11 Sentyabr 2020 00:31
3310
SİYASƏT
A- A+

Vətəndaş maraqlarına xidmət edən mütərəqqi sosial müdafiə sistemi


İlham ƏLİYEV: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”


Sosial tərəqqi, həyat səviyyəsinin hər hansı göstəricisini əsas götürərək cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz məqsəd və vəzifələrinə uyğun sosial siyasəti formalaşdırır və həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını bəyan edir. Dünyada baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir. Sosial siyasətin qarşısında qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas təkanverici amili iqtisadi inkişafdır. Çünki iqtisadiyyatda uğur qazanmadan, maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə həyata keçirmək mümkün deyil.


Sosial siyasətin mərhələlər üzrə təhlili reallığı düzgün qiymətləndirmək, gələcək hədəflərin müəyyən edilməsi baxımından çox vacibdir


Gələn ay Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ili tamam olur. Bu, bir dövlətin tarixi üçün uzun zaman kəsiyi deyil. Amma bu dövrdə Azərbaycanın müstəqil dövlət kimi qazandığı nailiyyətlər olduqca möhtəşəmdir. Ən mühümü odur ki, Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində yaşanan məlum proseslər fonunda Azərbaycanda sosial sferada baş qaldıran problemləri orta və yaşlı nəsil yaxşı xatırlayır. Yeni formasiyaya keçid bütün sahələrdə olduğu kimi, sosial sferada da zamanın tələblərinə uyğun addımların atılmasını tələb edirdi. Lakin həmin dövrün məlum hadisələri əhalinin sosial müdafiəsi məsələsini arxa plana keçirmişdi. Büdcə boş idi, əməkhaqlarının, pensiyaların verilməsində kifayət qədər ciddi problemlər vardı, ödənişlər aylarla gecikirdi, ərzaq qıtlığı, qiymətlərin misilsiz dərəcədə artması, dördrəqəmli inflyasiya həyat səviyyəsini dəfələrlə aşağı salmışdı. Ağır iqtisadi böhran sosial tənəzzülü getdikcə daha da dərinləşdirirdi... Bu gün isə vəziyyət tamamilə başqadır.

Dövlətin sosial siyasəti dövrün çağırış və tələblərinə uyğun olaraq, mərhələ-mərhələ təkmilləşib. Hər mərhələdə mühüm işlər görülüb, vətəndaşların sosial rifahına xidmət edən tarixi addımlar atılıb. Ona görə də bu mərhələlərin hər birinin təhlili, elmi qiymətləndirilməsi vacibdir. Çünki bu zaman hər bir mərhələdə görülmüş işləri xatırlamaqla, mahiyyətini düzgün dəyərləndirməklə yanaşı, bu sahədə perspektiv üçün əsas hədəfləri müəyyən edə bilərik.


Heydər Əliyev əhalinin sosial şəraitinin daha əsaslı yaxşılaşdırılmasını strateji vəzifə kimi qiymətləndirirdi


Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkənin inkişaf tarixində tamamilə yeni səhifə açılmasından sonra əhalinin üzləşdiyi problemlər ön plana çəkildi, onların məntiqi ardıcılıqla həlli istiqamətində görülməsi vacib olan tədbirlər müəyyənləşdirildi. Gənc müstəqil dövlətin təcrübəli başçısı mövcud iqtisadi reallıqlardan çıxış edərək ən vacib ehtiyacları ödəmək üçün müvafiq addımlar atırdı ki, ölkədə sosial gərginliyi azaltmaq mümkün olsun. Heydər Əliyevin bu xüsusda hələ 1994-cü ildə verdiyi fərmanlar ayrıca diqqət çəkir. Bunlardan biri "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” 1994-cü il 15 iyun tarixli fərmandır. Bu sənədin əsas məqsədlərindən biri yüksək inflyasiyanın qarşısının alınmasına yönəlmişdi ki, bu da həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsinə nail olmaq və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün Heydər Əliyev "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli növbəti sənəd imzaladı.

Bundan başqa, ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi, o cümlədən məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial müdafiəsinə xidmət edən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, "Veteranlar haqqında” və digər bu qəbildən olan qanunlar qəbul edildi.

