21 Avqust 2020 00:51
1583
Səhiyyə
A- A+

Səhiyyə Nazirliyi tərəfindən yeni “Video Doktor” adlı mobil tətbiq istifadəyə verilib


Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən "Ezgil Medical Technologies” şirkətinin tərəfdaşlığı və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə "Video Doktor” distant tibbi konsultasiyaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş mobil tətbiqi hazırlanıb və istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, milli texnoloji "start-up”ın məhsulu olan bu tətbiq COVID-19 pandemiyası dövründə tibb işçiləri və pasiyentlərin sağlamlığını qorumaq üçün aralarında yaxın təmasların azaldılması, vətəndaşların vaxtında və keyfiyyətli tibbi yardımla təmin olunması üçün hazırlanıb. Eyni zamanda, tətbiq xroniki xəstəliklərdən əziyyət çəkən və hazırda tibb müəssisələrinə gəlməkdə çətinlik çəkən pasiyentlərə tibbi diqqətdən kənarda qalmamaq imkanını yaradıb.

Yeni istifadəyə verilmiş "Video Doktor” tətbiqindən istifadə həm həkim, həm də pasiyentlər üçün olduqca rahat və asandır. Tətbiqin köməyi ilə hər bir xəstənin tibbi kartı yalnız poliklinikalara deyil, həmçinin stasionar tibb müəssisələrinə də inteqrasiyası mümkün olur. Bu xəstəliyin gedişatı və müalicə prosesini izləmək üçün imkan yaradır. Üstəlik, burada həkim tərəfindən xəstəyə yazılan bütün reseptlərlə də tanış olmaq mümkündür.

Onu da qeyd edək ki, bu mobil proqramın vasitəsilə xəstə qəbul vaxtını təyin etmək və ya müalicə ilə əlaqəli məsələlərə aydınlıq gətirmək üçün istənilən zaman həkimi ilə əlaqə saxlaya bilər. Bundan başqa, xəstə öz mövcud vəziyyəti, yəni temperaturu, nəbzi, təzyiqi, qan şəkəri səviyyəsi haqqında məlumatı əldə edib, sonra onu müalicə edən həkiminə göndərə bilər. Həkimlər, öz növbəsində pasiyentlərinin xəstəxanadan çıxdıqdan sonra belə vəziyyətlərini izləyə bilərlər. Yerləşdiyi nöqtədən asılı olmayaraq, dünyanın istənilən yerindən hər hansı bir tətbiq istifadəçisi özü haqqında məlumatları xaricdə yerləşən istənilən klinikaların həkimləri ilə asanlıqla bölüşə bilər. "Video Doktor” mobil proqramı, həmçinin xəstələr üçün analiz cavabları, rentgen nəticələri, peyvəndlər və digər məlumatların hər zaman "əl altında” olmasını təmin edir. Eyni zamanda, həkimlər istənilən zaman bu tətbiqə daxil olub, xəstənin məlumat bazasını bir-birlərinə göndərib, tətbiqin daha bir faydalı funksiyasından yararlanaraq diaqnoz və müalicə yollarını onlayn şəkildə aralarında müzakirə edə bilərlər.

Evdə müalicə alan COVID-19 pasiyentlərinin müşahidəsi və müvafiq qayğı ilə əhatə olunması üçün Bakı şəhərinin poliklinikalarında uğurlu sınaqlardan keçmiş mobil tətbiqin digər dövlət və özəl tibb müəssisələri tərəfindən istifadə olunması nəzərdə tutulub. Beləliklə, fərdi həkimlərin "Video Doktor”dan yararlanması pandemiya dövründə təmasların, xüsusilə də tibb işçiləri və yüksək risk qrupuna aid xroniki xəstəlikləri olan pasiyentlərin yoluxma riskinin azaldılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda, "Video Doktor” mobil tətbiqi tibbi xidmətlərin daha əlçatan olmasına kömək edir. Bu daha çox ölkənin ucqar kəndlər və qəsəbələrində yaşayan vətəndaşlar tərəfindən keyfiyyətli səhiyyə xidmətlərinin əldə edilməsinə aiddir.

Qeyd edək ki, artıq istifadəyə verilmiş "Video Doktor” mobil tətbiqi istənilən Android və iOS əməliyyat sistemli cihazlara müvafiq olaraq Google Play (Play Market) və AppStore-dan asanlıqla yüklənilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video