Alternative content

18:32 13 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölümsüzlüyə qovuşanlar
Ölümsüzlüyə qovuşanlar
ANA SƏHİFƏ / SİYASƏT
00:35 29.07.2020


Azərbaycan Ordusu növbəti dəfə tarix yazdı. İyulun 12-də işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əl atdığı mənfur əməllərinin qarşısı qətiyyətlə alındı. Vətənin ərazi bütövlüyü uğrunda şəhadət zirvəsinə yüksələn igidlərimiz xalqımızın qəhrəmanlıq ruhunu bir daha nümayiş etdirdilər.

Onlar öz ölümləri ilə göstərdilər ki, Azərbaycan Ordusu əsgərindən generalına qədər qəhrəmanlar ordusudur. Bu orduda xidmət edən hər kəs rütbəsindən, vəzifəsindən asılı olmayaraq, Vətənin sərhədlərini, milli maraqlarını qoruyan igid döyüşçüdür.


Hər vətəndaş bir əsgər


Cəmiyyətimizdəki vətənpərvərlik ruhu, sərhəddə baş vermiş hadisələrin, əsgər və zabitlərimizin şücaətinin insanlarımızda yaratdığı coşğu isə onu sübuta yetirdi ki, ordumuzun miqyası təkcə hərbi vəzifə daşıyan gənclərimizin sayı ilə məhdudlaşmır. Əli silah tutan, Azərbaycanın hərbi qələbələrinə hər hansı şəkildə fayda verəcək hər bir vətəndaşımız bu ordunun sıralarındadır, Ali Baş Komandanın əmri ilə hər an silaha sarılıb düşmən üzərinə yeriməyə hazırdır.

Azərbaycan Ordusunu yenilməz edən də bu məğlubedilməz ruhdur. Ordumuz gücünü, qüdrətini xalqdan, bir də qətiyyətli və sarsılmaz iradəyə malik Ali Baş Komandandan alır.

Ona görə işğalçı Ermənistan bu dəfə də öz təxribatçı məqsədlərinə çata bilmədi. Azərbaycan apardığı haqq davasında mövqelərini daha da gücləndirdi, imkanlarını səfərbərliyə aldı. Düşmənə vurduğu zərbə ümidlərini sarsıtdı. Necə ki, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərindəki şanlı qələbəsi cinayətkar Sarkisyan rejiminin dayaqlarını laxlatmışdı, bu dəfə də Paşinyan rejimi eyni aqibətlə üzləşdi.

Böyük yəqinliklə, yaxın günlərdə işğalçı ölkədə yeni siyasi qarşıdurmalara, vətəndaş narazılıqlarına, xaosa, çevrilişlərə şahid olacağıq. Ermənistan rəhbərliyinin apardığı siyasətin antihumanist, ümumbəşəri dəyərlərə zidd mahiyyətinin beynəlxalq aləmdə ifşası, işğalçı ölkə ətrafındakı blokada və təzyiq halqasının daralması o ölkənin sonunu yaxınlaşdıracaq.


Düşmənə verilən dərs


Bu təxribatlardan bir neçə gün əvvəl yerli televiziyalara müsahibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev bütün dünyaya, o cümlədən işğalçı Ermənistana qətiyyətli mesaj ünvanlamışdı: "Heç kim Aprel döyüşlərini unutmasın!”

2016-cı ilin aprelində ordumuz uğurlu əməliyyat nəticəsində Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdi. Bunun ardınca - 2018-ci ildə isə daha bir uğurlu əməliyyatla Naxçıvanda on min hektardan çox torpaq sahəsi işğalçılardan təmizləndi. Beləliklə, vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovulub, çıxarıldı. O torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Azərbaycan hərbçilərinin düşməndən azad edərək möhkəmləndirdikləri strateji yüksəkliklər hazırda ordumuza Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət imkanları yaradır. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu da hazırda Azərbaycanın nəzarəti altındadır.

Azərbaycan Ordusu Aprel döyüşlərində, ardınca Naxçıvan əməliyyatında olduğu kimi, bu dəfə də düşmənə vurduğu zərbə ilə Ermənistana göz dağı çəkdi. Ermənistan işğalçılıq və faşizm siyasətindən əl çəkməyənə qədər bu cür sarsıntıları, biabırçı məğlubiyyətləri, saysız-hesabsız itkiləri hələ çox yaşayacaq. Bu, təcavüzkar ölkənin seçdiyi taledir.

Tutduğu bədnam mövqeyin, atdığı yanlış addımların məntiqi nəticəsidir.


Erməni faşizmi


Bu gün bütün dünya COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə aparır. Bəşəriyyət bütün ölkələrin, xalqların gələcəyini eyni şəkildə təhdid edən, dünya iqtisadiyyatını çox çətin vəziyyətlə üz-üzə qoyan ümumi bəlaya qarşı birləşməyə çalışır. Birlikdə uyğun həllərin axtarılmasına can atır. Dünyanın demək olar ki, bütün ölkələrində hərbi əməliyyatlar dayanıb. Hətta terrorçu qruplaşmalar belə, hər hansı cinayət əməllərindən, terror aktlarından əl saxlayıb. Hamı anlayır ki, indi düşmənçilik vaxtı deyil. Bütün dünyanın üz-üzə durduğu gözəgörünməz düşmənə qarşı birgə mübarizə aparmaq zamanıdır.

Hətta gözlənilən idi ki, bəşəriyyət pandemiyanın verdiyi dərslərdən gələcək üçün də müəyyən nəticələr çıxaracaq. Hərbi münaqişələrin, o cümlədən regional konfliktlərin nə qədər mənasız bir iş olduğunu, nəhayət, hər kəs anlayacaq. Postpandemiya dövründə hamı düşmənçilik mövqeyini kənara qoyub sülh, təhlükəsizlik, davamlı iqtisadi inkişaf, insanların sosial rifahı üçün ən uyğun yolların axtarışına başlayacaq. Dünyada innovativ inkişaf sürətlənəcək. İnsan həyatının dəyəri artacaq. Hökumətlər əhalinin maddi-rifah halının yüksəlməsinə, sosial xidmətlərin onlar üçün daha da əlçatan olmasına çalışacaqlar. Necə ki, bu sosial siyasəti xalqımız dövlətimizin addımlarında hər an görür.

Dünyanın beyin mərkəzləri, cəmiyyətlər, fərdlər postpandemiya dövründə belə bir dünyanın xəyalını qurarkən erməni xisləti yenə öz sözünü dedi. İşğalçı Ermənistanın dünya üçün son dərəcə gərgin dövrdə Azərbaycana qarşı pandemiya ilə yanaşı, ikinci cəbhə açması göstərdi ki, Ermənistan kimi faşizm ideologiyasına xidmət edən ölkələr, siyasi rejimlər mövcud olduqca münaqişələr də davam edəcək. Bu cür rejimləri ümumilikdə bəşəriyyətə qarşı heç bir dünyamiqyaslı dərdə-sərə, problemə baxmayaraq, öz hikkəsi ilə tətbiq etməkdən çəkinməyən düşmənin, ümumiyyətlə, insanlıqdan, siyasətdən, dünya təcrübəsindən xəbərsiz olduğunu göstərir və belə ilanın başını əzməkdən başqa çarə qalmır.

