02:08 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Heç kim qanundan üstün deyil
ANA SƏHİFƏ / SİYASƏT
10:11 23.08.2020

Ötən ilin sonlarından bütün dünya çağdaş bəşər tarixinin ən təhlükəli xəstəliyinə çevrilən koronavirus infeksiyasından əziyyət çəkir. Beynəlxalq birliyin, ayrı-ayrılıqda hər bir ölkənin pandemiyaya görə səfərbər olmasına, tibb elminin əlindən gələni etməsinə baxmayaraq, hələlik virusun yayılmasının qarşısını tam olaraq almaq mümkün olmayıb. Bu baxımdan xəstəliklə mübarizədə hazırda ən önəmli vasitə karantin rejiminin tətbiqidir.

Təsadüfi deyil ki, vətəndaşların sağlamlığının qorunmasını əsas prioritetlərdən biri elan Prezident İlham Əliyev COVID-19-la mübarizə tədbirlərini xüsusi diqqət mərkəzində saxlayır. Dövlət başçısı çıxışlarında bu mövzudan söz açarkən daim qeyd edir ki, ən önəmli məsələ insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır. Mart ayından etibarən həyata keçirilən sosial izolyasiya tədbirlərinin, apreldən tətbiq olunan karantin rejiminin də məqsədi vətəndaşların iş yerlərində, kütləvi tədbirlərdə, ictimai nəqliyyatda bir-biri ilə təmaslarını azaltmaq və beləliklə, koronavirusun yayılmasının qarşısını almaqdır. Hətta iqtisadi fəallığın azalmasına baxmayaraq, virusun yayılaraq ciddi fəsadlar törətməməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimini mərhələli şəkildə uzadılmasına qərar verilir.

Karantin rejiminin qadağalarından biri kütləvi tədbirlərin, o cümlədən çoxsaylı insanların iştirakı ilə toy və dəfn mərasimlərinin, əyləncəli tədbirlərin keçirilməməsidir. Bu qadağa virusun yayılmaması üçün tətbiq edildiyindən Azərbaycan ictimaiyyəti bunu anlayışla qarşılayır. Əlbəttə, bu vəziyyət müvəqqətidir və virusun qarşısının tam olaraq alınmasından sonra həyat əvvəlki axarına dönəcək.

Lakin təəssüflə qeyd etməliyik ki, son aylarda dəfələrlə ayrı-ayrı vətəndaşların toy və yas mərasimləri təşkil etməsinin, digər kütləvi tədbirlər keçirməsinin şahidi oluruq. Belə halların qarşısı hüquq mühafizə orqanları tərəfindən dərhal alınır və karantin rejimi tələblərinin pozulmasına hüquqi qiymət verilir.

COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Operativ Qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərinin rəsmi şəxslər və məmurlar tərəfindən pozulması isə, ümumiyyətlə, yolverilməzdir. Son günlərdə bəzi məmurların, vəzifəli şəxslərin toy mərasimində işitrakı ilə bağlı yayılan məlumatlar dərin ictimai qınaqla üzləşib.

Bəzi məmurlar vətəndaşlardan ali olmadıqlarını, yüksəkdə durmadıqlarını, cəmiyyətin, dövlətin onların üzərinə böyük məsuliyyət qoyduğunu dərk etməlidirlər. Hər zaman əsas tələblər ondan ibarət olub ki, vəzifəli şəxs, dövlət məmuru öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməklə yanaşı, öz davranışı ilə cəmiyyətə hörmətlə yanaşmalı, nümunə olmalıdır. Lakin, təəssüflər olsun ki, bu günlərdə karantin rejiminin tələblərini pozan bəzi məmurların və rəsmi şəxslərin timsalında cəmiyyətə hörmətsizliyin, ölkə rəhbərliyinin koronavirusla mübarizədə elan etdiyi prioritetlərə laqeyd münasibətin şahidi olduq.

Onu da qeyd edim ki, karantin rejimi tələblərinə əməl olunmasında dövlət məmurları və vəzifəli şəxslər sadə vətəndaşlarla müqayisədə ikiqat məsuliyyətli olmalıdırlar. Çünki məhz vəzifəli şəxslər tərəfindən qanunların pozulması dövlətin həyata keçirdiyi tədbirlərə xələl gətirə bilər.

Azərbaycan hüquq dövlətidir. Bundan irəli gələrək ölkəmizdə hər bir məsələ məhz qanunçuluq prinsiplərinə əsaslanır. Rəsmi şəxslərin və məmurların iştirakı ilə keçirilən toy mərasimi ilə bağlı qəbul edilən hüquqi qərarlar göstərdi ki, hər kəs qanun qarşısında bərabərdir və heç kim karantin rejimi qaydalarının pozulmasına görə məsuliyyətdən yayına bilməz.

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı




NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM