Alternative content

20:46 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanı mat qoyan siyasət
Dünyanı mat qoyan siyasət
ANA SƏHİFƏ / SİYASƏT
01:43 14.10.2020


Ermənistan terrorçu dövlət olduğunu növbəti dəfə nümayiş etdirdi. Rusiyanın təşəbbüsü ilə


Moskvada humanitar atəşkəsin əldə olunmasından heç bir neçə saat keçməmiş Mingəçevir və Gəncə şəhərləri Ermənistan ərazisindən gecəyarı ballistik raketlərlə atəşə tutuldu.

Cənubi Qafqazın əsas enerji infrastruktur mərkəzi olan Mingəçevir SES-i hədəf almış raketlər havada zərərsizləşdirilsə də, Gəncəyə atılmış raket, əfsus ki, böyük dağıntılar törətdi, günahsız insanların həyatına son qoydu. Terroru təcavüzkar xislətinə uyğun olaraq özünün əsas dövlət siyasətinə çevirmiş Ermənistan 1992-ci ilin 26 fevral gecəsi Xocalıda törətdiyi vandalizm aktını bu dəfə də Gəncədə təkrarladı. 350 minə yaxın əhalisi olan, müxtəlif xalqların nümayəndələrinin əsrlərlə mehriban şəraitdə yaşadıqları Gəncə şəhərinə vurulan raket zərbəsi nəticəsində 9 mülki vətəndaşımız həlak oldu. Aralarında azyaşlı körpələr, qadınlar da olmaqla 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Gəncəyə raket hücumunun Ermənistanın Vardenis rayonundan həyata keçirildiyi artıq dəqiqdir.

Düşmən törətdiyi bu beynəlxalq cinayətin cavabını təbii ki, artıqlaması ilə alacaq. Ermənistanın hərbi siyasi rəhbərliyi Gəncədə həlak olan, sağlamlığını itirən o insanların şəxsində, ümumiyyətlə, bəşəriyyətə qarşı törətdiyi cinayət əməllərinin məsuliyyətindən qaça bilməyəcək. Çünki güclü havadarları da onun dünyada tanınmış məkrli, hiyləgər, qaniçən simasını ört-basdır etmək imkanında deyillər.


Erməni faşizminin növbəti təzahürü


İşğalçı Ermənistanın təxribatlarına qarşı müzəffər ordumuzun əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızın bir hissəsini azad etdiyi əvvəlki günlərdə də düşmən Gəncəni və çoxsaylı mülki vətəndaşlarımızın olduğu başqa yaşayış məntəqələrimizi artilleriya zərbələrinə məruz qoyub. Nəticədə təkcə son bir neçə gün ərzində 41 nəfər mülki vətəndaşımız həyatını itirib. 200 nəfərdən çox mülki şəxs isə yaralanıb. Şəhərlərimizdə, o cümlədən Gəncə şəhərində çoxsaylı obyektlərə güclü ziyan dəyib.

Gəncəyə insan itkiləri ilə nəticələnən son raket hücumunun humanitar atəşkəs haqqında Moskva razılaşmasından az sonra baş verməsi isə bütün dünyada xüsusilə böyük hiddət doğurdu. Bu, Ermənistan rəsmilərinin beynəlxalq hüquq normaları, Rusiyanın vasitəçilik təşəbbüslərinə uyğun öz imzalarına da hörmət etmədiklərini göstərir. Bu, bizim nə qədər həyasız, azğın bir düşmənlə mübarizə apardığımızın mənzərəsini müəyyənləşdirir.

Azərbaycan Respublikasının Prezidenti Ermənistanın bu azğınlığını erməni faşizminin daha bir təzahürü kimi qiymətləndirib: "Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!” Bütün bunlar bir daha sübut edir ki, işğalçı ölkənin rəhbəri qan tökmək hərisliyi ilə xalqını, çoxu muzdlulardan ibarət ordusunu məhv olmaq faciəsindən xilas etmək istəyən Rusiyanın imicini, bütün dünyada qəbul edilmiş müharibə qanunlarını ayağı altına alıb pozaraq heç bir şeyin fərqinə varmadan, qəddarlıq və dəlilik səviyyəsinə çatmış adi bir ermənidir.


"Sözümüz də imzamız qədər keçərlidir”


Azərbaycan hər zaman fərqindədir ki, hərbi əməliyyatların da öz qayda-qanunları, normaları var. Ordumuz düşmən təxribatlarına cavablarında, həyata keçirdiyi bütün hərbi əməliyyatlarda bu normalara riayət etdiyini sübuta yetirib. Azərbaycan öz sözünə, imzasına hər zaman sadiqdir. "Bizim sözümüz də imzamız qədər keçərlidir” deyir cənab İlham Əliyev. Onun ürəkdən gələn qətiyyətlə dediyi hər kəlməsi xalqının ürəyindən tikanlar çıxarır, qələbəyə sarsılmaz əminlik yaradır.

Dövlət rəhbərimiz hətta imzasız, sənədsiz verilən sözlərə, əldə edilmiş razılaşmalara da sadiqlik nümayiş etdirir. Qarşısındakılardan da bunu gözləyir, verdikləri sözlərlə, sənədlərə qoyduqları imzalarla necə davranacaqlarını təmkinlə izləyərək onlara şans verir. Bununla göstərir ki, "siyasətdə məqsəd vasitəyə haqq qazandırır” deyənlər əslində siyasəti çirkaba bulayan haqsız və cılız adamlardır. Comərdlik, verilən sözü axıra qədər tutmaq, inam əslində adi insani münasibətlərdəki qədər siyasətdə də ən ali dəyərlərdir. Amma bu dəyərləri də ancaq güclü, qətiyyətli liderlər, öz xalqına arxalanan, riyakarların cılız əməllərindən çəkinməyən, bu riyakarlıqların cəzasını vermək iqtidarında olan bütöv şəxsiyyətlər qoruya bilərlər. İlham Əliyevi dünya siyasətinin parlaq, nüfuzlu liderlərindən biri edən, ona hər kəsin sevgi və rəğbətini qazandıran, bu siyasətə dünyanı mat qoyan da elə peşəkarlığı ilə yanaşı, həm də malik olduğu dəyərlərdir. Comərdliyidir, verdiyi sözü tutmasıdır, sözünə də, imzasına da hörmətlə, ehtiramla yanaşmasıdır, sözü ilə əməlinin vəhdətidir.


Döyüş meydanında məğlub olmuş Ermənistan mülki əhalini hədəf seçib


Əfsuslar olsun ki, biz şəxsiyyət etibarilə bu dəyərlərin tamam əksinə sahib olan, tarix boyu qol qoyduqları mənəviyyatsızlıqlarla həyatın dibinə enmiş bir düşmənlə üz-üzəyik. Erməni rəsmiləri oxşar riyakarlıqları, xəyanətləri, əldə edilmiş razılaşmaları pozmaq xislətini indiyə qədər təkrar-təkrar göstəriblər. Ona görə də Moskva razılaşmasından, humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan sonra Azərbaycanın bir sıra rayonlarına 548-dən çox mərminin (axı bu silahları öz vəsaiti ilə əldə etsəydi, "bu qədər səxavətli” olmazdı) atılması faktı əsla təəccüblü deyil. Düşmən yaşayış məntəqələrimizin atəşə tutulmasını humanitar atəşkəs boyu davam etdirib və hazırda da eyni təxribatları davam etdirməkdədir. Bu da Ermənistanın rəşadətindən deyil, acizliyindən irəli gəlir. İşğalçı ölkənin özünə yer tapa bilməməsi şanlı ordumuzun vurduğu yaraların dərinliyindəndir. Ermənistan illərdir işğal altında saxladığı torpaqlarımızın bir qismindən qovulması, ordumuzun hətta Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrut qəsəbəsini düşməndən təmizləməsi reallığını sinirə bilmir. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə düçar olması ilə barışmaq istəmir.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Ermənistanın Gəncəyə sonuncu raket hücumu ilə bağlı vətəndaşlarımıza müraciətində düşmən ölkənin bu vəhşiliklərinin dəqiq anlamı verilib: "Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram.

Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər”.

"Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır”, - yazır Mehriban xanım.

Müraciətdə də göstərildiyi kimi, Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik, etinasızlıq nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün rüsvayçı olacaq müharibənin yeni mərhələsinə təhrik edir.

Azərbaycan Prezidenti Rusiyanın RBK kanalına müsahibəsində Ermənistanın öz azğın davranışlarını humanitar atəşkəs dövründə də davam etdirməsinin işğalçı ölkənin danışıqlar masasındakı itkilərindən irəli gəldiyini dolayısı ilə diqqətə çatdırdı: "Erməni qüvvələri bir neçə istiqamətdə genişmiqyaslı əks-hücum cəhdləri göstərib, Hadrutu geri almağa, Cəbrayıl rayonunda, şimal istiqamətində bizim azad etdiyimiz əraziləri geri almağa cəhd göstərib. Yəni onlar Moskvada tərəflərin razılığa gələ biləcəyini başa düşdüklərindən itirdiklərini və onlara məxsus olmayanları maksimum həcmdə özlərinə qaytarmağa çalışıblar. Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir”.


