08 Avqust 2020 01:14
1059
İQTİSADİYYAT
A- A+

Sosial layihələrin icrası diqqət mərkəzindədir

Koronavirus pandemiyası amilinin təsiri nəticəsində dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, digər məhsulların idxal və ixracında yaranan çətinliklər respublikamızın iqtisadiyyatına da təsirsiz ötüşmür.

Bunlara baxmayaraq, dövlət başçısı cənab İlham Əliyev nəzərdə tutulmuş sosial layihələrin icrası ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, onlayn tərzində keçirdiyi müşavirələrdə müvafiq nazirliklərin, digər icra orqanlarının rəhbərlərinə öz göstəriş və tövsiyələrini verir.

Şirvan şəhəri respublikamızın ən gənc və müasir yaşayış məskənlərindən biridir. Keçən əsrin 50-ci illərindən o, sürətlə inkişaf etməyə başlamış, az vaxt ərzində neftçilər, energetiklər, gənclər şəhəri kimi şöhrət tapmağa başlamışdır. Ulu Öndər 1969-cu ildə Azərbaycan KP MK-nın Birinci katibi seçildikdən sonra o zamanlar Əli Bayramlı adlanan şəhər daha sürətli inkişaf yoluna qədəm qoymuşdur. Burada yeni sənaye müəssisələri açılmış, yeni-yeni yaşayış evləri, sosial əhəmiyyətli obyektlər inşa edilib istifadəyə verilmişdir. Yeni şəhər massivi də elə o vaxt tikilmişdir. Bunlar isə nəinki respublikamızdan, hətta keçmiş SSRİ-nin, xüsusilə Rusiyanın müxtəlif yerlərindən gənclərin buraya gəlməsinə səbəb olmuşdur. Həmin gənclər bu şəhərdə işləmiş, ailə həyatı qurmuş, xoşbəxt günlər yaşamışlar. Onların övladlarının çoxu bu gün də Şirvan şəhərinin sakinləridir.

Müstəqilliyimizin ilk illəri məlum səbəblər üzündən bu şəhərin taleyində də xoşagəlməz izlər buraxmışdır. Bir çox müəssisələr öz fəaliyyətini dayandırmış, adamlar iş yerlərini itirmişdilər. "Çətin günün ömrü az olar”, - deyib ulularımız. Xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev öz uzaqgörən siyasəti, polad iradəsi ilə müharibə gedən ölkəmizdə tədricən hər bir işi öz yoluna qoydu. Yaranan sabitlik nəticəsində xarici investorlar respublikamıza gəldilər, xalq təsərrüfatının müxtəlif sahələrinə investisiyalar yatırdılar. O zaman həmin kapital ölkəmiz üçün çox önəmli idi. Məlumdur ki, indi ölkəmiz başqa dövlətlərə investisiya qoymaq gücünə malikdir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyev uzaqgörənliyinin labüd nəticəsidir.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” imzalandı, digər islahatlar həyata keçirildi. Ulu Öndərin siyasi-iqtisadi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyev 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramını imzaladı. İllərlə baxımsız qalan, sökülüb-dağıdılan, bərbad hala düşən nə vardısa, mərhələ-mərhələ tikildi, quruldu, əsaslı şəkildə təmir edildi. Bu baxımdan sənaye şəhəri Şirvan da genişləndi, böyüdü, öz simasını dəyişdi. Burada neçə-neçə yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi, köhnələri əsaslı təmir olundu. 1950-ci illərdə istifadəyə verilən İstilik Elektrik Stansiyasının yanında müasir tipli Cənub Elektrik Stansiyası inşa edildi. Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, ticarət mərkəzi, çoxmərtəbəli yaşayış evləri və onlarca digər tikililər, salınan parklar, xiyabanlar, küçələr və prospektlər şəhərin görkəmini daha da gözəlləşdirdi. Bunlar isə burada yaşayan hər kəsdə haqlı qürur, məmnunluq hissi yaradır. Keçən ilin dekabr ayında istifadəyə verilən qaçqın və məcburi köçkünlər şəhərciyi şəhər içində şəhəri xatırladır.

Bu gün Şirvan dövlətdən dotasiya almadan özünü maliyyələşdirən şəhərlər sırasındadır. Neftçilər, energetiklər və gənclər şəhərinə yolu düşənlər hal-hazırda burada tikinti-quruculuq, abadlıq işlərinin aparıldığını görürlər. Su-kanalizasiya sisteminin çəkilişi davam etdirilməkdədir.

Şəhərin mərkəzində inşa edilən 21 saylı tam orta məktəbin tikintisində qızğın iş gedir. Təhsil ocağı keçən əsrin ortalarında tikilən uyğunlaşdırılmış binada yerləşdirilmişdi. Məktəbin yeni binasının tikintisi üçün Prezident İlham Əliyev 2019-cu ildə sərəncam imzalamışdır. Əvvəlkindən iki dəfə böyük olacaq 624 şagird yerlik tam orta məktəbin tikintisinə cari ilin may ayında başlanılmışdır. Əsas korpusu üçmərtəbəli olacaq tədris ocağının inşasını "AS-Təmir Tikinti” MMC aparır. Yeni binanın 46 sinif otağı, 386 yerlik akt zalı, kitabxanası, yeməkxanası, 540 kvadratmetrlik idman zalı, açıq havada 2 idman meydançası, istilik sistemi, su anbarı, siqnalizasiya sistemi və s. olacaqdır. Məktəb ən müasir avadanlıqlar, laboratoriya və dərs ləvazimatları ilə təchiz olunacaqdır. Hal-hazırda tikintidə 52 nəfər çalışır. İnşaatçılar məktəb binasını dekabr ayında istifadəyə verməyi nəzərdə tutmuşlar. Vədlərinə əməl etmək üçün onlar səylə çalışırlar.

2004-cü ildən hazırkı dövrədək Şirvan şəhərində dövlət büdcəsinin vəsaiti, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə 5 məktəb üçün yeni bina (bunlardan başqa, 1-i də hazırda tikilir): 2 saylı məktəbdən ötrü 200 şagirdlik, 16 saylı məktəb üçün 500 şagirdlik əlavə korpus inşa edilmış, 10 məktəb əsaslı şəkildə təmir edilmişdir. Təhsilə göstərilən bu cür diqqət və qayğının nəticəsi olaraq təlim-tərbiyə prosesində əsaslı dönüş yaranmışdır. Şagirdlər respublika üzrə keçirilən fənn olimpiadalarında, idman yarışlarında, inşa və digər müsabiqələrdə yüksək nəticələr əldə etmişlər. Ali məktəblərə qəbul olunan məzunların sayı isə ildən-ilə artmaqdadır.


Seyran CAVADOV,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video