31 Iyul 2020 03:28
1821
Mədəniyyət
A- A+

Şirvan hakimlərinin iqamətgahı


Orta əsr memarlığının şah əsərlərindən olan Şirvan hakimlərinin iqamətgahı - Şirvanşahlar Saray Ansamblı bugünə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. Hələ XII əsrdə Bakıda möhkəm qala divarlarının (1138-1139) tikildiyi məlum idi. Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürüldükdə şəhərin ən yüksək nöqtəsində Şirvanşahlar Sarayı ucaldılır.

Sarayın ansamblı 9 tikilidən - Saray binasından, Divanxanadan, Dərviş türbəsindən, Şərq darvazasından (portal), saray məscidindən, Keyqubad məscidindən, saray türbəsindən, hamam və ovdandan ibarətdir. Kompleks binalarının biri digərindən 5,6 metr hündürlükdə yerləşən 3 həyətdən ibarətdir. Sarayın yerləşdiyi ərazi mürəkkəb relyefli olduğu üçün saray vahid memarlıq planına malik deyildir. Lakin buna baxmayaraq binalar təzad təşkil etmir, əksinə biri digərini gözəlləşdirir. Ən müxtəlif nöqtələrdən baxarkən tikililərin saray ansamblının tərkib hissələri olduğu aydın görünür.


Saray binası


Saray 2 mərtəbəli düzgün olmayan düzbucaqlı formaya malik bir binadır. Onu yaxşı işıqlandırmaq üçün binanın cənubi-şərq bucağı girintili-çıxıntılı hazırlanmışdır. İlk vaxtlar sarayda 52 otaq varmış, onlardan 27-si I, 25-ci isə II mərtəbədə yerləşirmişdir. Otaqlar simmetrik şəkildədir. II mərtəbədə tağ tavanla örtülmüş şahın özü və ailəsinin otaqları yerləşirdi. II mərtəbənin pəncərələri Bakı Buxtasının gözəl mənzərəsinə açılır. Onları daş şəbəkələr daha da gözəlləşdirir. Mərtəbələr arasında əlaqələr 2 ensiz pilləkən və 8 bucaqlı zalın döşəməsində yerləşən pilləkənlər vasitəsilə yaradılır. Təmir nəticəsində hazırda II mərtəbədə cəmi 16 otaq vardır. Girişdəki 8 guşəli zal bu otaqlardan öz ilkin görünüşünə görə seçilir. Qalan 14 otaq da bərpa edilmişdir.


Divanxana


Divanxana kompleksi yuxarı həyətdə yerləşir və onun şimal tərəfi ilə bir tini yaşayış binasına bitişmişdir. Tədqiqatçıların fikrincə, belə bir ehtimal var ki, Şirvanşah Fərrux Yasər Divanxana kompleksini özü üçün məqbərə olaraq tikdirmişdir. Lakin tikinti işləri başa çatmamışdır. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib. Sütunlu yer tanınmış feodalların yığıncağı üçün təyin olunubmuş. Divanxanaya yuxarı həyətdən və küçədən gələn 2 giriş vardır.

Rotondanın da 2 giriş qapısı vardır. Qərb girişi uca və nəfis işlənmiş portal ilə seçilir. Portalın çərçivəsində 2 ədəd 6 guşəli medalyon vardır ki, onların içərisində sol tərəfdə gül şəkilli həndəsi fiqur əmələ gətirən 6 ədəd romb izlənir. Romblardan ikisinin üzərində "Allahdan başqa Allah yoxdur”, digərində "Məhəmməd Allahın elçisidir”, sonuncuda isə "Əli Allaha yaxındır” sözləri yazılıb. Sağ tərəfdəki 6 bucaqlının içərisində isə 12 ədəd romb əks olunub. Onlardan 6 ədədinin üzərində "Allah təkdir”, digər 6 ədədinin üzərində isə "Məhəmməd” sözləri yazılmışdır. Portalla yanaşı rotondaya gedən daxili keçid də gözəl ornamentlərlə işlənmişdir. Bu ornamentlərdən yuxarıda Quranın 10-cu surəsi ("Yunus” surəsi 25, 26, 27-ci ayələr) yazılmışdır. "Uca və pak olan Allah dedi: Allah xalqı behiştə çağırır və istədiyi şəxsi düz yola hidayət edir, ona düz yol göstərir. Yaxşı və gözəl əməl sahiblərindən ötrü əcr və savab vardır. Onların üzərini günah pərdəsi örtmədiyi kimi, zəlil də olmazlar, onlar əhli-dildirlər, həmişəlik orada qalacaqlar. Allah doğru deyir”. Burada bədiilik effekti hörgünün xüsusiyyətindən asılı olaraq işıq-kölgə oynaqlığı ilə verilir. Rotonda tağlarının oxları üzərində 6 bucaqlı medalyonlar vardır ki, onların daşları üzərində 3 qabarıq və 3 oyuq formada "Əli” adı həkk olunmuşdur. Ehtimal olunur ki, binanın tikintisi 1500-1501-ci illərdəki müharibələr dövründə dayandırılıb.

Divanxananın memarlıq üslubunun kamilliyi, ornamentlərin yüksək dərəcədə hazırlanma səviyyəsi Azərbaycan xalqının zəngin memarlıq irsinə malik olduğunu göstərir. Bura gözəlliyinə və incəliyinə görə nəinki Azərbaycanın, həm də Yaxın Şərqin uyğun memarlıq abidələrənin şah əsəri sayılır.


Dərviş türbəsi


Xalq arasında "Dərviş türbəsi” adı ilə məşhur olan və ərazinin cənub hissəsində yerləşən türbə orta həyətdə mərkəzi yer tutur. Bəzi mütəxəssislər bu türbənin yanlışlıqla Seyid Yəhya Bakuviyə aid olduğunu iddia edirlər. Bəziləri isə əsassız olaraq sarayın aşağı həyətlərindəki bütün abidələri, Dərviş türbəsi də daxil olmaqla Xanəgah tikililəri kompleksinə aid edirlər.

Tarixçilərin məlumatına görə, Seyid Yəhya Bakuvi I Xəlilullah dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində Şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdıqlarına görə, o, hicri tarixi ilə 862-ci ildə vəfat etmişdir. Bizə Seyid Yəhya Bakuvinin 30 adda əsəri gəlib çatmışdır. Onlar əsasən sufizm-mistik xüsusiyyətini daşıyır və Türkiyənin Manisa şəhərində "Muradiyyə” kitabxanasında saxlanılır.

Türbə Keyqubad məscidinin bünövrəsi olan kompleksdədir. Onu da qeyd etmək lazımdır ki, türbə üzərində onun kimə aid olduğunu bildirən kitabə və türbənin içərisində məzar daşı olmamışdır. Türbə incə quruluşu ilə diqqəti cəlb edir.

Epiqrafçı alim Məşədixanım Nemətin ehtimalına görə, Şirvanşahlar Sarayı kompleksindəki Dərviş türbəsi adlanan yerdə dəfn olunan Şirvanşah Şeyx İbrahim (1382-1417) vaxtında hicri tarixi ilə 805-ci ildə (1402-03) Mərəzə yaxınlığında "Diri baba” türbəsinin kitabəsini yazmış şəxsdir.

Hazırladı:

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video