06 Avqust 2020 00:24
1532
Təhsil
A- A+

Pandemiya qəbul ballarına təsir edəcəkmi?


Ekspertlər hesab edirlər ki, keçid ballarının dəyişdirilməsinə ehtiyac var


Planeti koronavirus pandemiyası təkcə insanların vərdişlərini, yaşam və həyat tərzini dəyişdirmədi, eləcə də dünyada özünün qanunlarını diktə etdi. Nəticədə bütün sahələrdə pandemiya dövrünün tələblərinə uyğun yeni qaydalar müəyyənləşdi və tətbiq olundu. Koronavirus təhsil sisteminə də təsirsiz ötüşmədi. İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya verə bilmədi, sadəcə proseslərin arxasınca getdi.

Epidemiyanın qısa müddət sürəcəyi və tezliklə təhsil müəssisələrinin fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər vardı. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiəti və hələ uzun zaman davam edəcəyi aydınlaşandan sonra təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görülməyə başlandı.

Azərbaycanda martın 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonunadək dayandırıldı. Xüsusi karantin rejimi ilə əlaqədar orta məktəblərin buraxılış imtahanları, eləcə də ali və orta ixtisas məktəblərinə qəbul imtahanları bir neçə dəfə təxirə salındı. İyun ayından etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanlar pandemiya şəraitinin tələblərinə uyğun şəkildə bir neçə mərhələdə həyata keçirilməyə başlandı. İyulun 29-da və 30-da DİM növbəti buraxılış (qəbul) imtahanlarını təşkil etdi. Artıq qarşıda ixtisas qrupları üzrə həlledici imtahan mərhələsi var.

Hazırda valideynləri və abituriyentləri narahat edən məqam qəbul balları ilə bağlıdır. Orta məktəblərdə dərslərin dayanması, hazırlıq kursları və repititorluğun fəaliyyətinə məhdudiyyət tətbiq edilməsi şagirdlərin normal dərsdən geri qalmasına səbəb oldu. Üstəlik, onlayn təhsilin səviyyəsinin yüksək olmaması istər-istəməz onların bilik və bacarığına mənfi təsir etdi. Bundan başqa, imtahan prosesinin gecikməsi və dəfələrlə təxirə salınması şagirdlər arasında müəyyən psixoloji gərginlik yaratdı. Sirr deyil ki, bütün bu məqamlar abituriyentlərin imtahan nəticələrinə təsir göstərən amillərdir.

Təhsil texnoloqu, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin fikrincə, DİM blok imtahanında sualların çətinliyini xeyli dərəcədə asanlaşdırmalıdır. Sualların qismən sadələşməsi, şagirdlərin yüksək bal toplamasına və psixoloji yorğunluğun vurduğu zərbədən qurtulmasına böyük dəstək ola bilər: "Ümumiyyətlə isə, bu addım uzun illər öncədən atılmalı idi. Sualların çətinlik dərəcəsi ağırlaşdıqca ümumi bal səviyyəsi aşağı düşür. Ballar aşağı düşdükcə də universitetlərə qəbul zamanı keçid balı da aşağı düşməli olur. Bu da ona gətirib çıxarır ki, universitetlərə ayrılan yerlər dolmur. Deməli, universitetlərə sənəd verən şagird 150-200 balla qəbul olunur, yuxarı bal toplayan şagirdlərin sayı az olur. Halbuki sualları elə müəyyənləşdirmək olar ki, ortalama bal səviyyəsi çox yüksək olsun. Bu, birbaşa suallara qoyulan tələbdən asılıdır, yəni keçid ballarının 150-200 yox, 300-400 balın üstündə olması sualı tərtib edən şəxsin əlindədir. Hazırda isə biz bunun əksini görürük, suallar çətin olduğundan orta statistik nəticə aşağı düşür və keçid balları 150-250 bal aralığında olur. Gəlin bir anlıq düşünək: əgər hər hansı bir şagird universitetə 150 balla yox, 300-400 balla qəbul olsa, nə qazanacaq. Birincisi, yüksək əhvali-ruhiyyə, ikincisi, sabaha böyük ümid, üçüncüsü, ailə, dost-tanış, universitetdə müəllimlərin ciddi qınağından qurtulmaq. Belə olarsa, dost-tanışın "nə böyük iş görmüsən ki, 150 bal toplamısan”, universitetlərdə müəllimlərin "günah sizi 150 balla universitetə qəbul edəndədir” kimi tənələri o gəncə "zəifsən” psixologiyasını yükləməz. Hər il qəbul imtahanlarından sonra elan edilən statistika ifadə edir ki, sən demə, ölkədə təhsilin səviyyəsi aşağı imiş. Beləliklə də təhsilimizə inam itir. Bir halda ki, 150 balla universitetə qəbul olub oxumaq mümkünsə, o zaman niyə həmin gənc 300 və üstün balla qəbul olmasın? Onsuz da təhsil həm də bir biznes sahəsidir və yerli universitetlərə qəbul olmayan minlərlə gənc sadəcə attestatla xarici universitetlərə üz tutur. Bu da ölkədən gedən böyük bir maliyyədir. Bu maliyyə ölkədə qalsa, xalqın təhsilə inamı artsa, bunun nəyi bizim üçün zərərli olar?”

Ş.Sadiqin sözlərinə görə, SAT, YÖS, TOEFL, İELTS kimi beynəlxalq imtahanlar var ki, 5-6 ay ərzində cəmi iki fəndən yaxşı hazırlaşmaqla bizim universitetlərdən qat-qat güclü təhsil verən ali məktəblərə qəbul olmaq mümkündür. Şagird sadəcə iki fəndən hazırlaşaraq, bəzən də ödəniş və təhsil keyfiyyəti bizim universitetlərlə müqayisədə daha münasib olan ali məktəbləri qoyub, niyə ağır proqramlarla hazırlaşaraq, yerli universitetlərdə təhsil almağa maraqlı olsun?! Məhz bunun nəticəsidir ki, 8-ci sinifdən sonra şagirdlərimizin əksəriyyəti qəbulda lazım olmayan fənləri oxumaqdan əl çəkir və rahat, kiçik bir zəhmətlə xarici proqramlarla hazırlaşır: "Şagird iki fəndən - riyaziyyat və ingilis dilindən hazırlaşmaqla (bu da maksimum 7-8 kitab olar) universitetə qəbul ola bilirsə, niyə 60 kitab oxumalıdır? Normal məntiqi olan insan bunu anlayır. Bu zaman bilirsiniz nə baş verir? Biz özümüzü ingilis dilli vətəndaş yetişdirməyə sürükləyirik. O, artıq Azərbaycan dilini, tarixini, coğrafiyasını, ədəbiyyatını oxumaqdan əl çəkir. Bu səbəbdən şagirdlər 8-ci sinifdən hazırlığa başlayır. Məhz qəbul suallarının ağırlığı valideynləri repetitorlara yönləndirir ki, bu da "təhslimiz bərbaddır”, "təhsilimiz geriyə gedir”, "məktəbdə təhsil yoxdur”, "repetitorlar olmasa, batarıq” düşüncəsini aşılayır. Bir az düşünsək, sualları sadə, anlaşıqlı, məntiq əsaslı, yəni normal səviyyədə edərək, şagirdlərimizi məktəblərə qaytara bilər, repetitorluq, kursçuluq bazarına bu qədər ehtiyac duymarıq. Arada düşünürəm ki, sanki hansısa əl bu repetitorluq bazarına nəzarət edir və bunun çökməsini istəmir. Bir növ şagirdləri əlavə hazırlıqlara yönləndirir. Suallara baxanda aydın görünür ki, xüsusi hazırlıq olmasa, ciddi şəkildə əzbərlədilməsə, priyomlar öyrədilməsə, məktəb dərsi ilə qəbulda normal bal toplamaq mümkün deyil. Çünki Təhsil Nazirliyinin dərslikləri ilə yanaşı, DİM-in də dərslikləri var və müəllimlər bu kitabları da şagirdlərə aldırmaq, oxutdurmaq məcburiyyətindədirlər. Nə qədər etiraz edilsə də, proqram Təhsil Nazirliyinin olsa da, suallar DİM-in vəsaitləri əsasında hazırlanır”.

Təhsil texnoloqu onu da bildirir ki, hər il özəl ali məktəblərin əksəriyyətində plan yerlərinin yarımçıq qalması da özəl təhsil sektorunun inkişafının qarşısını alır. Plan yerləri dolarsa, ciddi rəqabət yaranarsa, həmin universitetlər ödənişlərinə yenidən baxar, yeni universitetlər açılıb daha uyğun təhsil təklif edər. Qəbul prosesini sadələşdirməklə, universitetlərin buraxılışını sərtləşdirməklə, daha yaxşı nəticələr əldə etmək mümkündür: "Düşünürəm ki, universitetlərə qəbul suallarını sadələşdirməklə, neçə gənci psixoloji travmadan azad edə, başıuca gəzməsinə şərait yarada bilərik. Təhsilimizin səviyyəsinin heç də deyilən qədər aşağı olmadığını görüb müəllimlərə inanarıq, onlara minnətdar olarıq və stimul verərik, xarici universitetlərə axının qarşısını alarıq, valideynlərimizin büdcəsinə xeyir verərik, şagirdlərimizi vətəndaş kimi yetişməyə yönləndirərik”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edir ki, mart ayından etibarən tədris prosesinin dayanması, şagirdlərin hazırlıq kursları və repetitor fəaliyyətinin imkanlarından məhrum olması onların qəbul imtahanlarının nəticələrinə birbaşa təsir göstərdi. Bu, DİM tərəfindən keçirilən imtahanların 1-ci mərhələsinin nəticələrini təhlil edən zaman müəyyənləşib. Belə ki, maksimum 300 bal toplamaq imkanı olan bu mərhələdə şagirdlər arasında ən yüksək nəticəni cəmi bir neçə şagird göstərə bilib: "Buna bir neçə amil təsir göstərib: dərslərin dayanması, hazırlıq kurslarının və repetitor fəaliyyətinin qadağan edilməsi. şagirdlər üçün sınaq imtahanlarının keçirilməməsi, teledərs və virtual dərslərin əlçatan və keyfiyyətli olmaması. Digər tərəfdən, şagirdlər 6 aydan çoxdur ev şəraitindədirlər və psixoloji cəhətdən gərginlik yaşayırlar ki, bu da onların imtahanda özünü idarəetməsinə çətinlik yaradır, diqqət pozğunluğuna səbəb olur”.

K.Əsədovun dediyinə görə, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır: "Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə, burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Amma birmənalı şəkildə deyə bilərəm ki, pandemiya qəbul imtahanlarının nəticələrinə təsir göstərəcək”.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video