22 Sentyabr 2020 00:20
1524
Mədəniyyət
A- A+

Qəhrəmanlıq nümunəsi


İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasından bir əsr ötür. Azərbaycan xalqının bu igid övladının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda Əhmədiyyə Cəbrayılovun bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçdiyi vurğulanıb: "1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin eyni zamanda müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir”.

Müharibə bir çoxu kimi onu da gənc yaşında qanlı-qadalı günlərə ürcah etdi. Əhmədiyyə Cəbrayılov rəşadətli döyüş yolu keçib. Azərbaycan xalqının bu cəsur oğlu Fransa müqavimət hərəkatının qəhrəmanı kimi də adını tarixə yazıb.

O, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində dünyaya gəlib. 1935-ci ildə Şəki Kənd Təsərrüfatı Texnikumuna daxil olaraq aqronom ixtisası üzrə təhsil alıb. Texnikumu bitirdikdən sonra təyinatla Qubaya, kolxozda işləməyə gedib.

Bir müddət sonra hərbi xidmətə çağırılan Əhmədiyyə Cəbrayılov Nevinnomısk Təyyarəçilik Məktəbinə göndərilib. Bir neçə ay hazırlıq kursu keçib. Kiçik leytenant rütbəsi alıb.

Artıq doğmaları Əhmədiyyə Cəbrayılovun hərbi xidmətdən gəlişini gözləyirdilər. Ancaq onun hərbi xidmətinin bitməsinə az qalmış İkinci Dünya müharibəsinin başlaması xəbəri gəlib. Cəbrayılovlar ailəsindən cəbhəyə 5 nəfər - Paşa, Abdulsalam, Məmmədiyyə, Məmmədsadıq və Əhmədiyyə yollandı. Onlardan ikisi sağ qaldı…

Əhmədiyyə Cəbrayılov gənc yaşında qanlı-qadalı müharibənin sərt üzünü gördü, ölüm qoxusunu dönə-dönə hiss etdi. Bir gün Xarkovdan 200 kilometr aralıda yerləşən, olduqca mühüm strateji mövqeyə malik bir şəhərə göndərilib. Şəhər üç dəfə almanlar tərəfindən işğal olunsa da, sovet ordusu onu geri qaytara bilmişdi. 1942-ci ilin aprelində isə tapşırığa əsasən, Ukraynanın Donbas şəhərinə yollanıb və 350-ci alayda siyasi rəhbər köməkçisi təyin olunub. Alayın tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edib. Fərqləndiyinə görə baş leytenant rütbəsi alıb.

1942-ci ilin aprel-may aylarında Ukraynada gedən ağır döyüşlərin iştirakçısı olub. Əməliyyat zamanı təyyarəsi Kursk ətrafındakı döyüşlərdə vurulub. Əhmədiyyə Cəbrayılov İzyum çayı yaxınlığında ağır yaralı vəziyyətdə almanlara əsir düşüb, Barbinka və Lvovdakı həbs düşərgələrinə göndərilib. Əhmədiyyə Cəbrayılovu yoldaşları ilə birgə vaqonlara mindirib Polşaya, daha sonra Almaniyaya göndəriblər. Əsirlərin sayı həddən artıq çox olub. Ona görə onların bir hissəsini Fransaya aparıblar.

Əsirlikdə məşəqqətlər görüb. Onu bir qrup əsirlə 1943-cü ildə Dahau ölüm düşərgəsinə aparıb, qaz kamerasına salıblar. Bir müddət sonra qarovulçular kameranın qapısını açıblar. Əsirlərdən bircə nəfər sağ qalıb. O, Əhmədiyyə Cəbrayılov idi...

1943-cü ilin sonunda göndərildiyi Rodezdəki Bürlup kazarmasında vərəm xəstəliyinə tutulub. Yenə ölümlə üzləşib. Amma taleyi ondan üz döndərməyib. Gestaponun xadiməsi işləyən Janna adlı yunan qadını ilə rastlaşıb. Çox gözəl insan olan Jannaya müharibə ağır faciələr yaşatmışdı. Həyat yoldaşını və oğlunu faşistlər asmışdı. Bədbəxt qadın qızı ilə birgə baş götürüb Fransaya qaçmışdı. Janna Əhmədiyyəni vəfat etmiş oğluna bənzədir, ona əlindən gəldiyi qədər kömək edirdi. Təmizlik işi apararkən gizlicə çörək də gətirirdi ki, Əhmədiyyə sağ qalsın.

Gestapoda bir gün onu yenə vəhşicəsinə döyüblər. Öldüyünü güman edib zirzəmiyə atıblar. Janna Əhmədiyyənin hələ sağ olduğunu görüb. Faşistlər onu basdırmaq istəyiblər. Janna əsirin oğluna oxşadığını söyləyib və onu öz adəti ilə dəfn etmək üçün gestapodan izn istəyib. Bir gün qabaq qazdırdığı məzarda hava keçməsi üçün yer qoyub. Səhəri gün alman zabitlərinin müşayiəti ilə Əhmədiyyə dəfn edilib. Jannanın planını başa düşməyiblər. Tabutun aralı olduğunun fərqinə varmasalar da, əsirin öldüyünə əmin olmaq üçün ona atəş açıblar. Yenə də taleyi ondan üz döndərməyib. Güllə Əhmədiyyənin ayağını yaralayıb.

Janna alman əsgərləri gedənədək gözləyib. Sonra Əhmədiyyəni məzardan çıxarıb evindəki zirzəmiyə aparıb. Gənc döyüşçünün qayğısına qalıb. Tezliklə sağalan Əhmədiyyə Cəbrayılov faşistlərdən qisas almaq, döyüş meydanlarına qayıtmaq üçün planlar qurub. Fransız dilini öyrənib. Partizan hərəkatına qoşulub. Ona "Xarqo” ləqəbi verilib.

Əhmədiyyə Cəbrayılov 1944-cü ilin 22 mayında Kaberta partizan dəstəsinə, sonra "Düma” ləqəbli kapitan Delplankın gizli ordusuna qoşulub. İlk vaxtlar partizanlar Əhmədiyyəyə o qədər də etibar etməyiblər. Onu sınamaq üçün bir neçə dəfə kəşfiyyata göndəriblər. Əhmədiyyə Cəbrayılov əməliyyatlardan uğurla qayıdıb. Həmin dəstənin tərkibində Tarn və Qaronun azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Artıq Əhmədiyyə partizanların inamını qazanmışdı.

Partizan Xarqonun dəstəsinə ən çətin, mühüm tapşırıqlar verilirdi. Onların bəzisi almanların hücum planını öyrənmək məqsədi daşıyırdı. Kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün çox zaman tanınmasın deyə görkəmini, qiyafəsini, adını dəyişməli olurdu. Əhmədiyyə Cəbrayılov "Armed Mişel”, "Fraji”, "Xarqo” və digər adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Alman faşistləri onun başına 10 min alman markası məbləğində mükafat təyin ediblər.

Növbəti tapşırıq Almaniyaya əsir aparılanların ailələrini xilas etmək olub. Əməliyyat zamanı faşistlər məsələni anlayıblar. Atışma başlayıb. Əhmədiyyə Cəbrayılov yaralanıb. O, yoldaşlarının köməyi ilə qaçsa da, çox uzağa gedə bilməyıb. Huşsuz vəziyyətdə səhərədək dəmir yolu ilə şose yolun arasında qalmalı olub. Gündüz saat 3-də maşınla yoldan keçən general Javerin Əhmədiyyəni görüb. Maşını saxlatdırıb. Oberleytenant formalı zabitin üstündə sənəd yox idi. Onun alman zabiti olduğunu düşünüblər. Maşınla hospitala gətiriblər. General həkimlərə əmr edib ki, onu nəyin bahasına olursa-olsun sağaltsınlar. Alman faşistləri hər yerdə axtardıqları partizan Xarqonu həyata qaytardıqlarını bilməyiblər.

Əhmədiyyə Cəbrayılov sağaldıqdan sonra özünü "oberleytenant Hofman” kimi təqdim edib. General Javer onu yanında işə götürüb. Sonra o, Albi şəhər komendantı təyin edilib. Həmin günlərdə düşərgədən qaçmalarına imkan yaratdığı əsirlərin arasında həmyerliləri də olub.

Əsirlikdən xilas etdiyi şəxslər bu müəmmalı qəhrəman barədə danışıblar. Onun kimliyini öyrənmək məqsədilə kəşfiyyata çıxan əsgər qarşısında partizan Xarqonu görəndə təəccüblənib. Yoldaşları ölmüş bildikləri Əhmədiyyənin sağ olduğunu eşidəndə seviniblər.

1944-cü ilin 17 avqustunda Montobanın 18-ci kilometrliyində yerləşən La Tangin adlı yerdə, Kossad və Realvil arasında gedən vuruşmalarda 6-cı briqadanın tərkibində döyüşüb. Avqustun 19-da Montoban azad edilib.

Əhmədiyyə Cəbrayılov əməliyyatların birində qəhrəman "Mixaylo” - Mehdi Hüseynzadə ilə görüşüb.

Partizan dəstəsi tərkibində Paris şəhərinin azad olunmasında da iştirak edib. Əhmədiyyə Cəbrayılov həmin gün general Şarl de Qolla tanış olub. O, 1944-cü ilin 28 avqustunda Montobanda yaradılan 3-cü briqadaya daxil olub. Vozj və Alzasdakı döyüşlərdə iştirak edib. 1945-ci ilin 13 martında Montoban Şəhər Bələdiyyə İdarəsinin başçısı Trankunun təsdiqlədiyi sənəddə Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərəkatında fəal iştirak etdiyi qeyd olunub.

Müharibə başa çatıb. Armed Mişel kimi tanınan Əhmədiyyə də bir çoxları kimi əsl qəhrəmana çevrilib. Haqqında minnətdarlıqla, sevgi ilə söz açıblar. Əhmədiyyə Cəbrayılovun ölkəsinin vətəndaşı olmasını arzulayanlar çox olub. Şarl de Qoll da dəfələrlə Armed Mişelə Fransada qalıb yaşamağı, Amerika səfırliyi isə ona ABŞ vətəndaşı olmağı təklif edib. Onun hərbi şücaətləri layiqincə dəyərləndirilib. Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına layiq görülüb. O, həm də "Fəxri legion” ordeni ilə təltif edilib. Həmin orden hərbi paradlarda, rəsmi keçidlərdə ona generallardan qabaqda getmək hüququ verib.

O, bütün qəlbi ilə vətəninə bağlı idi. Şəkinin, orda qalan doğmalarının həsrəti Əhmədiyyə Cəbrayılovu rahat buraxmayıb. Nəhayət, 1946-cı ilin 25 noyabrında arzusu həyata keçib. Fransa Prezidenti Şarl de Qollun köməyi ilə vətənə qayıdıb.

Burada "KQB”çilər Əhmədiyyəni rahat buraxmayıblar. Moskvada yoxlama zamanı mükafatlarının bir hissəsini əlindən alıblar. Hətta onu "vətən xaini” adlandırıblar.

Fransa Prezidenti Şarl de Qoll 1966-cı ildə SSRİ-yə səfər edib. Moskvada keçmiş dostu ilə görüşən Əhmədiyyə Cəbrayılov bundan sonra sovetlər ittifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınıb.

Müharibənin yaraları sağalmasa da, həyatı axarına düşüb. 1947-ci ildə ailə qurub. Yeddi uşaq atası olub. 1970-ci ildə Şəki rayonu N.Nərimanov adına Kolxozda baş aqronom kimi işə başlayıb. Əməkdə də fərqlənib. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb.

İkinci Dünya müharibəsinin əfsanəvi qərhəmanı Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolu yaddan çıxmayıb. O, 1986-cı ildə 5 fransız mükafatına - "Müharibə xaçı”, "Hərbi şücaət xaçı”, "Fransa Müqavimət hərəkatı medalı”, "İgidliyə görə medal”, "Yaralanmağa görə medal”a layiq görülüb.

1994-cü il oktyabrın 10-da Əhmədiyyə Cəbrayılov Şəkidə yol-nəqliyyat qəzasında vəfat edib.

XX əsrin sonuncu onilliyində Azərbaycanın başının üstündə qara buludlar dolaşırdı. O günlərdə Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərənlərdən biri də Cəbrayılovlar ailəsinin övladı oldu. Əhmədiyyə Cəbrayılovun oğlu, polis leytenantı Mikayıl ermənilərə qarşı döyüşlərdə igidlik göstərdi. O, 1992-ci ildə şəhidlik zirvəsinə yüksəldi. Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Rafiq HÜSEYNOV,

texnika elmləri doktoru, professor, "Şəki ziyalıları” Xeyriyyə Cəmiyyətinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video