28 Iyul 2020 00:39
1564
Sərəncamlar
A- A+

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilmişdir.

Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Məhdud su ehtiyatları şəraitində yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.

Ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etsin;

2.2. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya (bundan sonra - Komissiya):

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etsin;

3.2. suvarma, içməli su təchizatı, energet

ika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

4.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının 4.5-ci, 4.6-cı, 5.1-ci, 5.3-cü, 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı torpaqların dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri üzrə müvafiq məlumatların "Azmelsutəsərrüfat” ASC-yə və "Azərsu” ASC-yə təqdim olunmasını təmin etsin;

4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərilməsini təmin etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video