Belə ölkələrin region və ümumilikdə dünya üçün nə qədər böyük təhlükə doğurduğunu yaranmış mənzərə aydın göstərir. Nəzərə alaq ki, pandemiya Ermənistandan da yan keçməyib. İqtisadi imkanları, resursları çox məhdud olan, vətəndaşları ac-yalavac durumda dolanan işğalçı Ermənistan bu gün pandemiyadan ən çox əziyyət çəkən, bu qlobal bəla qarşısında aciz duruma düşən ölkələrdəndir. Xəstəlikdən yoluxma və ölüm sayı burada hər gün artır. Vətəndaşların müalicəsi üçün lazımi imkanlar yoxdur. Ölkənin iqtisadi durumu karantin rejiminin tətbiqinə imkan vermir. Çünki məhdudlaşdırıcı tədbirlərin müqabilində insanların dolanışığının təmin olunmasını dövlət öz boynuna götürə bilmir. Ona görə də Ermənistanda sosial narazılıqlar getdikcə artır. Küçə-meydan eyforiyası azaldıqca vətəndaşlar Paşinyan rejiminə qarşı ayağa qalxmağa başlayır. Hətta belə ağır bir dönəmdə də düşmənin işğalçılıq siyasətindən əl çəkməməsi, Azərbaycan sərhədlərini kobudcasına pozmaq, yeni mövqelər əldə etmək cəhdləri həqiqətən faşizm xəstəliyinin ifrat təzahürü kimi heyrət doğurur.


Yenilməz ordu


Amma erməni xislətindən irəli gələn bu həyasızlığın, faşizm ideologiyasına bağlılığın onları sövq etdiyi hər azğın hərəkət Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə qarşılaşacaq. Qətiyyən şübhə yoxdur ki, ordumuz işğalçının burnunu ovacaq.

Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz regionunun ən qüdrətli ordusudur. Son illərdə ölkəmizin sosial-iqtisadi nailiyyətlərindən irəli gələrək silahlı qüvvələrimizin maddi-texniki bazası tamamilə yenilənib. Azərbaycan Ordusu ən müasir silah-sursat, texnologiyaların ən son nəslinə aid hərbi avadanlıq və ləvazimatlarla təchiz olunub. Ölkə ərazisindəki əksər hərbi hissələr təmir edilib və ya yenidən qurulub. Müasir dövrün tələblərinə uyğun hərbi hissələr tikilərək istifadəyə verilib. Ən ucqar ərazilərdə, düşmənlə üzbəüz mövqelərdə də döyüşçülərimiz yaxşı şəraitlə təmin edilib. Ən əsası isə Azərbaycan Ordusunun döyüş ruhu çox yüksəkdir. Bu gün işğalçı ölkənin qarşısında gördüyü ordu müstəqilliyimizin ilk illərindəki - sıralarında Vətən üçün canını fəda edən igid övladlarımız vuruşan, şəhid olan, amma həm də nizamsız, vahid komandanlıqdan daha çox ayrı-ayrı siyasi qruplaşmalara bağlı birləşmələr deyil. Öz gücünü, döyüş əzmini, peşəkarlığını, texniki imkanlarını son illərdə düşmən üzərindəki zəfərləri ilə göstərən, ideoloji cəhətdən də mükəmməl silahlanmış yenilməz nizami ordudur.

Azərbaycan Ordusu bu gün müxtəlif parametrlərə görə dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Səfalət içində yaşayan, demoqrafik azalma və xaricə əhali miqrasiyası üzündən bu gün orduya göndərməyə əsgər tapa bilməyən kasıb, ac Ermənistan belə bir qüdrətli ordu qarşısında duruş gətirə bilərmi?!


Qürur dolu tarix


Prezident İlham Əliyev bütün çıxışlarında düşmənə xəbərdarlıq edir. Təxribatçı mövqedən, işğalçı siyasətdən əl çəkməyə çağırır. Atəşkəsin pozulacağı, təxribatlara cəhd ediləcəyi təqdirdə ordumuzun buna ən ağır şəkildə cavab verəcəyini diqqətə çatdırır. Və hər təxribat cəhdində düşmənin başının dərhal əzilməsi bu bəyanatların söz olaraq qalmadığını, Azərbaycan Prezidentinin bütün məsələlərə münasibətdə olduğu kimi, bu məsələdə də sözünün arxasında dəyanətli mövqeyini göstərir.

Müdafiə Nazirliyimizin düşmən təxribatına qarşı aparılmış əməliyyatların cüzi bir hissəsi kimi yaydığı videogörüntülər düşmənin sərhəddəki infrastrukturunun, canlı qüvvəsinin, səngərlərinin, strateji mövqelərinin, dayaq məntəqələrinin şanlı ordumuzun sərrast atəşləri nəticəsində dəqiqliklə məhv edildiyini göstərdi.

