07 Oktyabr 2020 02:30
1266
PARLAMENT
A- A+

Suqovuşan adı rəsmən təsdiqləndi


Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızda apardığı hərbi əməliyyatların uğurlu nəticələri Milli Məclisin dünənki plenar iclasında geniş müzakirə mövzusu oldu. Deputatlar həm Ali Baş Komandan İlham Əliyevin müzəffər ordusunun döyüş əzmindən, həm də işğalçı Ermənistanın əvvəllər olduğu kimi, bu gün də mülki əhalini hədəfə almasından, faşist xislətindən söz açdılar.

Milli Məclisin Sədri Sahibə Qafarova dedi ki, qurtuluş savaşı aparan ordumuz işğal olunmuş əraziləri düşməndən təmizləyir və yeni-yeni zəfərlər qazanır. Bu gün döyüş meydanında xalqımızın taleyi ilə bağlı böyük məsələ həll edilir: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

İndiyədək Cəbrayıl şəhəri və həm bu rayonda, həm də digər ərazilərdə çoxlu sayda kənd düşməndən təmizlənmişdir. Kəlbəcərin, Laçının, Zəngilanın, Qubadlının, Şuşanın, işğal altında olan digər torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil”.


Milli Məclis Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb


Milli Məclisin Sədri qeyd etdi ki, əldə edilən hərbi qələbələr, təəssüflər olsun ki, itkisiz başa gəlmir. Azərbaycanın qəhrəman əsgər və zabitləri Vətən torpağını düşməndən xilas etmək üçün ölümün gözünə dik baxırlar. Bununla birlikdə, döyüş meydanında duruş gətirə bilməyən xain düşmən öz terrorçu mahiyyətini göstərərək mülki obyektləri, yaşayış məntəqələrini raket atəşinə tutur. Dinc əhali arasında həlak olanlar və yaralananlar var.

Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyən spiker bu gün xalqın Ali Baş Komandanın ətrafında sıx birləşdiyini vurğuladı: "Xalq hərb tariximizi yeni hünər və qələbələrlə zənginləşdirən Ali Baş Komandanın müzəffər ordusunun yanındadır. Əminəm ki, bu milli birlik, bu dəstək, bu qüvvət sayəsində tezliklə Qarabağın hər yerində şanlı Azərbaycan bayrağı dalğalanacaq. Qəhrəman ordumuza, mətin xalqımıza, müdrik rəhbərimizə eşq olsun!”

Sədr bir məlumatı da nəzərə çatdırdı ki, parlamentin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın başlatdıqları aksiyaya qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüblər.

Eyni zamanda parlamentin beynəlxalq təşkilatın üzvü olan deputatları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri həmin təşkilatlara çatdırırlar. Onlayn görüşlərdə də münaqişə ilə bağlı məsələlər barədə danışılır. Bütün ölkələrə, beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumat göndərilir.


Erməni lobbisi ABŞ-da növbəti təxribata hazırlaşır


İclasın gündəliyi təsdiq edildikdən sonra deputatlar cari məsələlər barədə fikirlərini bildirdilər. Deputatlar Cavanşir Feyziyev, Naqif Həmzəyev, Rəşad Mahmudov, Emin Hacıyev, Əli Məsimli, Müşfiq Cəfərov, Səttar Möhbalıyev, Cavid Osmanov, Azər Badamov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Erkin Qədirli, parlamentin komitə sədri Zahid Oruc Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı ordumuzun zəfər yürüşü, ATƏT-in Minsk qrupunun fəaliyyəti, Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyi ilə bağlı fikirlərini bildirdilər.

Milli Məclis Sədrinin müavini Adil Əliyev qeyd etdi ki, erməni lobbisi ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan əleyhinə 1165 saylı qətnamə layihəsinin müzakirəyə çıxarılmasına hazırlaşır. Bu işə Konqresin erməni qrupunun iki həmsədri rəhbərlik edir. Həmin şəxslərin hər ikisi demokratdır, onlar "erməni genosidi” aktının sponsoru olublar. Onlardan biri Cek Spear 1165 saylı qətnamə ilə bağlı Nümayəndələr Palatasının 46 üzvündən dəstək alıb. Ümumiyyətlə isə, Konqresin erməni qrupunun 116 üzvü var.

Adil Əliyev bildirdi ki, hazırda ABŞ-dakı Azərbaycan icmasının üzvləri Nümayəndələr Palatası tərəfindən 1165 saylı qətnamənin qəbulunun dayandırılması üçün imzatoplama kampaniyasına başlayıblar. Lakin bu iş lazımi səviyyədə deyil. Ona görə də Adil Əliyev ABŞ-da 40 mindən çox azərbaycanlının yaşadığını nəzərə alaraq, onları bu məsələdə daha aktiv olmağa çağırdı. Sədr müavini Milli Məclisin deputatlarını da bu məsələyə kömək göstərməyə səslədi.


Hərbi kadr hazırlığının keyfiyyəti artırılır


Gündəlikdəki məsələlərin müzakirəsi zamanı Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Tərtər rayonunun Madagiz kəndi erməni işğalından azad edilən kimi Prezident İlham Əliyev onun tarixi adını geri qaytararaq həmin kəndi Suqovuşan adlandırdı. Milli Məclis bir oxunuşda həmin məsələni təsdiq edəcək.

"Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi barədə məlumat verən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, bu məsələ komitənin iclasında müzakirə olunub. Komitə üzvləri məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.

Gündəlikdəki digər məsələlərin müzakirəsinə başlamadan parlamentin Sədri diqqətə çatdırdı ki, növbəti 14 məsələ üçüncü oxunuşda müzakirəyə təqdim edildiyi üçün mətnlərdə dəyişiklik edilmir. "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda təsdiq olundu.

Həmçinin "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Mülki Prosessual Məcəllədə, Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihələrə üçüncü oxunuşda müsbət münasibət bildirildi.

Müzakirəyə çıxarılan "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinə texniki xarakterli dəyişiklik edildiyi üçün bir oxunuşda təsdiqləndi.

Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov birinci oxunuşda müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə haqqında məlumat verdi. Bildirdi ki, bu dəyişiklik hərbi sahədə kadr hazırlığının keyfiyyətinin daha da artırılmasına xidmət edir.

Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Arzu Nağıyev və Aydın Mirzəzadə çıxış edərək dəyişikliklə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi birinci oxunuşda təsdiq olundu.


Orqan transplantasiyasının maliyyə təminatı icbari tibbi sığorta tərəfindən qarşılanacaq


İclasda son olaraq "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, bu qanun qüvvəyə mindikdən sonra Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Qanun qüvvəyə mindikdən sonra informasiya bankı tərəfindən orqan gözləyən xəstələrin gözlədiyi müddət nəzərə alınacaq. İnsan orqanlarının transplantasiyası və donorluğu ilə bağlı qanun layihəsinin maliyyə təminatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanacaq.

Komitə sədri layihənin birinci oxunuşu zamanı deputatların qaldırdıqları məsələlərə münasibət bildirdi.

Deputatlardan Razi Nurullayevin və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda təsdiq edildi.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Foto AZƏRTAC-ındır

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video