20 Sentyabr 2020 00:38
2612
Mədəniyyət
A- A+

Səhnələri fəth edən “Arşın mal alan”


Üzeyir Hacıbəylinin bir sıra əsərlərində gözəl Şuşa şəhərində keçən uşaqlıq və ilk gənclik illərinin xatirələri var. Azərbaycanın musiqi diyarı olan o bənzərsiz şəhərdə gələcəyin dahi bəstəkarı xalqının məişətini, musiqi ənənələrini dərindən öyrənib, həvəskar artistlərin ifasında "Məcnun Leylinin məzarı üstündə” tamaşasına baxıb. Gördükləri yaddaşında dərin iz buraxıb. Bu duyğular ona sonralar "Leyli və Məcnun” operası və başqa əsərlər yazdırıb.

"Arşın mal alan” əsərinin qəhrəmanlarını da böyük Üzeyir bəy o illərdə "tanıyıb”. "Arşın mal alan...” deyə oxuya-oxuya qədim şəhərin küçələrini dolaşan, yad kişilərin döyə bilmədikləri qapılar üzünə açılan arşınmalçıları da ilk dəfə o zamanlar görüb. İllər sonra şöhrətinə şöhrət qatan "Arşın mal alan” operettasında həmin səhnələri əks etdirib.


Üzeyir bəyin son operettası - "Arşın mal alan”


Bu əsəri 1913-cü ildə Peterburq Konservatoriyasında təhsilini davam etdirərkən yazıb. Operettanın librettosunun müəllifi də Üzeyir bəy özüdür. Əvvəlcə onu polifoniya müəllimi professor Vasili Pavloviç Kalafatiyə göstərib. Əsəri çox bəyənən Kalafati onu konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı, professor Aleksandr Qlazunova təqdim etməyi məsləhət görüb. Əsər Qlazunovun da çox xoşuna gəlib və onu bütün Rusiyada ilk operetta adlandırıb.

Bundan sonra Üzeyir bəy "Arşın mal alan”ın partiturasını və librettosunu Bakıdakı dostlarına yollayıb. Hələ 1913-cü il iyulun 30-da o, Sankt-Peterburqdan Hüseynqulu Sarabskiyə göndərdiyi məktubunda bildirmişdi: "Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də "Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.

...Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir!”

İllər sonra - 1938-ci ildə Üzeyir bəy "Arşın mal alan” haqqında qeydlərim” adlı məqaləsində yazacaqdı: "Arşın mal alan” 1913-cü ildə Peterburq Konservatoriyasında oxuduğum zaman yazılmışdır. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. "Arşın mal alan” yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyət çəkdim”.


İlk tamaşa


"Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib.

İlk tamaşa uğurlu olub. "Arşın mal alan” bir ilin içərisində yalnız Bakının teatr səhnələrində 150 dəfədən çox oynanılıb. Dövrün mətbuat orqanlarının əksəriyyəti həmin tamaşadan yazıblar. "Sədayi həqq” qəzetinin 3 noyabr 1913-cü il tarixli nömrəsində bildirilib: "Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəyovun təzə operettası "Arşın mal alan” camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü, noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir”.

"Yeni iqbal” qəzetinin 16 mart 1916-cı il tarixli sayında Nəriman Nərimanov tamaşanı həm musiqi, həm də məna cəhətdən bəyəndiyini yazıb: "Arşın mal alan” operettasında bir ideya var desək, yarar. Nədir o ideya? Qızı görməmiş almaq olmaz. Cənab Əsgər bəyin fəlsəfəsində arvad mal kimi bir şeydir. Malı görüb almaq kimi, qızı da gərək əvvəl görəsən, sonra alasan. Demək ki, Əsgər bəyin fəlsəfəsilə arvad almaq üçün bir sifətini görmək tamamdır. Şəksiz bu, bir tipdir, ağılları gözündə olan adamların tipidir...

Üzeyir bəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbət hal-hazırda Üzeyir bəyin əsərləri yol açır. Bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən istəyirik”.

Ancaq "Arşın mal alan”ı tənqid edənlər də az olmayıb. Belələri daha çox müəllifin qadın azadlığından, köhnə adət-ənənələrin bəzilərinin gərəksizliyindən bəhs etməsini tənqidlə qarşılayıblar. Çünki operettadakı obrazlar həyatdan uzaq olmayıb. Tacir Əsgər, Süleyman, Soltan bəy, dörd divar arasında böyümüş, savadsız, hüquqsuz, sevib-sevilməkdən məhrum, görmədikləri adama ərə getmək məcburiyyətində qalan Gülçöhrə və Asya kimilər elə o cəmiyyətdə yaşayırdılar.

Mətbuat orqanlarında da operetta barədə mənfi rəylə çıxış edənlər olub. Üzeyir bəy "Arşın mal alan” haqqında qeydlərim” məqaləsində yazıb: "Bu əsər birinci dəfə oynandığı zaman Bakı burjuaziyasının "Kaspi” qəzeti tərəfindən son dərəcə hörmətsizlik və nifrətlə qarşılanmışdır. Əsər haqqında yazılmış "tənqiddə” avtor söyülürdü. Onlar bu əsəri "qızlarımızı pis yola çağırmaqda” töhmətləndirirdilər. O zamanlar azərbaycanlı qızlar ən elementar hüquqlardan belə məhrum edilmişdilər. Bu komediyanı yazmaqda da məqsəd səhnədə musiqili əsər vasitəsilə qadın azadlığına yardım etmək, köhnə adət və ənənələri ifşa etmək idi”.

Amma zaman tənqidlərin ədalətsiz, yalan olduğunu göstərib. "Arşın mal alan” böyük müvəffəqiyyətlə tamaşaya qoyulub, 80 dilə tərcümə edilib. 76 ölkənin 187 teatrında - ABŞ-ın 16 ştatında, Gürcüstanın 16, Bolqarıstanın 17, Polşanın 17, Rusiyanın 28, Çinin 8 şəhərində uğurla tamaşaya qoyulub.

1919-cu ildə Hacıbəyli qardaşlarının Türkiyədə qastrolları zamanı tamaşa elə uğur qazanıb ki, Azərbaycan artistləri İstanbuldakı "Şərq” teatrını bir neçə aylıq icarəyə götürməli olublar.

Operettanı fransız dilinə Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy tərcümə edib. 1925-ci il iyulun 4-də Parisin "Femina” teatrında fransızlar bu tamaşanı məşhur aktyorların - Dervalın (Soltan bəy), Montenin (tacir Əsgər), Passaninin (Gülçöhrə), Maqalinin (Asya) ifalarında görüblər.

Sovet hakimiyyəti illərində "Arşın mal alan” nəinki ittifaqa daxil olan respublikalarda, bütün dünyada dəfələrlə səhnələşdirilib. Üzeyir Hacıbəylinin xalqının muğam irsindən bəhrələnərək yazdığı bu əsər təkcə müəllifinə və vətəninə deyil, bütün SSRİ-yə şöhrət gətirib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə nümayiş etdirilən "Arşın mal alan” barədə Moskva mətbuatında bir-birindən maraqlı məqalələr işıq üzü görüb.

Müəllif özü də tamaşanı bəyənib. Üzeyir bəy Böyük teatrda rejissor Hidayətzadənin quruluşunda olan "Arşın mal alan”ın keçmiş quruluşlarının hamısından üstün olduğunu qeyd edib. O, tamaşanın bədii tərtibatında gənc rəssam Ədhəm Sultanovun əməyini, artistlərdən Bülbül, H.Hacıbababəyov, Sona Mustafayeva, Səltənət Quliyeva, Aliyə Terequlova, Elmira Axundova və başqalarının ifalarını yüksək dəyərləndirib.


"Arşın mal alan” ekranlarda


Əsərin ekran taleyi də uğurlu olub. Operetta XX əsrin əvvəllərində, Azərbaycanda "səssiz filmlər” çəkmək istəyən rejissorların müraciət etdikləri ilk əsərlərdən olub. "Arşın mal alan” müxtəlif illərdə dönə-dönə ekranlaşdırılıb. Əsər müəllifini və Azərbaycanı elə məşhurlaşdırıb ki, ermənilər bu şöhrətə əvvəl şərik çıxmaq, sonra tamamilə mənimsəmək xəyalına düşüblər. Amma Üzeyir bəyin Azərbaycan musiqi xəzinəsi üzərində qurduğu bu əsər erməni yalanlarını puça çıxarıb.

Üzeyir Hacıbəylinin doğma xalqı üçün irs qoyub getdiyi bu ölməz əsər uzun illərdir teatrların repertuarından düşmür. Tamaşa dünyanın müxtəlif səhnələrində oynanılır. 2013-cü ildə UNESKO-nun Baş Konfransının 36-cı sessiyasında "Arşın mal alan” operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd olunması barədə qərar qəbul edilib. Həmin il UNESKO-nun Baş Qərargahında TÜRKSOY, həmçinin Azərbaycan və Qazaxıstanın UNESKO-da daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri təşkil olunub.

Z.FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video