Bunlar ümumi mənzərənin yalnız kiçik epizodlarıdır. Hərbin özünməxsus qayda-qanunlarını, məxfilik prinsiplərini nəzərə alaraq görüntülərin yalnız bir qismi yayılıb. Reallıqda isə yəqin ki, düşmənin itkiləri bundan qat-qat çoxdur.

İşğalçının təxribatçı əməllərinin, məkrli niyyətlərinin cavabı elə bu cür də olmalı idi. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduğu cavabı verdi. Tovuzda aparılmış bu əməliyyat, hərbçilərimizin igidlikləri Azərbaycan Ordusunun şanlı tarixində hər zaman qürurla xatırlanacaq.


Haqq davası


Aprel döyüşlərində olduğu kimi, mənfur qonşumuz yenə də ən çirkin əməllərə əl atır. Zaman-zaman göstərdiyi namərdlikləri növbəti dəfə təkrarlayır. 1992-ci ilin 26 fevralında Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətin, mülki vətəndaşlara qarşı terrorun bu ölkənin ardıcıl dövlət siyasəti olduğunu göstərir. Azərbaycan Ordusunun vurduğu zərbələrin qisasını dinc mülki sakinlərdən almağa çalışır. Sərhəddəki Azərbaycan kəndlərini atəşə tutur. Bunun nəticəsində 76 yaşlı ağsaqqal, Tovuz sakini Əziz Əzizovun həlak olması Ermənistanın məhz faşist siyasəti yeridən dövlət olduğunu bir daha sərgiləyir.

Ermənistanın bu təxribatının səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi erməni həyasızlığının, üstəlik məntiqsizliyinin heç bir sərhəd tanımadığını növbəti dəfə isbat edir. Dövlət rəhbərimizin də qeyd etdiyi kimi, bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bir neçə il bundan əvvəl isə Azərbaycan Prezidentinin tapşırığına əsasən, sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə edilib. Belə bir təxribata əl atmaqda isə təcavüzkar ölkənin niyyəti Azərbaycanın yeni ərazilərini işğal etmək, strateji yüksəkliklərdə mövqe tutaraq ölkəmizin son onilliklərdəki iqtisadi-siyasi nailiyyətlərinin, qlobal uğurlarının rəhninə çevrilmiş Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bu sıraya əlavə edilən digər enerji-kommunikasiya layihələrini təhdid altında saxlamaq idi.

Ermənistanı bu təxribata sürükləyən hazırda işğalçı ölkədə mövcud olan siyasi-iqtisadi böhrandır. Məlumdur ki, Paşinyan hakimiyyətə çox böyük eyforiya ilə gəlmişdi. Kütlənin onun ardınca getməsinin əsas səbəblərindən biri də xarici fondlardan maaş və təminat alan dəstənin Ermənistan cəmiyyətinə verdiyi böyük vədlər idi. Guya qısa müddət ərzində Ermənistana on milyardlarla dollar sərmayə qoyulacaq. Hazırda əhalisinin sayı 2 milyondan da az olan təcavüzkar ölkədə guya həyat yenidən qurulacaq, haqq-ədalət, demokratik prinsiplər bərqərar olacaq, insan haqları qorunacaq, əhalinin sayı 5 milyona çatacaq.

Cinayətkar, qaniçən Sarkisyan rejimindən cana doymuş erməni xalqına bu vədlər xeyli cəlbedici gəlirdi. Amma Ermənistanın durumu ilə az-çox tanış olan hər kəs bilirdi ki, başqalarının əlində maşa rolunu oynayan, özünü bütün inkişaf layihələrindən təcrid edən, heç bir resursları olmayan, ölkədəki mövcud korrupsiya üzündən xarici investisiyalar cəlb edə bilməyən, ümidi yalnız xaricdəki havadarlarının dilənçi payına qalan ölkədə bu vədləri yerinə yetirmək mümkün deyil. Ona görə də tezliklə Paşinyan rejiminə qarşı çalxalanmaların başlanacağı gözlənilən idi və bu gözlənti baş verdi. Ermənistan hökuməti bu çalxalanmaların qarşısını almaqdan ötrü indi bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Təşəbbüsü ələ ala biləcək siyasi opponentlər həbs edilir. Konstitusiya kobudcasına pozulur, qanunsuz düzəlişlər edilir. Hakimiyyət bölgüsü prinsipinə məhəl qoyulmur. Demokratik idarəçilik normalarından əvvəllər olduğu kimi, indi də əsər-əlamət yoxdur. Faşist ideologiyasına xidmət edən, qonşu dövlətin ərazilərini illərdir ki, işğal altında saxlayan, etnik təmizləmə siyasəti aparan, milyondan çox Azərbaycan vətəndaşının hüquqlarını pozan, bəşəriyyətə qarşı Xocalı soyqırımı kimi dəhşətli cinayət törətmiş işğalçı bir ölkədə demokratiyadan, insan haqlarından, təbii ki, söhbət gedə bilməz. Buna görə də ölkədəki ciddi böhranı ikinci plana atmaqdan ötrü son addım kimi Ermənistan Azərbaycanla sərhəddə təxribatlara əl atdı.

İşğalçı qonşumuzun bu şəkildə quduzlaşmasında ölkəmizin qazandığı nailiyyətlərin, beynəlxalq uğurların da çox böyük təsiri var. Bu uğurların Ermənistan rəhbərliyində necə psixi simptomlar yaratdığı Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına onların reaksiyasından göründü. Dünyanın 130-dan çox ölkəsi Azərbaycan Prezidentinin pandemiyaya qarşı qlobal imkanların birləşdirilməsi, birgə həllərin tapılması, bu sahədə əməkdaşlığa, həmrəyliyə nail olunması məramı ilə irəli sürdüyü faydalı təşəbbüsə yekdilliklə səs verdi. Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri kimi bu təşəbbüsün həyata keçirilməsində ən çox elə Ermənistan maraqlı olmalı idi. Heç olmasa, ümumbəşəri dəyərlər bu ölkəni də belə bir təşəbbüsü dəstəkləməyə sövq etməli idi. Ermənistan isə bütün dünyanın dəstəklədiyi təşəbbüsün əleyhinə çıxmaqla öz faşist mahiyyətini bu məsələdə də ortaya qoydu. Ardınca da çox sınaqlı bir dövrdə Azərbaycanı əsas məqsəddən yayındırmaq, yeni ərazilərimizi işğal etmək niyyəti ilə Tovuz istiqamətində bu cür təxribatçı əməllərə başladı.

Amma Ermənistan silahlı birləşmələri bu dəfə Azərbaycandan bir qarış da olsun yeni ərazi qopara bilmədi. Əksinə, Tovuz döyüşləri göstərdi ki, əgər belə bir istək olsa, bu gün Ermənistan ərazisinin böyük bir hissəsini nəzarət altına almaq, tarixi şəhərimiz olan İrəvana belə bayraq sancmaq Azərbaycanın hərbi qüdrəti daxilindədir. Ancaq Ermənistandan fərqli olaraq Azərbaycanın qarşısında heç bir işğalçı məqsəd dayanmır. Ölkəmiz düşmənçiliyi də mərd-mərdanə, beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü prinsipinə uyğun aparır. Bilavasitə Ermənistanla sərhəddə hər hansı hərbi planının olmadığını, haqq davasını yalnız işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda apardığını nümayiş etdirir.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş toplantısındakı çıxışında Azərbaycan Prezidenti bildirdi ki, hazırda Azərbaycanla Ermənistanın dövlət sərhədindəki operativ vəziyyət bizi tamamilə qane edir. "Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən, döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik”.


