01 Oktyabr 2020 19:32
853
PARLAMENT
A- A+

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib

 
Oktyabrın 1-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə üç məsələ daxil edilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə Dağlıq Qarabağda təmas xəttində vəziyyətlə bağlı fikirlərini bildirib. O qeyd edib ki, Ermənistanın sentyabrın 27-dən başlayaraq ölkəmizə hərbi hücumu barədə bütün beynəlxalq təşkilatlar, dünya ölkələri məlumatlandırılıb. Düşmənin hərbi təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə 16 mülki vətəndaşımız qətlə yetirilib, onlardan üçü uşaqdır. Hərbi qulluqçularımız arasında da həlak olanlar və yaralananlar var. Ermənistan hərbi qüvvələri Azərbaycanın yaşayış məntəqələrini – evləri, məktəbləri, xəstəxanaları hədəfə alıb. Ermənistanın işğalçı qüvvələri hətta işğal altında olmayan ərazilərimizi, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikləri atəşə tutur.

Bəxtiyar Əliyev bildirib ki, hazırda Azərbaycan tərəfinin apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində bir çox strateji yüksəkliklər, yaşayış məntəqələri azad edilib. Ermənistan ordusuna məxsus 200-dən artıq tank, hərbi texnika, 100-dən artıq artilleriya və reaktiv sistemlər sıradan çıxarılıb. Bütün bunlar göstərir ki, Ermənistan qəti surətdə danışıqlara, sülhə hazırlaşmırdı. Əksinə, Prezident İlham Əliyev bəyan etdiyi kimi, düşmən Azərbaycanın 20 faizini işğal etməklə yanaşı, əlavə əraziləri də ələ keçirmək üçün növbəti döyüşə hazırlaşırdı. Bunlar onu deməyə əsas verir ki, Ermənistan öz təcavüzkar siyasətindən qətiyyən əl çəkməyib. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrdə deyilir ki, işğalçıya silah satıla bilməz. Vaxtında Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, bu gün döyüş bölgəsində, Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfindən dinc sakinlərin qanı yenidən axıdılmazdı.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 75 illiyi ilə əlaqədar keçirilən Sessiyada videokonfrans vasitəsilə çıxış edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır. Yalnız bundan sonra bölgədə sülh bərqərar olar və sülh danışıqları aparıla bilər. Bu, beynəlxalq hüququn normasıdır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələbidir.

Komitə sədri çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib. Bildirib ki, bu gün Azərbaycan özünün əzəli torpaqları uğrunda mübarizə aparır və əminik ki, bu mübarizə bizim qələbəmizlə nəticələnəcək.

Sonra Bəxtiyar Əliyev iclasın gündəliyi barədə məlumat verib. Qeyd edilib ki, gündəlikdəki qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

"Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ ilə bağlı bildirilib ki, layihə "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlanıb. Düzəliş övladlığa götürülən uşaqların təhsil xərclərinin dövlət vəsaiti hesabına ödənilməsini ehtiva edir. Bu, ölkəmizdə övladlığa götürməni, xüsusilə də az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini təşviq edəcək.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Təhsil haqqında”, "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında”, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” və "Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 12 iyun tarixli və "Ümumi təhsil haqqında” 2019-cu il 29 mart tarixli Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanıb.

Qeyd edilib ki, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna "inklüziv təhsil” anlayışı əlavə olunub, digər termin və ifadə dəyişiklikləri edilib.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa təklif olunan dəyişikliyə görə, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

"Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər "Ümumi təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır və qanunda ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsinə xidmət edir.

"Ümumi təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər dəqiqləşdirmə və bir sıra qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Qanunda ümumi təhsil müəssisəsində günü uzadılmış qrupların yaradılması nəzərdə tutulsa da, onun təşkili mexanizmi olmadığından qanuna günü uzadılmış qrupların təşkili qaydasının müəyyənləşdirilməsini nəzərdə tutan yeni cümlə əlavə edilir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar bildirilib ki, Məcəlləyə yeni 192.12-ci maddə əlavə olunur. Əlavəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.

Müzakirələr zamanı komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Etibar Əliyev, Anar İsgəndərov, Fatma Yıldırım, Şahin Seyidzadə, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Afət Həsənova, Tamam Cəfərova, Ülviyyə Ağayeva qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini səsləndiriblər.

Deputatlar öz çıxışlarında Dağlıq Qarabağda baş verən son hadisələrə münasibət bildiriblər. Qeyd edilib ki, Azərbaycan bu gün öz əzəli, beynəlxalq səviyyədə tanınmış torpaqları uğrunda mübarizə aparır. Millət vəkillər bu haqq işində şanlı ordumuza uğurlar diləyiblər.

Müzakirələrin sonunda təqdim edilən qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video