02 Oktyabr 2020 12:01
1898
PARLAMENT
A- A+

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib


Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı ordumuzun zəfər yürüşü ilə bağlı fikirlərini bildirib.

Spiker qeyd edib ki, bu gün hamının ürəyi azadlıq mübarizəsi aparan ordumuzun yanındadır. İndiyədək düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib, yüzlərlə tankı, artilleriya qurğusu, hava hücumundan müdafiə vasitəsi və hərbi texnikası sıradan çıxarılıb. Bu zəfər mübarizəsində şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyən Sahibə Qafarova Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını uğurla davam etdirdiyini, hər gün cəbhənin müxtəlif istiqamətlərində erməni işğalçılarına ağır zərbələr endirdiyini qürurla dilə gətirib. Sədr vurğulayıb ki, Azərbaycan Ordusunun uğurlarını görən bəzi beynəlxalq güclər artıq narahat olmağa başlayıblar. Vaxtilə heç bir iş görməyən, bu məsələyə laqeyd yanaşan bəzi ölkələr və beynəlxalq təşkilatlar indi müxtəlif bəyanatlar verir, danışıqlar aparır, dövlətimizə təzyiq göstərib haqq yolundan döndərməyə çalışırlar. Spiker haqq işimizə mane olmağa cəhd göstərənlərə cavab olaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu fikirlərini xatırladıb: "Biz tarixi ədaləti bərpa edirik! Qarabağ bizim doğma, əzəli və tarixi torpağımızdır. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib”.

Sonda Milli Məclisin Sədri vurğulayıb ki, hamımızın fikri eynidir. Ordumuzun müzəffər yürüşü Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə, sonuncu düşmən əsgəri müqəddəs torpaqlarımızdan qovulana qədər davam etməlidir. Biz də, bütün xalqımız da əmindir ki, belə də olacaq, bu zəfər savaşı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaq!

İclasın gündəliyi təsdiqləndikdən sonra cari məsələlərlə bağlı müzakirələr keçirilib.

Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, Səməd Seyidov, Siyavuş Novruzov, deputatlardan Fazil Mustafa, Arzu Nağıyev, Sevil Mikayılova, Kamal Cəfərov, Elşən Musayev, Nigar Arpadarai, Tural Gəncəliyev, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Şahin İsmayılov, Azay Quliyev və Naqif Həmzəyev çıxış edərək, əsgər və zabitlərimizin yanında olduqlarını, onların xaqlımıza qələbə sevinci yaşadacaqları günün uzaqda olmadığını bəyan ediblər. Çıxış edənlər deputatlar birmənalı olaraq Fransa hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqeyə kəskin etirazlarını bildiriblər. Qeyd edilib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun hərəkət etmir.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyə parlamentin sentyabrın 30-da keçirilən iclasında birinci oxunuşda müzakirədən keçən 14 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.

Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim edib. Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq təsis edilən yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaqlar. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə də ikinci oxunuşda baxılıb. Vurğulanıb ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Əli Hüseynli yeni təsis edilən medalın bu sahədə fəaliyyət göstərən insanlarda ruh yüksəkliyinin artırılmasında xüsusi rolunun olacağını deyib, sənədin birinci oxunuşda müzakirəsi zamanı deyilən təkliflərə münasibət bildirib. Deputatlar Elman Nəsirov və Fəzail Ağamalı qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər. Sənəd səsə qoyularaq təsdiqlənib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edib. O bildirib ki, Azərbaycan Prezidenti 2018-ci il dekabrın 28-də tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Nurlan Həsənov sənədin birinci oxunuşu zamanı heç bir təklifin qeydə alınmadığını deyib. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

"Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə ikinci oxunuşda təqdim edib. Qeyd olunub ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunma mexanizmindən imtina edilməsini və rüsumların daimi olaraq müəyyənləşdirilməsini nəzərdə tutur. Mahir Abbaszadə qeyd edib ki, sənədin birinci oxunuşda müzakirəsindən sonra komitəyə və işçi qrupuna heç bir təklif və irad daxil olmayıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini, güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə tutur. Deputat sənədin birinci oxunuşda müzakirəsindən sonra heç bir təklif və ya iradın qeydə alınmadığını vurğulayıb. Milli Məclisin komitə sədri Hicran Hüseynova və deputat Məlahət İbrahimqızı qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev "Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələ ilə bağlı deyib ki, layihə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlanıb. Düzəliş övladlığa götürülən uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini ehtiva edir. Bu, ölkəmizdə övladlığa götürməni, xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsini təşviq edəcək. Deputatlar Əli Məsimli, Məlahət İbrahimqızı və Kəmaləddin Qafarov qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, valideyn himayəsindən məhrum uşaqlarla bağlı dövlətin üzərinə götürdüyü vəzifələri yüksək humanistlik kimi dəyərləndiriblər. Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) sənədi şərh edərkən vurğulayıb ki, bu qanun layihəsi də valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanun layihəsinə əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və ali məktəblərin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Komitə sədri bildirib ki, sənədin Milli Məclisdə birinci oxunuşu zamanı yeni heç bir təklif qeydə alınmayıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

"Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsini şərh edən Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov bildirib ki, bu sənəd də "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezidentin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb. Deputat sənədin birinci oxunuşda müzakirəsindən sonra heç bir irad və təklifin səsləndirilmədiyini deyib. Qanun layihəsi ilə bağlı çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova yeni təkliflərini verib. Sonra sənəd səsə qoyularaq təsdiqlənib.

İlham Məmmədov Əmək, Cinayət və İnzibati Xətalar məcəllələrinə, "Uşaq hüquqları haqqında” Qanuna təklif edilən dəyişiklikləri ikinci oxunuşda təqdim edərkən bildirib ki, layihə "Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. Layihə səsvermə yolu ilə təsdiq olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual, Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrinə, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və "Nağdsız hesablaşmalar haqqında” qanunlara (ikinci oxunuş) təklif edilən dəyişikliklərin "Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlandığını bildirib. Deputat deyib ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra komitəyə heç bir yeni təklif və irad daxil olmayıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Vergi Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihəsini ikinci oxunuşa təqdim edib. Diqqətə çatdırılıb ki, təklif edilən dəyişikliklər məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulması məqsədilə hazırlanıb. O deyib ki, sənədin ilk oxunuşda müzakirəsi zamanı deputat Hikmət Məmmədov terminologiya ilə bağlı təkliflər səsləndirib. Əli Məsimli bununla bağlı sənədin mətnində terminoloji cəhətdən anlaşılmazlıq yaradan məqamlara aydınlıq gətirib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədi təqdim edib. Birinci oxunuşdan sonra qanun layihəsi üzərində heç bir düzəlişin aparılmadığı diqqətə çatdırılıb. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edərkən vurğulayıb ki, Məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcəklər. Qanun layihəsinin ilk oxunuşundan sonra komitəyə heç bir yeni təklifin və ya iradın daxil olmadığı bildirilib. Sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik olunması barədə sənədlə əlaqədar məlumatında qeyd edib ki, təklif olunan dəyişikliyə əsasən, publik hüquqi şəxsin təsisçisi onun strukturu və işçilərin say həddi ilə yanaşı, əmək haqqı fondunun həcmini də təsdiq edəcək. Sənəd səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Bununla da Milli Məclis bugünkü işini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video