Aradan qaldırılan tarixi yanlışlar


Azərbaycan düşmən üzərindəki hərbi qələbələri ilə ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyəti təsadüfən ələ keçirmiş səriştəsiz, naşı insanların yol verdikləri böyük tarixi yanlışların acı nəticələrini aradan qaldırır. Son əməliyyatlar göstərir ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Onlar hətta Azərbaycanda nizami ordunun olmadığı, ölkəmizin ağır sosial-iqtisadi böhran şəraitində yaşadığı dövrlərdə də torpaqlarımızı işğal edə bilməzdilər.

Bu məsələdə Erməni işğalçılarına həmin dövrdə əsas məqsədi hakimiyyət uğrunda döyüşmək olan Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanəti kömək etdi. Azərbaycanda vəziyyəti qarışdıraraq, hərc-mərclik mühitində hakimiyyətə gəlmək üçün onlar satqınlıq yolu tutdular. Azərbaycan Xalq Cəbhəsinin sıralarında təmsil olunub Vətəni səmimi-qəlbdən sevən, torpaq uğrunda canını fəda edən igid oğullarımızın mübarizliyi, milli qeyrəti də bu xəyanətkarlara mane ola bilmədi. Naşı siyasətçilər nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməkdən ötrü torpaqları düşmənə təslim etdilər. Bu, xəyanətin ən böyüyü idi. Azərbaycan Xalq Cəbhəsi məhz bu xəyanət nəticəsində hakimiyyətə gəldi. Və Ermənistan həmin illərdə Azərbaycanda yaranmış hərc-mərclikdən, anarxiyadan, xaosdan istifadə edərək torpaqlarımızı işğal etdi.

Amma xəyanətin ömrü qısa olur. Xalqın gözü tərəzidir. İnsanlar kimin-kim olduğunu yaxşı gördülər. Tarix hər kəsin obyektiv qiymətini verdi. Hakimiyyətə xəyanət yolu ilə gələnlər Vətənin dar günündə fərarilik edərək idarəçilikdən uzaqlaşdılar. Yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan Qarabağ ətrafındakı bir neçə rayonu da işğal etdi. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra böyük zəhmət bahasına ölkədə xaosun, anarxiyanın, nizamsızlığın qarşısını aldı, respublikanı vətəndaş müharibəsinə sürükləyən silahlı qüvvələri zərərsizləşdirdi. Amma düşmənin daxilimizdəki havadarlarının əli ilə işğal etdiyi torpaqlarımızın azad edilməsi məsələsi artıq böyük bir düyünə çevrilərək dünya birliyində yalnız Prezidentin siyasi imicinə və müdrik addımlarına bağlıdır.


Sapı özümüzdən olan baltalar


O dövrün bəzi "məşhurları” əfsuslar olsun ki, hələ də ortalarda dolaşırlar. Azərbaycan Ordusunun düşmənə ağır zərbə vurduğu vaxtlarda kimsə xaricdə əyləşib Azərbaycana barmaq silkələməyə cəhd göstərir. Başqa birisi sosial şəbəkələrdə yaydığı səs yazıları ilə əhali arasında çaşqınlıq yaratmağa can atır. Bu sayaq ünsürlərin təxribatlarını iyulun 14-ü gecəsi Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiyalarda da müşahidə etdik.

Bu aksiyalar cəmiyyətimizdəki yüksək vətənpərvərlik ruhunun ifadəsi idi. Ordumuza, Ali Baş Komandanımıza dəstək niyyəti ilə yürüşlər keçirən şəxslərin, xüsusilə də Qarabağ müharibəsindən sonra dünyaya gəlmiş gənclərin savaş arzusu, Vətən təəssübkeşliyi, ordu sıralarında qulluq etmək niyyəti qürur doğururdu. Bu aksiya Azərbaycan gəncinin milli ruhu, milli qeyrəti, böyüklərindən aldıqları qəhrəmanlıq dərslərinin, cəmiyyətimizdə aparılan vətənpərvərlik təbliğatının, Ali Baş Komandanımızın göstərdiyi şəxsi nümunənin fərəhli nəticələridir. Bu nəticələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın illərdən bəridir ki, Vətən adına həyata keçirdiyi nurlu fəaliyyətin, həm cənab İlham Əliyevə, həm də onun şəxsiyyətinə olan ümumxalq məhəbbətinin böyük rolu var.

