28 Iyul 2020 13:08
954
Məktublar
A- A+

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.

Əziz bacı və qardaşlarım!

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.

Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2020-ci il.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video