06 Oktyabr 2020 21:58
1199
PARLAMENT
A- A+

Milli Məclis ilə Avropa Parlamenti arasında onlayn formatda görüş keçirilib


Oktyabrın 6-da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, deputat Cavanşir Feyziyev Avropa Parlamentindən olan həmkarı xanım Marina Kalyurand ilə onlayn formatda görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hər iki tərəfdən Parlament Əməkdaşlıq Komitəsinin katiblərinin də iştirak etdikləri görüşdə Cavanşir Feyziyev sentyabrın 27-də başlayan növbəti erməni təxribatı və onun nəticələri barədə avropalı həmkarına ətraflı məlumat verib.

Cavanşir Feyziyev Ermənistanın bu təxribatının gözlənilən olduğunu bildirib: "Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyəti artıq bir müddətdir ki, xəbərdar edirdi və tədbirlər görülməyəcəyi təqdirdə növbəti təxribatın qaçılmaz olduğunu ifadə edirdi. Lakin təəssüflər olsun ki, Azərbaycanın bu çağırışlarına məhəl qoyulmadı və 30 il ərzində susqunluq göstərən, münaqişə ilə bağlı guya balanslı mövqe tutan təşkilatlar və ölkələr yenə də səssiz qalmağa üstünlük verdilər. Bu isə sonda Qarabağ bölgəsində yeni müharibənin alovlanmasına gətirib çıxardı”.

Millət vəkili son iki ildə Ermənistanın baş naziri tərəfindən atılmış təxribatçı addımlar haqqında ətraflı məlumat verib. Bildirib ki, qondarma rejim tərəfindən işğal olunmuş ərazilərdə qanunsuz seçkilərin keçirilməsi, saxta andiçmə mərasimi, qondarma parlamentin Şuşa şəhərinə köçürülməsi cəhdi, işğal altında olan Azərbaycan torpaqlarına Ermənistandan birbaşa yol çəkilişinə başlanması, Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” şəklində məsuliyyətsiz bəyanatı və eləcə də Ermənistan müdafiə nazirinin "yeni torpaqlar uğrunda yeni müharibə” şüarı hadisələrin bu nöqtəyə gəlib çatmasına səbəb olub. Cavanşir Feyziyev bildirib ki, 27 sentyabrda Azərbaycan ərazisində yerləşdirilmiş Ermənistan hərbi qüvvələri təmas xətti boyunca yerləşən kəndlərimizdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutub, yüzlərlə çox ev dağıdılıb, dinc əhali arasında itkilər olub. Azərbaycan Ordusu dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün təmas xətti boyunca düşmənin hərbi obyektlərini məhv etmək əməliyyatına başlayıb və hazırda bu əməliyyatlar davam etdirilir.

Avropa Parlamentinin üzvü xanım Marina Kalyurand münaqişənin aktiv hərbi əməliyyatlar fazasına daxil olmasından narahat olduqlarını diqqətə çatdırıb və yenidən danışıqlar masasına qayıdılması imkanları ilə maraqlanıb.

Azərbaycanlı deputat danışıqlar masasına geri qayıtmaqla bağlı Azərbaycan tərəfinin şərtlərinin Prezident İlham Əliyev tərəfindən açıq və aydın formada ifadə olunduğunu bildirib və qeyd edib ki, erməni silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən rəsmən tanınması hərbi əməliyyatların dayandırılmasına və danışıqlara başlanmasına zəmin yarada bilər. Millət vəkili bildirib ki, Azərbaycan müharibə istəmir və ona görə də 30 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsini gözləyir. Lakin nə ATƏT-in Minsk qrupu, nə də digər beynəlxalq təşkilatlar bu illər ərzində münaqişənin həll olunması üçün Ermənistanı sülhə vadar edə bilmədilər və ya etmək istəmədilər. Bölgədəki bugünkü vəziyyət məhz Minsk qrupunun uğursuz fəaliyyətinin nəticəsidir.

Xanım Kalyurand millət vəkilinin, həmçinin Türkiyədən gələn hərbiçilərin və Suriyadan olan muzdluların da Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməsini xahiş edib.

Cavanşir Feyziyev yayılan bu xəbərlərin hamısının yalan məlumatlar olduğunu, Ermənistan tərəfindən belə saxta məlumatların məqsədli şəkildə yayıldığını deyib: "Bu cür məlumatların yayılması Ermənistanın əsas niyyətini reallaşdırmağa hesablanıb. Belə ki, Ermənistan bu müharibəyə üçüncü tərəfləri də cəlb etmək istəyir və buna zəmin yarada bilmək üçün guya Türkiyənin də Azərbaycanla birlikdə savaşması haqqında yalanı tirajlayır. Azərbaycan Prezidenti rəsmi şəkildə elan edib ki, Azərbaycan tərəfində heç bir xarici ölkənin əsgəri vuruşmur, Azərbaycanda heç bir muzdlu döyüşçü yoxdur və buna ehtiyac da yoxdur. Azərbaycanda hazırda yüzlərlə jurnalist fəaliyyət göstərir ki, bunların da arasında hərbi əməliyyatların getdiyi ərazilərdə olanları vardır və bu günə qədər heç bir jurnalist ermənilərin iddia etdikləri bu yalanları dəstəkləyəcək bir fakt belə tapmayıb. Müasir dövrdə texnoloji imkanlar genişdir və əgər bu deyilənlər doğru olsaydı bu imkanlarla hər hansı bir fakt ortaya qoyulardı”.

Xanım Kaljurand sabah Avropa Parlamentində bölgədə baş verən hadisələrlə bağlı geniş müzakirə olacağını deyib. Qeyd edib ki, bu baxımdan ona verilən məlumatlar hadisələrin əsl mahiyyətini başa düşmək üçün çox faydalıdır. O bildirib ki, Avropa İttifaqında bu məsələ ilə bağlı vahid mövqe yoxdur, yanaşmalar çox haçalanır. Sonda xanım Kalyurand azərbaycanlı həmkarı ilə sıx-sıx təmasda olmaq və müntəzəm olaraq məlumat almaq istədiyini deyib. Həmsədrlər bu cür görüşlərin davamlı keçirilməsi haqqında razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video