06 Avqust 2020 00:28
1620
Mədəniyyət
A- A+

Fəttah Heydərovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq


Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri, görkəmli ictimai-siyasi xadim Fəttah Heydərov avqust ayının 4-də 83 yaşında vəfat edib. Respublika Ağsaqqallar Şurasının Məclis üzvlərinin Fəttah Heydərovun vəfatı ilə əlaqədar nekroloqunda deyilir:

"Gənc yaşlarından taleyini xalqın taleyi ilə bağlayaraq respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən Fəttah Heydərov Azərbaycanın həlledici tarixi məqamlarında həmişə milli və dövlət maraqlarını üstün tutaraq xalqa və Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirmiş, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın gələcək tərəqqisinə, iqtisadi yüksəlişinə istiqamətlənmiş uğurlu siyasətinin yanında olmuşdur. Prinsipiallığı, yüksək idarəçilik keyfiyyətləri, ictimai fəaliyyət əzmi, insanlara örnək ola biləcək siyasi mövqeyi ilə fərqlənən Fəttah Heydərov əsl Azərbaycan ağsaqqalı üçün səciyyəvi olan xüsusiyyətləri xarakterində cəmləşdirmiş, özünün zəngin həyatı və geniş diapazonlu fəaliyyəti ilə ölkəmizin inkişafına töhfələr vermişdir. Şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün bir nümunə məktəbi olmuşdur.

23 fevral 1938-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olan Fəttah Səməd oğlu Heydərov 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almış, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1955-ci ildə Naxçıvanda Güznüt kənd klubunun müdiri kimi əmək fəaliyyətinə başlayan Fəttah Heydərov 1958-ci ildən Çeşməbasar kənd səkkizillik məktəbində müəllim işləmişdir. Fəallığı və yüksək məsuliyyət hissi 1966-cı ildə onu Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildə isə Ordubad rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə ucaltmışdır. 1976-cı ildə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri kimi məsuliyyətli bir vəzifəyə irəli çəkilmişdir. 1978-ci ilin əvvəllərində mükəmməl həyat və istehsalat təcrübəsinə sahib olan yetkin bir kadr kimi Fəttah Heydərov Ordubad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur. 1981-ci ilin əvvəllərində Fəttah Heydərov fəaliyyətini Culfa Rayon Partiya Komitəsinin birinci katibi kimi davam etdirmişdir. 1983-1995-ci illərdə isə Fəttah Heydərov Naxçıvan MR Mədəniyyət naziri vəzifəsində çalışmışdır.

Bütün bunlarla yanaşı, Fəttah Heydərov 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetində təmsil olunan və Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015-ci il), VI (2020-ci il) çağırış Milli Məclisinin deputatı seçilən Fəttah Heydərov bu məsuliyyətli və şərəfli vəzifəni layiqincə həyata keçirmişdir.1995-2005-ci illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının üzvü, 2005-ci ildən Regional məsələlər daimi komitəsinin sədr müavini kimi çalışan Fəttah Heydərov parlamentin İntizam komissiyasının üzvü olaraq Milli Məclisdə normal iş rejiminin qorunması, daxili nizam-intizamın saxlanılması, etik davranışların təmin edilməsi istiqamətində mühüm işlər görmüş, Milli Məclisin Hesablayıcı komissiyanın sədri vəzifəsini də uğurla yerinə yetirmişdir.

Daim Azərbaycana xidmət duyğusunu hər şeydən üstün tutan, xalqımızın milli ruhunu yaşadan Fəttah Heydərov 16 fevral 2013-cü ildə Respublika Ağsaqqallar Şurasına sədr seçilmişdir. Ölkəmizin nüfuzlu ziyalılarını, ictimai, siyasi, mədəniyyət və elm xadimlərini özündə birləşdirən Azərbaycan Ağsaqqallar Şurası Fəttah Heydərovun rəhbərliyi altında ictimai-siyasi proseslərdə yaxından iştirak etmiş, xalqımızın milli-mənəvi dəyərlərini qoruyaraq, əxlaqi normaları və sağlam həyat tərzini təbliğ edərək əhali arasında vətənpərvərlik hissinin gücləndirilməsi və vətəndaş məsuliyyətinin artırılması üçün bir çox tədbirlər həyata keçirmişdir. Ağsaqqallarımız cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Fəttah Heydərov bir çox mükafatlarla, o cümlədən 1970-ci ildə "Fədakar əməyə görə” medalı, 1973-cü ildə "SSRİ Dövlət sərhədinin qorunmasında fərqlənməyə görə” medalı, 1975-ci ildə isə "Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov 2008-ci ildə "Şöhrət”, 2013-cü ildə "Şərəf” və 2018-ci ildə isə "İstiqlal” ordeninə layiq görülmüşdür.

Milli-mənəvi dəyərlərimizə, həmçinin dinimizə çox bağlı olan Fəttah Heydərov bir neçə dəfə həcc və ümrə ziyarətlərində olmuşdur.

Allah-təala onu Vətənin və vətəndaşın tərəqqisinə istiqamətlənmiş əməli fəaliyyət göstərmək, yaxşılıq və xeyirxahlıq etmək, el-obanın dərdinə-sərinə yaramaq, bir sözlə, insanlıq nümunəsi olmaq üçün yaratmışdı. O, Azərbaycanı tükənməz məhəbbətlə sevən, xalqımızın firavan yaşaması üçün əlindən gələni edən böyük ictimai-siyasi xadim, dəyərli ağsaqqal idi. İnsanların daim kamilləşməsinə, yüksəlməsınə can atan və bütün fəaliyyətini bu istiqamətdə quran Fəttah Heydərov minlərlə gəncə ağsaqqallıq etmiş və yolgöstərən olmuşdur. Onun ibrətamiz söhbətlərini dinləyən hər kəs, həqiqətən, mənəvi cəhətdən saflaşmış və zənginləşmişdir.Təsadüfi deyil ki, Fəttah Heydərovun bu çətin, lakin şərəfli fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Lakin onun ən böyük mükafatı xalqımızın bu gözəl insana olan tükənməz sevgisi və hörməti idi. Biz əminik ki, bu sevgi heç zaman insanların ürəyindən silinməyəcək və vətənpərvər ictimai-siyasi xadimin, müdrik ağsaqqalın, əzmkar millət vəkilinin unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Bütün Azərbaycan xalqına və mərhumun yaxınlarına Respublika Ağsaqqallar Şurasının Məclis üzvləri və çoxsaylı sıravi üzvləri adından dərin hüznlə başsağlığı verir və səbir diləyirik.

Allah rəhmət eləsin!”

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video