31 Iyul 2020 03:40
4180
SİYASƏT
A- A+

Olimpiya hərəkatının lideri


İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən 23 il keçir


Dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edən idmançılarımız ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini artırırlar.

Yüksək nailiyyətlər qazanılan yarışlar içərisində ən nüfuzlusu isə dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - Yay Olimpiya oyunlarıdır. Dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya oyunları ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Azərbaycanda isə Olimpiya hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır.


İdmanda yüksəliş mərhələsi


Xatırladaq ki, sovet dövründə idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq idman yarışlarına qatıla bilirdilər. Ölkəsinin bayrağını qaldırmaq, himnini səsləndirmək o dövrün qalib Azərbaycan idmançısına nəsib olmurdu. Müstəqillik dövründə isə vəziyyət başqadır.

Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində, xaos və anarxiya dövründə idmançılarımız iştirak hüququ qazandıqları yarışlara belə vəsait çatışmazlığından qatıla bilmirdilər.

1992-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. Çünki bu sahədə fəaliyyət planı lazımi səviyyədə qurulmamışdı.

Həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ümumən MOK-un fəaliyyətinin ilk beşilliyi dövründə Milli Olimpiya Hərəkatında durğunluq hökm sürürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya oyunlarında yüksək nəticələr göstərmək lazım idi.

MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən gedib, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqəsi yox idi.

Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi. Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli bir addım atıb. Komitə, ilk növbədə, mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib hərəkətə keçməyə başladı. Olimpiya Hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı. Cənab İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib rol oynayırdı. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edən İlham Əliyev Olimpiya Hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl istiqamətini müəyyənləşdirdi. Beləliklə, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü.


Son 20 ildə 46 Olimpiya idman kompleksi


MOK-un fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi. Ölkədə idmanın sürətli inkişafını təmin etmək və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın vəziyyətində dönüşün əsası qoyuldu.

MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başladı və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya kompleksinin açılış mərasimi oldu. Paytaxtdan başlayan quruculuq bölgələrə doğru istiqamətləndi. Bölgələrdə Olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi idman hərəkatının tərəqqisi üçün çox önəmli rol oynayır.

Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 46 olimpiya idman kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.

Fərəhli haldır ki, respublikamız hazırda Avropada ən böyük idman qurğularına sahibdir. Belə ki, 2015-ci və 2017-ci illərdə paytaxtımızda təşkil olunan Avropa və İslam Həmrəyliyi Oyunlarında bir-birindən möhtəşəm yarışlara evsahibliyi edən 18 arena (Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Heydər Əliyev adına İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı İdman Sarayı, Baku Crystal Hall, Mingəçevir "Kür” Olimpiya Tədris İdman Mərkəzi, BMX Veloparkı, Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, Bilgəh çimərliyi) maraqlı idman mübarizələrinin şahidi oldu.


6 olimpiada, 44 medal


İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. 199 ölkənin qatıldığı XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə iştirak edirdi. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu. Azərbaycan idmançıları cüdo, üzgüçülük, atıcılıq, boks, yüngül atletika, ağırlıqqaldırma, suyatullanma və güləş yarışlarında güclərini sınayırdılar. Atletlərimiz cüdo, boks, güləş, atıcılıq yarışlarında uğurlu nəticələr göstərdilər. Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Onun çıxış etdiyi idman növü ilk dəfə olaraq Olimpiya oyunlarının proqramına daxil edilmişdi. Zemfira bu növdə iki Olimpiya rekordu müəyyən etdi.

Ölkəmizə ikinci qızıl medalı 1996-cı ildə təşkil edilən Atlanta olimpiadasının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. "Sidney-2000”də Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu. İki qızıl və bir bürünc medal qazanan Azərbaycan medal alan ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından uğurla çıxdı.

"Afina-2004” Olimpiya Oyunları Azərbaycan idmanının yeni şanlı səhifəsini yazdı. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, "Sidney-2000” Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar. Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.

XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 idman növündə 44 atletlə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq, hər üç əyarda medallar qazandılar.

Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Gümüş medalları yunan-Roma güləşində Rövşən Bayramovla (55 kq) və Vitali Rəhimov (60 kq) qazandılar. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.

* * *

London Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdə idi.

Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibi oldular. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirə respublikamız 56 idmançı ilə qatılmışdı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq İslam, türk və Qafqaz ölkələri arasında lider oldu.

Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçular bu dəfə etimadı doğrultdular. Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.

Tarixində ilk dəfə Olimpiya oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi "Rio-2016”da ən yaxşılardan biri oldu. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə etdi. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi oldu. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına sevindilər.

Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə etdi.


"Bakı-2015”dən "Bakı-2019”dək


Son 5 ilə nəzər yetirdikdə isə ən böyük idman hadisələrindən biri sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 il davam etdirilən yüksəksəviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Nümunəvi və qüsursuz təşkilatçılığı, möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu.

2017-ci il mayın 12-22-də isə Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyündü. İslamiadanın ölkəmizdə keçirilməsi haqqında qərarın qəbul edilməsi bir daha göstərdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Eyni zamanda bu hadisə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından xəbər verirdi. Yarış günlərində paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq 1-ci yeri tutdular.

2019-cu ilin yaddaqalan idman hadisələrindən biri də sözsüz ki, Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunları idi. Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.

Ötən İlin iyul ayında isə paytaxtımızda XV Avropa Gənclər Olimpiya Festivalına yekun vuruldu. Bir həftə davam edən yarışlarda 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan 10-u qızıl, 7-si gümüş, 6-sı bürünc olmaqla 23 medal qazanaraq iştirakçı dövlətlər arasında 4-cü yeri tutdu.


Mötəbər turnirlərin dəyişilməz ünvanı


2019-cu ildə paytaxtımızda bir sıra nüfuzlu turnirlər təşkil edilib. Onların içərisində "Formula-1” üzrə qran-pri yarışları xüsusi yer tutur. Aprelin 26-28-də Bakı planetin birnömrəli avtomobil yarışına 4-cü dəfə evsahibliyi etdi. "Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan SOCAR Azərbaycan qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. Maraqlı və gərgin keçən yarışın yekununda "Mercedes” komandasının üzvü Valtteri Bottas 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə "Formula-1” SOCAR Azərbaycan qran-prisinin qalibi oldu. İkinci yeri "Mercedes” komandasının digər üzvü Lyuis Hamilton, üçüncü yeri isə "Ferrari” komandasının sürücüsü Sebastyan Fettel tutdular.

Ötən il mayın 29-da isə Bakı Avropa futbolunun böyük həyəcanla gözlədiyi qitənin nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının finalına evsahibliyi etdi. Bakı Olimpiya Stadionunda keçirilmiş həlledici matçda İngiltərənin "Çelsi” və "Arsenal” komandaları üz-üzə gəldilər. London derbisində 4:1 hesabı ilə qələbə qazanan "Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.

Final oyununu tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra etmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. Ölkəmizə gəlmiş azarkeşlər həlledici matçın ən müasir arenada keçirildiyini qeyd etməklə yanaşı, Azərbaycan xalqının səmimiliyinə və qonaqpərvərliyinə, Bakının və bütövlükdə, ölkənin sürətli inkişafına heyran qaldıqlarını bildirdilər.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video