23 Sentyabr 2020 18:19
634
SİYASƏT
A- A+

Vyaçeslav Volodin: Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prosesinə kömək etmir


Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirildi. Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var.

Qeyd olunub ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.

Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edib, bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir. Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verdi. Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir.

Sahibə Qafarova bildirib ki, bizim ölkəmiz çoxmillətli və çoxkonfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir. Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirib. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir.

Qeyd olunub ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.

Sonra görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermiş silahlı toqquşmalar barədə danışılıb. Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prosesinə kömək etmir.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video