Cəmiyyətimiz ürəkdən gələn bir coşğu ilə düşmənə daha bir göz dağı çəkdi. Azərbaycanı sevən insanların haqq mövqeyindən bir addım da geri çəkilməyəcəklərini, bu savaşın işğal olunmuş torpaqlarımızın azadlığı gününə qədər eyni qətiyyətlə davam edəcəyinə bütün dünya şahid oldu. İştirakçıların öz Vətən sevgilərini ifadə etmələri ordumuzun, Ali Baş Komandanımızın mövqeyindən yanaşmalarını görən polis aksiyaya müdaxilə etmirdi. Minlərlə insanın Bakının müxtəlif yerlərindən vətənpərvərlik şüarları səsləndirərək milli qürur yerimiz olan Şəhidlər xiyabanına doğru axışması böyük bir həmrəylik mənzərəsi idi. Azərbaycanı sevən hər kəs bu mənzərə ilə ancaq qürur duya bilərdi.

Adamın ağlına belə gəlməzdi ki, insanların səmimi hisslərindən təxribatçı məqsədlərlə istifadə etməyə cəhd göstərənlər olsun. Təəssüf ki, belələri yenə tapıldı. Öz mənfur niyyətləri ilə düşmən dəyirmanına su tökənlər izdihamın sonunu təxribatçı məqsədlərinə bağlamağa cəhd göstərdilər. Vəziyyətdən istifadə edib gəncləri yoldan çıxarmağa çalışdılar. Ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, xaos, hərc-mərclik yaradıb çirkin niyyətlərinə çatacaqlarını xəyal etdilər. Yürüşün bir qrup iştirakçısı təxribatçıların təhriki ilə Milli Məclisin binasına daxil oldu. İçəridə müəyyən vandalizm hərəkətləri, dağıntılar törədildi. Başqa bir qrup isə küçədə polis maşınını çevirdi. Kimlərsə xalqla polisi üz-üzə qoymaq, milli həmrəyliyə xələl gətirməyə, araya təfriqə salmağa cəhd göstərdilər.

Milli mənsubiyyətlərini itirmiş, ali dəyəri yadlara satmış bu ünsürlər açıq-aşkar ermənilərlə işbirliklərini, ermənipərəst dairələrin sifarişləri əsasında hərəkət etdiklərini növbəti dəfə sübuta yetirdilər.

Amma Azərbaycan polisinin təmkinli davranışları, dövlətə, nizamnamə qaydalarına sadiqliyi, eyni zamanda, Vətənə sevgisi bu təxribatçı hərəkətlərin qarşısını aldı. Polis belə ünsürlərə öz niyyətlərinə çatmağa imkan vermədi. İzdihama qoşulub Azərbaycan dövlətinə qarşı hansısa iyrənc ssenarini icra etməyə çalışanlara, bu ssenarinin sifarişçilərinə bir daha isbat olundu ki, artıq 90-cı illərin əvvəlləri deyil. Heç kim dövlətə güc göstərə bilməz. Azərbaycan dövləti onun milli maraqlarına qarşı addım atan bütün ünsürləri dərhal yerində oturtmaq qüdrətinə sahibdir.

Həmin gecə gördük ki, düşmənimiz təkcə cəbhə bölgələrində Azərbaycana qarşı təxribatlar törədən, Vətənin igid övladlarının qətlinə bais olan işğalçı Ermənistan deyil. Hələ ki, aramızda da daxili düşmənlər var. Hərbçilərimiz səngərdə erməni quldurlarına qarşı döyüşüb qalibiyyət qazandıqları kimi, ölkənin daxilindəki sapı özümüzdən olan baltaların ifşası, ictimai qınağa məruz qoyularaq zərərsizləşdirilməsi də cəmiyyətin sağlam düşüncəli hər bir vətəndaşının, xüsusilə, ziyalıların müqəddəs borcudur.

