18 Sentyabr 2020 12:55
1859
Səhiyyə
A- A+

Səhiyyə Nazirliyinin rəsmisi Bakı şəhəri üzrə poliklinikaların COVID-19 pandemiyası zamanı fəaliyyəti haqqında məlumat verdi


Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva onlayn müsahibə verərək, Bakı şəhəri üzrə poliklinikaların COVID-19 pandemiyası zamanı fəaliyyəti haqqında məlumat verib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Esmira Hacıyeva hal-hazırda karantin qaydalarının yumşalmasından sonra poliklinikaların öz fəaliyyətlərini standart qrafik üzrə bərpa etdiyini və bütün tibb heyətinin tam şəkildə iş cədvəlinə uyğun işlədiyini qeyd edib. Onun sözlərinə görə, indi həm böyüklər, həm də uşaq poliklinikalarına sahə həkimi və ya ixtisaslı həkimlərin qəbuluna rahatlıqla düşmək üçün poliklinikanın qeydiyyat şöbəsinə müraciət edib, yazıla bilərlər: "Özü də, pasiyentlər öncədən təyin olunmuş vaxtda qəbula gəldiklərinə görə poliklinikalarda heç bir sıxlıq yaşanmır. Bundan başqa, pasiyentlərin təxirəsalınmaz tibbi yardıma ehtiyacları olan təqdirdə qəbula yazılmadan da düşmək mümkündür”.

Onun verdiyi məlumata görə, poliklinikaya daxil olan hər bir şəxs girişdə qarşılanır, onun hərarəti təmassız termometr vasitəsilə ölçülür: "Poliklinikalara gələnlərin bədən temperaturu 37.1°C və daha yuxarı olduğu müəyyən olunduğu halda, onların poliklinikaya daxil olmaqlarına qadağa qoyulur. Bundan sonra həmin şəxslər birbaşa poliklinikanın nəzdində olan və yaşayış yerlərinə aid olan sahə məntəqələrinə yönləndirilir. Sahə məntəqələrində onlardan test nümunələri götürülür və həmçinin, şikayətlərinə görə, həkim tərəfindən müvafiq məsləhətlər verilir”.

Esmira Hacıyeva bildirib ki, Bakı şəhər poliklinikalarında hal-hazırda planlı və diaqnostik tibbi müayinələr aparılır: "Bu müayinələrin öz standart qrafiki üzrə aparılması sahə həkiminin öz sahəsinə aid olan poliklinikada qeydiyyatda olan xəstələri ilə əlaqə saxlayıb, vaxt təyin edib poliklinikaya planlı müalicəyə dəvət edilir. Lakin xəstə COVID-19 virusuna yoluxmaq üzrə yüksək risk qrupuna daxildirsə (65 yaş və yuxarı, ürək xəstəliyi, diabet və ağciyər xəstəlikləri olan şəxslər) sahə həkimi xəstəyə evdə baş çəkir və ona müvafiq tövsiyələr verir. Bundan başqa, ixtisas həkimlərinin diaqnostik müayinələri sahə həkimlərinin göstərişi ilə həyata keçirilir. Qadın məsləhətxanaları da işini eyni qaydada davam etdirir, hamilə qadınların Səhiyyə Nazirliyinin müvafiq kliniki protokoluna uyğun olaraq mütəmadi müayinələri həyata keçirilir”.

Poliklinikalarda dispanserizasiya və vaksinasiya prosesləri haqqında söhbət açan Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri bildirib ki, ölkədaxili sərt karantin dövründə dispanserizasiyanın həyata keçirilməsi məhdudlaşdırılıb: "Hazırda karantin qaydalarının yumşalamasından sonra dispanserizasiya prosesi yenidən bərpa olunub. Eyni vəziyyət uşaq tibb müəssisələrində uşaqların planlı peyvəndlərlə əhatə olunması prosesinə öz təsirini göstərib. Hazırda peyvəndlərin aparılması, hər zaman olduğu kimi, Milli Peyvənd Təqviminə görə həyata keçirilir”.

Müsahibə zamanı Esmira Hacıyeva imtiyazlı qruplara daxil olan xəstələrin resept üzrə dərman preparatları ilə təmin olunduqları barəsində də danışıb. Onun verdiyi məlumata görə, poliklinikada qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar. Eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklinikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər. Digər xəstələr sahə həkiminin qəbulundan sonra əczanəyə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər.

Daha sonra Bakı şəhər poliklinikalarının binalarında görülən sanitar-epidemioloji tədbirlərin təşkili haqqında məlumat verilib. Poliklinika binasının bütün korpuslarındakı otaqlar və koridorların pəncərələri gündə ən azı iki dəfə açılıb, mütəmadi havalandırıldığını vurğulayan Esmira Hacıyeva giriş, çıxış, koridor və otaqlarda əllərlə tez-tez təmas edilən səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsi haqda danışıb.

Səhiyyə Nazirliyinin rəsmisi Esmira Hacıyeva müsahibəsini Bakı şəhər poliklinikalarında çalışan tibbi heyətin təhlükəsizliyinin təmin olunması haqqında məlumatla yekunlaşdırıb. O, koronavirusun sürətlə yayıldığı mərhələdə (aprel-iyun aylarında) müvafiq qoruyucu geyimlərlə (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska və s.) təmin olunmuş Bakı şəhər poliklinikalarının bütün tibbi və texniki heyətinin COVID-19 testindən növbəli şəkildə keçdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video