26 Sentyabr 2020 00:24
722
İQTİSADİYYAT
A- A+

Yaxın zamanlarda Balaxanı Sənaye Parkında daha 8 rezident fəaliyyətə başlayacaq


Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu 2012-ci ildə Almaniya texnologiyası ilə inşa edilib. Zavodda tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. 170-dən çox Balaxanı sakininin daimi işlə təmin olunduğu müəssisədə çeşidləmə zamanı tapılmış 1200-dən çox müxtəlif növ sənəd toplanaraq "Poçtap” layihəsi çərçivəsində "Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 600 kiloqramdan çox qəpik isə "Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.

Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan "Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkli sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və ondan poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 12 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və o, poliqonun ehtiyaclarının ödənilməsinə yönəldilir.

Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu isə ən sərt ekoloji tələblərə cavab verir. 4-cü nəsil texnologiyalarla inşa edilən müəssisə il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat/saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 100 min ailəni elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunur. Koronavirus pandemiyası ilə əlaqədar zavodda 1800 kubmetr tibbi tullantılar utilizasiya edilib.

"Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı 2017-ci ildə istifadəyə verilmişdir. Parkın hazırda 19 rezidenti var. Onlardan 11-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 40 milyon manatdan çox investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq parkın ərazisi 10,1 hektaradək genişləndirilib. Hazırda 570-dək daimi iş yerinin yaradıldığı parkda istehsalın genişləndirilməsi və yeni layihələrin icrası hesabına iş yerlərinin 720-ə çatdırılması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, digər sənaye parklarının rezidentləri kimi, Balaxanı Sənaye Parkının rezidentləri də bir sıra güzəştlərdən yararlanırlar. Belə ki, rezidentlər 10 il müddətinə mənfəət (fərdi sahibkarlar gəlir vergisindən), torpaq və əmlak vergilərindən azaddırlar. Sənaye parkında istehsal sahəsinin qurulması və istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən 10, idxal rüsumundan 7 il müddətinə azad olunurlar.

Balaxanı Sənaye Parkının rezidentlərinə gəldikdə, onların sırasındakı "AzEkol” MMC plastik (PET) qablarının təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. Layihənin ümumi investisiya dəyəri 1,5 milyon manatdır. İllik istehsal gücü 2400 ton olan müəssisənin istehsal sahəsində 30-dan çox daimi iş yeri açılıb.

Parkın daha bir rezidenti - "Ekokat” MMC isə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Layihə çərçivəsində 20-dək daimi iş yeri yaradılıb.

Sənaye parkının digər rezidenti, fərdi sahibkar Eminov Etibar tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsal edir. Ümumi investisiya məbləği 1 milyon manatdir. İllik istehsal gücü 350 ton olan müəssisədə 30-dan çox yerli sakin çalışır.

Balaxanı Sənaye Parkının daha bir rezidenti "METAK” MMC-dir. Müəssisə tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı və tullantı kağızlarının təkrar emalı ilə məşğul olur. Layihənin investisiya dəyəri 18,7 milyon manat, illik istehsal gücü 12 min ton plastik məhsul və 1,1 milyon ədəd karton qablaşdırma məhsuludur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.

Parkın rezidenti "Foriella” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 4 milyon manat olan müəssisədə ildə 100 min stul, 10 min masa istehsal etmək mümkündür. Müəssisədə 300 nəfər daimi işlə təmin olunub.

Daha bir rezident "Bioropean” MMC işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal istehsalı ilə məşğul olur. İnvestisiya dəyəri 500 min manat olan müəssisənin illik istehsal gücü 2300 tondur.

Sənaye parkının digər rezidenti, fərdi sahibkar Tərlan Əzimov qida tullantılarından yem istehsalı üzrə fəaliyyət göstərir. 2,2 milyon manat investisiya yatırılan müəssisənin illik istehsal gücü 2800 tondur. Müəssisədə 60 nəfər özünə daimi iş yeri tapıb.

"Alphapack Azerbaijan” MMC isə parkın rezidenti kimi yapışqan lent istehsal edir. Müəssisənin investisiya dəyəri 800 min manat, illik istehsal gücü 5 milyon kvadratmetr yapışqan lentdir. Müəssisədə 15 nəfər daimi işlə təmin olunub.

Parkın rezidenti "Ata Park” MMC isə qablaşdırma və etiketləmə işləri ilə məşğul olur. İnvestisiya məbləği 2,8 milyon manat olan müəssisənin illik istehsal gücü 1950 tondur. Müəssisədə daimi 30 nəfər işləyir.

Balaxanı Sənaye Parkının daha bir rezidenti "Oreon Commerce” MMC maqnezium oksid panellərin istehsalı və təkrar emalı üzrə fəaliyyət göstərir. Layihənin investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 450 min ədəd paneldir. Müəssisədə 15 nəfər çalışır. Parkda daha 8 rezidentin (ağac-taxta tullantılarının emalı, kömür istehsalı, plastik tullantıların təkrar emalından plastik torların istehsalı, avtomobil şinlərinin emalı və tullantı taxtalardan pallet və taxta unu istehsalı, tullantı avtomobil şinlərinin piroliz üsulu ilə emalından yanacaq istehsalı, plastik məmulatlardan qapı və arakəsmə istehsalı, işlənmiş yağların emalı, kraft kağızdan çanta istehsalı sahələri) yaxın zamanlarda fəaliyyətə başlayacağı gözlənilir.

Onu da qeyd edək ki, "AzEkol” MMC, "Foriella” MMC və "Bioropean” MMC məhsullarını dünyanın bir neçə ölkəsinə ixrac edir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video