Yalançını mənzilinədək qovmalı


Nəticə etibarilə Ermənistan bu antihumanist addımları ilə öz acınacaqlı aqibətini daha da yaxınlaşdırır. Döyüş meydanlarında Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında mövqelərini əldən verib qaçdığı kimi, diplomatik meydanda da geri çəkilməyə məcbur olur. Ermənistandan gəlmiş hərbçiləri əzəli və əbədi torpaqlarımızdan iti qovan kimi qovan (bu adı özü qazanıb-red) Azərbaycan dövləti diplomatik arenada da Ermənistanın yalançı, riyakar rəhbərliyinin qoparağını götürür. Bir el misalımızda deyildiyi sayaq, "yalançını mənzilinədək qovarlar”.

Moskva görüşündə masa arxasında əyləşmək, Ermənistana sonuncu şans vermək Azərbaycana məhz bunun üçün lazım idi. Azərbaycan bununla münaqişənin sülh danışıqları ilə, ölkəmizin ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə sadiqliyini növbəti dəfə nümayiş etdirdi.

Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qaydada "yox” deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı. Bu baxımdan rəsmi Bakının Moskva görüşünü qəbul etməsi və gərgin danışıqlarda iştirakı doğru addımdır. Görüşün dörd bəndlik yekun razılaşma sənədində atəşkəsin Azərbaycanın istəyi ilə sırf humanitar məzmun daşıması isə o deməkdir ki, ölkəmiz Ermənistanın davranışlarını nəzərə alaraq istənilən an hərbi əməliyyatları bərpa edə bilər. Bundan başqa, sənədə əsasən Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar. Bu da Azərbaycanın diktə etdiyi daha bir şərt və əldə etdiyi daha bir diplomatik uğurdur.


İndi şərtləri Azərbaycan diktə edir


Cənab İlham Əliyevin RBK kanalına müsahibəsində verdiyi izahlardan da gördük ki, yekun sənəddə Azərbaycan bütün prinsipial şərtlərini qəbul etdirə bilib. Daha doğrusu, tərəflər Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkilmədiyini görərək şərtləri qəbul etməli olublar. Çünki Ermənistanın yeni rəhbərliyi mövcud status-kvonu saxlamaqdan ötrü danışıqların formatını dəyişməyə cəhd göstərir, aparılan danışıqların Azərbaycan Respublikası ilə Dağlıq Qarabağdakı qondarma rejimlə keçirilməli olması barədə sərsəm bəyanatlar verirdi. Ordumuzun cəbhədəki parlaq qələbələrindən, uzun illərdir davam edən status-kvonu pozmasından sonra isə indi şərtləri haqlı olaraq məhz Azərbaycan diktə edir.

Azərbaycan Ordusunun bu illər ərzində düşmənin qorumağa çalışdığı status-kvonu pozub işğalçıların əsas gücünü əlindən almasından sonra yaranmış yeni reallıqlara siyasi və diplomatik müstəvidə baxılması normal bir haldır. Hərbi əməliyyatlar danışıqlar prosesində də Azərbaycanın mövqeyini xeyli möhkəmləndirdi. Qeyd etdiyimiz kimi, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyənləşdirir və ölkəmizə qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı aydın dərk edir.

Bütün bu nəticələr Azərbaycana qarşı yönələn güclü təzyiqlər qarşısında əldə olunur. Prezident İlham Əliyev siyasi təzyiqlərə sinə gərərək məharətli və vaxtında atılan diplomatik addımları ilə Azərbaycana qarşı görülən bu təzyiqləri dəf edir. Dövlət rəhbərimizin qətiyyətli mövqeyi, diplomatik məharəti Ermənistan və onun havadarlarının bir araya gəlib Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırmasına imkan vermir. Ölkəmiz hərb meydanında olduğu kimi, danışıqlar masasında da haqlı tərəf kimi görünür, öz ədalətli mövqeyini qoruyub qətiyyətlə saxlayır.


Artıq təmas xətti deyilən anlayış yoxdur


Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, ciddi mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Ermənistan öz təcavüzkar mövqeyindən geri çəkilməzsə, münaqişə sülh yolu ilə həllini tapmazsa, torpaqlarımızın hərb yolu ilə azad ediləcəyini bütün dünyanın şahidliyi ilə Azərbaycan hər zaman bəyan edirdi. Bu dəfə isə belə bir bəyanat reallıqda öz ifadəsini tapdı. Azərbaycan öz hərbi zəfərləri ilə "münaqişənin hərbi həlli yoxdur” tezisini tez-tez təkrarlayan Ermənistan və onun havadarlarının bu tezisini darmadağın etdi. Artıq təmas xətti deyilən anlayış yoxdur. Azərbaycan bununla bütün dünyaya göstərdi ki, münaqişəni birdəfəlik həll edə bilmək qüdrətindədir. Biz istər sülh, istərsə də müharibə olsun, ədaləti təmin edən hər iki varianta hazırıq.

Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyev bu maraqların onun üçün ən ali dəyər olduğunu hər zamankı kimi bir daha sübuta yetirdi. Eyni zamanda uzun illərdir danışıqlar prosesində ciddi bir nəticə ortaya qoya bilməyən ATƏT-in Minsk qrupunu da yeni bir vəziyyət qarşısında qoydu. Etiraf edək ki, münaqişənin öz həllini tapmamasında və işğala əsaslanan status-kvonun qorunmasında Ermənistana xaricdən ciddi dəstək göstərilir, danışıqlar prosesi heç bir nəticə vermədən sadəcə danışıqlar xatirinə aparılırdı. Məqsəd isə tədricən işğalı Azərbaycan cəmiyyətinə unutdurmaq və torpaqlarımızın Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev isə xalqın gücünə, milli həmrəyliyimizə, ordumuzun qüdrətinə arxalanaraq qəti siyasi iradə nümayiş etdirməklə 30 illik bu riyakar oyunu pozdu. Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. ATƏT-in Minsk qrupu heyətinə mövcud reallıqları nəzərə alaraq yenidən baxılması, regionda sabitliyin, inkişafın əsas qarantlarından olan qardaş Türkiyənin də danışıqlar prosesində fəal mövqe tutması tələbini aktuallaşdırdı.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə artıq yenidən baxılmalıdır. Bu qrupda həmsədr statusunda çıxış edən Fransanın ermənipərəst mövqeyi, Azərbaycana qarşı qərəzli münasibəti hər kəsə bəllidir. Bu münasibət son hərbi əməliyyatlar zamanı daha aydın şəkildə üzə çıxdı.

Həmsədrlərin medianın son olaylara qeyri-obyektiv münasibəti, münaqişə ilə bağlı müzakirələrdə əməlli-başlı tərəf tutması Azərbaycana münasibətin əfsuslar ki, birmənalı olmadığını göstərdi. Azərbaycan cəmiyyətində Rusiyaya olan xoş münasibətə, iki ölkə arasındakı böyük bir dövrün dostluq münasibətlərinə yaraşmayan və zidd olan bu yanaşmanın aradan qaldırılması üçün Rusiya da müəyyən ədalətli addımlar atmalıdır.


Azərbaycan Prezidenti regionun geosiyasi mənzərəsini dəyişir


Son olaylar bir daha göstərdi ki, ölkəmizin təşəbbüskarı olduğu qlobal layihələrlə regionun sosial-iqtisadi mənzərəsini dəyişən Azərbaycan Prezidenti İlham Əliyev bu gün məntiqli diplomatik gedişləri ilə də regionun geosiyasi mənzərəsini də dəyişməkdədir. Biz hansısa gözləntilərimizdə tələsə bilmərik, nəticənin daha tez əldə olunmasını istəyə bilərik. Amma nəzərə almalıyıq ki, hansı addımın nə zaman atılacağını dövlətimiz, ölkə rəhbərimiz hamıdan yaxşı bilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi: "Nəyi, nə vaxt, necə etmək lazımdır, bunu mən bilirəm!”

Dövlət rəhbərinin bu sözlərini bu günədək aparılan siyasət, atılan addımların qazandırdığı nəticələr sübuta yetirir. Bizim isə missiyamız xalq olaraq daim dövlətimizin, Prezidentimizin yanında olmaq, milli həmrəyliyimizi qorumaq, obyektiv həqiqətlərimizi düzgün şəkildə cəmiyyətə və dünyaya çatdırmaq, informasiya müharibəsində də Azərbaycanın üstünlüyünü təmin etməkdir.

Mehriban xanım Əliyevanın xalqa müraciətində qeyd etdiyi kimi: "Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq!”

Haqq davasında qələbə gec-tez haqlı tərəfin olur. Bu davada haqlı olan bizik!

Qarabağ Azərbaycandır! Buna heç kimin şübhəsi olmasın.


Nurlana ƏLİYEVA,

BSU-nun rektoru,

YAP Qadınlar Şurasının sədri,

professor





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM