03 Oktyabr 2020 12:43
1491
Mədəniyyət
A- A+

Dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq

 
Bu gün Süleyman Sani Axundovun anadan olmasından 145 il ötür 

Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur.

AZƏRTAC xəbər verir ki, bu gün Süleyman Sani Axundovun anadan olmasından 145 il ötür.

Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. Uşaq yaşlarından atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb.1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan "Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib, ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə "Əmək qəhrəmanı" adına layiq görülüb. 1921-1930-cu illər ərzində, keçmiş Sovetlər İttifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuş, yazıçı, jurnalist kimi tanınıb. Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olub. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyən ədib, 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edib. Qurultaydan sonra ərəb əlifbasının islahı üçün təkliflər irəli sürən S.S.Axundov pedaqoji sahədə həmkarları ilə birlikdə "İkinci il” dərsliyini tərtib edib.

Yaradıcılığında yazdığı ilk əsəri olan "Tamahkar" komediyasi ilə tanınmış yazıçı bu əsərini böyük dramaturq

Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə qələmə alıb. Dramaturqun sənətini sevən yazıçı ədəbiyyatda

ondan fərqlənməkdən ötrü ərəbcə ikinci mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürüb. "Tamahkar" komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən tamahkarlıq, qadın azadlığına qarşı çıxanlar tənqid edilir. Bu əsərində yaratdığı

Gülzar, Şərəf xanım, İmran kimi müsbət surətləri ilə gələcək nəsli həqiqətə, fədakarlığa səsləmişdir. Bundan başqa yazıçı 1907-ci ildə yazdığı "Dibdat bəy", "Türk birliyi" komediyaları, "Laçın yuvası", Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" kimi pyeslərin və bir sıra uşaq əsərlərin də müəllifidir. Bir nasir kimi 1905-ci ildə yazdığı "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu" kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir.

O, 1912-1914-cü illərdə "Qorxulu nağıllar” adı altında "Əhməd və Məleykə”, "Abbas və Zeynəb”, "Nurəddin”, "Qaraca qız”, "Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir.

"Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: "Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.

Oxucular bu silsilədən "Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. "Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub.

Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da 63 yaşında vəfat edib.

Hazırda yazıçının yaradıcılığına verilən qiymət kimi Bakı küçələrindən biri onun adını daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video