Belələrinə ən layiqli cavab isə könüllü qismində orduda döyüşmək istəyənlərə Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı tövsiyəsindən sonra on minlərlə gəncimizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarələrində könüllü kimi qeydiyyatdan keçməsi oldu.


"Bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar”


Şəhid generalımız Polad Həşimovla polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı onların yaxınlarına telefon açıb başsağlığı verən Azərbaycan Prezidenti şəhid İ. Mirzəyevin oğlu Elvinə verdiyi tövsiyələrini Nazirlər Kabinetinin iclasındakı çıxışında da diqqətə çatdırdı: "Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Yeri gəlmişkən qeyd edim ki, qəhrəman İlqar Mirzəyevin övladı - Elvin Mirzəyev bizim doğma təhsil ocağının - Bakı Slavyan Universitetinin tələbəsidir. Bu günə qədər tələbə statusu daşıyırdı. Vətənin ərazi bütövlüyünün keşiyində dayanmış igid bir hərbçinin övladı olmağın məsuliyyəti vardı üzərində. Atasının şəhadətindən sonra qazanılan adın şərəfi və məsuliyyəti isə indi daha böyükdür. Elvin indi şəhid oğludur. Vətən uğrunda canını vermiş qəhrəmanın davamçısıdır.

Qəhrəmanlarımızın övladlarına təhsil verməkdən, belə gənclərimizi gələcəyə hazırlamaqdan böyük qürur duyuruq. Onlar bizə canımız qədər əzizdirlər. Əminik ki, Elvin kimi gənclərimiz də qəhrəman ataları kimi Vətənə sevgilərini əməlləri ilə göstərəcəklər. Atalarının döyüş bölgələrindəki fədakarlıqlarını öz bilik və bacarıqları, Azərbaycanın inkişafına layiqli töhfələri ilə davam etdirəcəklər.

Şəhid atalarının o günləri görə bilməyəcəklərini düşünəndə dərin bir qüssə ilə yanaşı, qəlbimizdə qəddar, amansız düşmənə nifrətin hüdudu olmur. Amma belə bir əminliklə təsəlli tapırıq ki, onların ruhu hər zaman başımız üzərində olacaq. Qəhrəmanlarımızın əbədi ömrü tariximizə şərəf gətirəcək. Ölümün gözünə dik baxan şəhidlərimiz mənsub olduqları xalqın igidliyindən, vətənpərvərliyindən bütün dünyaya ismarıclar yayan şanlı manifestimizdir.

Ölümdən güclü olmağı bacarmaqdır.


O günün üfüqləri


Bu sətirləri yaza-yaza, ünlü türk yazarı Hüseyn Nihal Atsızın misralarını xatırayıram:

Qəhrəmanlıq nə yanlız bir yüksəliş deməkdir,

Nə də şimşəklər kimi, parlayıb sönməməkdir,

Bunun üçün ölümə bir atılış gərəkdir.

Atıldıqdan sonra da bir daha dönməməkdir.

Şəhidlik ölüm üzərində qalibiyyətdir. Uğrunda can verməyə on minlərlə övladı olan Vətən heç zaman məğlub olmaz, torpaqlarını düşmənə verməz, yağıdan alınmalı qisasını qiyamətə qoymaz.

Şanlı Qələbə, Böyük Zəfər, düşmənin təslimçi məğlubiyyəti indi bizim bütün şəhidlərimizin ruhu qarşısındakı ən böyük vəzifəmiz, mənəvi öhdəliyimizdir. Fərq etməz, bu qələbə diplomatiya meydanlarında, yaxud döyüş səngərlərində olsun. İşğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin o anın sevincindən şadman ruhunun aydın səmadakı rəsmi olacaq.

O gün uzaqda deyil, o bayraq üfüqlərdə görünməkdədir artıq...


Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor,

Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM