tanınması məqsədini daşıyan bu təklif Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasına yönələn, heç bir hüquqi əsası olmayan akt kimi qiymətləndirilir. Belə bir təklif Fransanın beynəlxalq, Avropa və ikitərəfli öhdəliklərinə ziddir və ölkələrimiz arasında münasibətlərə ciddi zərər vura bilər.

Qeyd olunur ki, Fransa Minsk qrupunun həmsədr ölkəsi kimi ATƏT-in prinsipləri və BMT Nizamnaməsi əsasında öz üzərinə öhdəlik götürdüyü, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrinin qəbuluna səs verib. Həmin qətnamələr Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyir, ərazilərimizin işğalını pisləyir, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edir. Eyni zamanda, bu qətnamələr erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Eyni şəkildə, Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə və ya təhdid yaradan bütün addımları qadağan edir.

Sözügedən qətnamə təklifi, eyni zamanda, Fransanın "Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə” üzrə qarşılıqlı öhdəliklərinə ziddir.

Milli Məclisin Sədri Sahibə Qafarova xatırladır ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək "Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş” (1996), eləcə də "2018-2020-ci illər üçün Azərbaycan-Avropa İttifaqı arasında Tərəfdaşlığın Prioritetləri”ndə də təsdiq olunub, Azərbaycanın ərazi bütövlüyünə dəstək prinsipinin Avropada sülh və sabitliyin qorunmasına töhfə verəcəyi təsbit edilib.

Məktubda bildirilir ki, Fransa vasitəçi kimi qərəzsizliyini və bitərəfliyini qorumalı, beynəlxalq hüququ pozan və münaqişənin danışıqlar yolu ilə həllinə mane olan bütün qanunsuz hərəkətlərin qarşısını almalıdır. Əks təqdirdə, bu, Fransa üçün Minsk qrupunun həmsədri kimi məsuliyyət doğuracaq. Belə ki, sözügedən qətnamə təklifi qəbul ediləcəyi təqdirdə, o, Minsk qrupu çərçivəsində danışıqlar prosesinə kobud və təhlükəli müdaxilə kimi münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi xələl gətirəcək.

Sonda Milli Məclisin Sədri Sahibə Qafarova bildirir ki, bu cür addım Azərbaycan-Fransa əlaqələrinə qarşı ciddi çağırışdır, eyni zamanda, ölkələrimiz arasında ikitərəfli münasibətlərə və əməkdaşlığa zərbə vurmaqla nəticələnə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video