20 Sentyabr 2020 00:45
1112
İQTİSADİYYAT
A- A+

Prezident İlham Əliyev mükəmməl sənayeləşmə strategiyasının müəllifidir


"Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışı postpandemiya dövründə yeni çağırışlara cavab addımı kimi xüsusi əhəmiyyət kəsb edir. İlk dəfədir ki, ölkədəki Sənaye Parkı ərazisində müasir peşə təhsili müəssisəsi yaradılır.

Yeni və müasir infrastruktura malik mərkəzdə tələbələrə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq və bununla ölkə iqtisadiyyatı üçün vacib olan nadir peşələr üzrə mütəxəssislərin yeni nəsli yetişdiriləcək.

Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Sumqayıtın bu gün nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olduğunu bildirmişdir. Bu baxımdan məhz Sumqayıtda, Qafqazın ən böyük sənaye mərkəzlərindən birində Peşə Təhsil Mərkəzinin açılması dövlətin apardığı iqtisadi islahatlara müasir elmi yanaşmaların tətbiq edilməsinin bariz təzahürü hesab olunmalıdır.

6 korpusdan ibarət mərkəzdə 500 tələbə təhsil alacaq. Buradakı korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Mərkəzin tədris otaqlarını gəzdikcə, laboratoriyalarla tanış olduqca dünyanın ən müasir təhsil müəssisələrindən birində olduğunu hiss edirsən. Anlayırsan ki, artıq peşə təhsili dedikdə söhbət ötən əsrin savadsız məzununa "qara fəhlə” arayışının verilməsindən getmir. Bugünkü mərkəzdə yeni intellektual düşüncə tərzinə və müasir, innovativ avadanlıq və texnologiyalara səlis yiyələnməyi bacaran ciddi peşəkarlar hazırlanacaq. Faktiki olaraq bu mərkəz ölkənin təhsil sistemində peşə hazırlığında ən müasir yanaşmanı tətbiq edən liderə çevriləcək, tezliklə Sumqayıtın sənaye şəhəri kimi yüksək hazırlıqlı kadrlarla təmin edilməsində sözünü deyəcək.

Mərkəzdə artıq 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, mərkəzin təhsil proqramı müasir dünya təcrübəsinə söykənir. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən qabaqcıl dünya təcrübəsini fəaliyyətlərində tətbiq edən, yeni bilikləri tələbələrə aşılamağa hazır olan güclü və peşəkar mütəxəssislər cəlb olunacaqlar.

Ən vacib məqamlardan biri də odur ki, tələbələr ixtisas fənləri üzrə dərslərin 80 faizini Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçəcəklər. Bu isə yeni sənətə yiyələnməyi qarşısına məqsəd qoyan gənclərə imkan yaradacaq ki, onlar birbaşa istehsalat prosesində yetişib püxtələşsinlər. Bundan əlavə, praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri də quraşdırılmışdır. Bütün bunlar ölkə iqtisadiyyatının müxtəlif sahələri üçün yüksəksəviyyəli kadrların yetişdirilməsinə imkan verəcək.

Artıq heç kimə sirr deyil ki, Azərbaycanda uzun illər uğurla reallaşdırılan sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Məhz bu siyasətin sayəsində ölkədə istehsal edilən yerli sənaye məhsullarının çeşidi və həcmi artır, ixrac potensialı yüksəlir, ümumilikdə, neft-qaz amilindən asılılıq ildən-ilə azalır.

İqtisadi islahatların sistemli və ardıcıl tətbiqi hətta pandemiya şəraitində belə Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamikaya nail olmağa imkan yaratmışdır. Ümumilikdə, 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilmişdir. Bunun 276 milyon manatlığı, təqribən 33 faizi ixrac olunmuşdur. 2020-ci ilin ilk 6 ayı ərzində isə sənaye parkında 534 milyon manatlıq məhsul istehsal edilmişdir. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunmuşdur.

Prezident İlham Əliyev açılış mərasimində daxili tələbatın mümkün qədər yerli məhsullar hesabına təmin edilməsinin vacibliyini vurğulamışdır: "...baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır”.

Dövlət başçısı hesab edir ki, tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün çox keyfiyyətli ixracyönümlü məhsul buraxan valyuta gətirən müəssisələr lazımdır. Əgər bu gün tədiyə balansını müsbət səviyyədə saxlamağa neft-qaz amili imkan verirsə, biz onu bir kənara qoyub ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olmalıyıq: "Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada Siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır”.

Açılış mərasimində Prezident İlham Əliyev xarici və yerli investorların cəlb edilməsinin vacibliyindən də danışmışdır. Yeri gəlmişkən, qeyd edək ki, artıq dövlət başçısının çağırışına həm xaricdə, həm də daxildə çalışan sahibkarlar cavab verirlər. Bu sahibkarlarla əlaqələr qurulur, istiqamətlər dəqiqləşdirilir. Dövlət başçısı onların haqqında belə deyir: "Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq”.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video