Beləliklə, çox ağır bir şəraitdə yeni müstəqil dövlətin sosial siyasətinin əsasları qoyulurdu. Onu da vurğulamaq lazımdır ki, yalnız neft müqavilələrinin imzalanmasından sonra kardinal sosial dəyişikliklərin reallaşması üçün əsas yarandı.


Yoxsulluğa qarşı mübarizə Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən biri idi


Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri yoxsulluğun azaldılması idi. Elə buna görə də "Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramı” qəbul edildi.

2002-ci il oktyabrın 25-də BMT-nin dəstəyi ilə hazırlanmış "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təqdimatına həsr edilmiş ümummilli konfransda geniş nitq söyləyən Heydər Əliyev yoxsulluq problemini ümumbəşəri problem kimi səciyyələndirərək, onun genezisini təhlil edərək demişdi: "Bizim ölkəmizdə Sovetlər İttifaqının dağılması ilə baş vermiş proseslərlə yanaşı, Ermənistanın Azərbaycana hələ 1988-ci ildən başlanmış hərbi təcavüzü iqtisadiyyatımıza çox böyük mənfi təsir göstərmişdir. Münaqişə, ondan sonra başlanan müharibə, təbiidir ki, iqtisadiyyatımızın bir çox sahələrinə mənfi təsir göstərmişdir. Sonrakı - 1990-1991, 1992-1993-cü illərdə isə bir tərəfdən Ermənistan-Azərbaycan münaqişəsi, müharibə, onun nəticəsində insanların yerlərindən-yurdlarından zorla çıxardılması, qaçqın və köçkün vəziyyətinə düşməsi, bütün varidatını itirməsi, digər tərəfdən isə Azərbaycanda bu illərdə mövcud olmuş hakimiyyət böhranı, iqtisadi və sosial böhran ölkəmizin iqtisadiyyatını ilbəil tənəzzülə uğratmışdı. 1993-1994-cü illərdə bu tənəzzül artıq son həddə çatmışdı. İqtisadiyyatımız inkişaf etmək əvəzinə, hər il təxminən 20-25 faiz tənəzzül edirdi. İnflyasiya çox yüksək səviyyəyə qalxmışdı. Təbiidir ki, belə vəziyyətdə bir çox müəssisələrin dayanması nəticəsində insanlar işsiz qalmışdılar. Bir də qeyd edirəm, bütün bunlar və müharibə zamanı qaçqın axınının daim artması ölkəmizdə yoxsulluğun yaranmasının əsas səbəbləri olmuşdur”.

Proqramın icrası ilə bağlı görülmüş tədbirlər yoxsulluq səviyyəsinin 1993-cü ildəki 80-85 faizdən 2 dəfə azalmasını təmin etdi.

Bütövlükdə 1993-2003-cü ildə dövlətin mövcud maliyyə imkanları çərçivəsində bir sıra sosial islahatlar həyata keçirildi. Bunlara misal olaraq o dövr üçün əhəmiyyət kəsb edən pensiya islahatlarını, güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsini və s. misal göstərmək olar. "Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla, sosial yönümü ilə səciyyələnirdi”, - deyə Prezident İlham Əliyev həmin illəri xarakterizə edib.

Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən başlayaraq sosial-iqtisadi inkişafın sürətləndirilməsini vacib bir amil kimi müəyyənləşdirdi. Bununla əlaqədar olaraq imzaladığı həyat səviyyəsinin yaxşılaşdırılmasının vacib şərtlərindən hesab edilən yeni iş yerlərinin yaradılması, iqtisadi inkişafı sürətləndirmək üçün bütün imkanlardan istifadə olunmasına xidmət edən tədbirlərin görülməsi hökumətin vacib vəzifəsi kimi qiymətləndirildi. Bu barədə Prezident İlham Əliyev 2006-cı ildə demişdir: "...Azərbaycan xalqının bir hissəsinin yoxsulluq səviyyəsində yaşaması bizi qane edə bilməz. Biz bunu qəbul edə bilmərik. Ölkə Prezidenti kimi şəxsən mən qəbul edə bilmərəm ki, Azərbaycanda yoxsulluq səviyyəsində yaşayanların sayı belə çoxdur. Nə üçün bu belə olmalıdır? Hansı səbəblərə görə? Bu səbəblər aydındır. Azərbaycana vurulmuş o zərbələr ölkəmizi iqtisadi cəhətdən elə zəiflətdi ki, biz hələ indi-indi özümüzə gəlirik. Bir rəqəmi də sizə xatırlada bilərəm. Ancaq 2005-ci ildə Azərbaycan öz iqtisadi potensialına görə 1990-cı ilin səviyyəsinə gəlib çıxmışdır. Görün o illərdə ölkəmizə nə qədər böyük zərbələr vuruldu ki, 1990-cı ilin səviyyəsinə çıxmaq üçün bizə 15 il vaxt lazım oldu. Biz bu 15 ili, demək olar ki, itirdik. Əgər 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edən bacarıqsız, səriştəsiz, xəyanətkar adamlar o bəd əməlləri törətməsəydilər, yaxud da, ümumiyyətlə, siyasətdən uzaq olsaydılar, əlbəttə ki, belə çətin vəziyyətə düşməzdik. Ona görə bu gün Azərbaycan əhalisinin bir hissəsinin yoxsulluq səviyyəsində yaşamasının səbəbkarları məhz onlardır. Biz isə çalışırıq ki, bunu aradan qaldıraq və qısa müddət ərzində, son ilyarım ərzində yoxsulluğun səviyyəsi 50 faizdən 40 faizə düşübdür. Gələn il daha da aşağı düşəcəkdir. Mən qarşıya məqsəd qoymuşam ki, Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır. Azərbaycan xalqı yaxşı yaşamalıdır, bizim buna haqqımız çatır. Bizim siyasi iradəmiz var və biz bunu təmin edəcəyik”.


Sosial siyasəti həyata keçirmək üçun iqtisadi əsasların möhkəmləndirilməsi həlledici amildir


Çağdaş dövrümüzdə sosial siyasətin müəyyən olunmuş əsas tərkib hissələri bir çox tədqiqatçılar tərəfindən qəbul olunmaqdadır. Bunlar əhalinin pul gəlirlərinin, real və nominal haqlarının artması, ərzaq təminatı, məşğulluq, sosial təminat, təhsil, səhiyyə, mənzil şəraiti, əməyin mühafizəsi kimi məsələlərdir.

Əlbəttə, bütün bu göstəricilərin yaxşılaşdırılmasının kökündə iqtisadiyyat durur və əgər bu sahədə müsbət nəticələrə nail olmasaydıq, sosial uğurlardan da danışa bilməzdik. Faktlara nəzər yetirək. İlham Əliyevin Prezident kimi fəaliyyətinin ilk üç mərhələsində 2003-2019-cu illərdə Azərbaycana 250 milyard ABŞ dollarından artıq sərmayə qoyulub. 2019-cu il daxil olmaqla milli iqtisadiyyatımız 3 dəfədən çox böyüyüb. Sənaye istehsalı 2,6, kənd təsərrüfatı 2 dəfə artdı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu çəkildi. Xəzərdə ən böyük liman olan Ələt Beynəlxalq Dəniz Limanı salındı, altısı beynəlxalq olmaqla, yeddi aeroport tikildi, orbitə 3 peyk çıxarıldı. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq 50 milyard dollara çatdı. Habelə, 2 milyon iş yerinin yaradılması keçilən möhtəşəm inkişaf yolunun ayrı-ayrı nümunələridir.

Bu baxımdan 2003-cü ildən 2020-ci ilə kimi olan dövr Azərbaycanda həyata keçirilən sosial siyasətin növbəti uğurlu mərhələsi kimi nəzərdən keçirilməlidir. Əvvəldə sadalan möhtəşəm uğurların hər biri Azərbaycanın iqtisadi inkişafına və nəticə etibarilə ölkədə sosial rifahın yüksəlməsinə təkan verib. Bu dövrdə yoxsulluğun 50 faizdən 5 faizə düşməsi, orta əməkhaqqının 11 dəfə, pensiyaların isə 8 dəfə artması bunun bariz nümunəsidir.

Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatı qurur. Bu fundamental məsələ 2009-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasında edilən dəyişikliklərdə öz əksini tapdı. Bu, ilk növbədə, o deməkdir ki, dövlət sərt bazar iqtisadiyyatının tələblərini, qanunları, sosial şəraiti nəzərə almalıdır. Bu fundamental prinsip əsas tutularaq ölkədə irimiqyaslı quruculuq işləri aparılır, pul xərclərinin və onların davam etdirilməsini vacib bir vəzifə kimi qarşıya qoyur. Biz daim əhalinin həyat səviyyəsi, pul gəlirlərini və dinamikasını, strukturunu, baş verən meyillər, iqtisadi inkişaf, müdafiə olunan xərclərin dinamikası, əhaliyə pullu və pulsuz xidmətlərin arasında optimal nisbətin təmin edilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlamalıyıq.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan hökuməti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq müəyyənləşdirməli, əsaslandırılmış strateji proqramlardan istifadə etməli, sosial tərəqqini, keyfiyyəti, inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələri kimi diqqət mərkəzində saxlamalıdır. Qlobal maliyyə böhranı, neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycan dövləti strateji proqramların, layihələrin heç birini dayandırmadı. Büdcə-maliyyə resurslarının bölüşdürülməsində sosial inkişafın sürətlənməsinə xidmət edən dəyişikliklər etdi, inflyasiya risklərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gördü.


Mütərəqqi sosial siyasətin bəzi nümunələri


Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi daim diqqət mərkəzindədir. Azərbaycan MDB-də yeganə dövlətdir ki, burada sosial siyasətin istiqamətlərindən birini şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi təşkil edir. Sosial müdafiənin bu aspekti də spesifik yanaşma tələb edir. Çünki şəhid ailələri və müharibə əlilləri ən yüksək sosial qayğıya layiqdirlər. İyul ayında Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan hərbçilərin sosial qayğılarının ilk gündən diqqət mərkəzində saxlanılması göstərdi ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

2019-cu ildən başlanan yeni sosial paketlər çərçivəsində bu kateqoriyadan olan vətəndaşlar üçün sosial ödənişlərin də ciddi şəkildə artırılması təmin edilib. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin 11 min manat birdəfəlik ödəmə ilə təminatı proqramı da 100 faizə yaxın icra olunub.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı da ildən-ilə gücləndirilir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu sahədə rekord göstərici kimi azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, artıq 430 mənzil təqdim edilib.

2019-cu ilin avqust ayında Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev bu təbəqədən olan insanların problemlərinin daim diqqət mərkəzində olduğunu qeyd edərək bildirib ki, son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ümumiyyətlə, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində rekord göstəricilərə nail olunması hədəflənib. "Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətin xüsusi qayğısı nəticəsində müharibə əlilləri və onlara bərabər tutulanların dövlət tərəfindən minik avtomobilləri ilə təminatı tədbirləri də geniş vüsət alır. 2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil verilibsə, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu il də daha 400 avtomobil verilməsi planlaşdırılıb və artıq 150 avtomobil verilib.

Qaçqın və məcburi köçkünlərə yüksək qayğının diqqət mərkəzində olduğunu qeyd etmək istərdim. Məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da Heydər Əliyevə məxsus idi. Ümummilli Lider yaranan iqtisadi imkanları, ilk növbədə, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldirdi. Dövlət Neft Fondunda toplanan ilk vəsait də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilmişdi.

Cənab İlham Əliyev 2003-cü ilin prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi təmin edildi ki, bu da Prezident İlham Əliyevin tapşırığının vaxtından bir il əvvəl yerinə yetirilməsi deməkdir.

2004-cü ildə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Sonrakı illərdə proqrama əlavələr edildi və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir həyata keçirildi.

Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 100-dən artıq qəsəbə və şəhərcik salınmışdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin çağırışından sonra özəl sektor da bu işlərə qoşulub. "Paşa Holdinq” tərəfindən Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb: "Eyni zamanda şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il "Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda ölkəmizin gücünü göstərir”, - deyə Prezident İlham Əliyev bildirib.

Respublika rəhbəri onu da xüsusi olaraq qeyd etdi ki, burada ilk dəfə olaraq istehsal müəssisəsi yaradılıb ki, bu da kompleksdə yaşayanların işlə təmin edilməsi üçündür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin, mənzil şəraitlərinin həllinə heç bir ciddi beynəlxalq yardım olmadan 7 milyard manatdan artıq vəsait xərclənib. Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan MDB məkanında sosial siyasətin məhz bu istiqamətində tədbirlər həyata keçirən yeganə dövlətdir. Bu da insan amilinin respublikamızda prioritet olduğunu təsdiqləyən mühüm amillərdən biridir.

(Ardı var)

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video