26 Iyul 2020 00:25
1415
Mədəniyyət
A- A+

Hər kəsə belə ömür nəsib olmur


Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ev-muzeyi onlayn fəaliyyətini genişləndirməkdədir


Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ideyaları bütünlüklə Azərbaycanı, türk dünyasını nurlandırıb. Görkəmli ictimai xadim Həsən bəy Zərdabi kimi şəxsiyyətlər milli özünüdərk və ideologiyanın formalaşmasında çox mühüm rol oynayıb. Naşir, ədib, ideoloq xalqımızın önündə elə bir mənəvi məşəl alovlandırıb ki, işığı zaman keçib tarixləşdikcə, daha da gur yanır. O, Azərbaycan maarifinə, mədəniyyətinə, mətbuatına bir günəş kimi doğaraq xalqımızın mənəvi dünyasını ziyaya qərq etdi. Həsən bəy həqiqi xalq xadimi, millət aşıqi idi.

Hər hansı bir sahədə uğur qazanmaq mümkündür. Lakin cəmiyyət həyatının bütün sahələrini dərindən bilmək, alim, jurnalist, bioloq, yazıçı, tədqiqatçı, xeyriyyəçi, siyasətçi kimi tanınmaq isə heç də hər ziyalıya nəsib olmur.

Yaşadığı dövrdə, keşməkeşli həyatında daim təqiblərə, təzyiqlərə məruz qalan, sovet dönəmində irsinin təbliği, demək olar ki, qadağan olunan bu dahi şəxsiyyət Azərbaycanda müstəqillik günəşinin doğmasından sonra layiq olduğu qiyməti aldı. Xalqın, millətin gələcəyi uğrunda göstərdiyi misilsiz xidmətləri Həsən bəy Zərdabi üçün əbədi həyat vəsiqəsi oldu.

O, bütün həyatını xalqının qəflət yuxusundan oyanmasına, savadlanmasına, tərəqqi və inkişafına həsr etdi. Ömrünü, zəkasını, ürəyinin hərarətini xalqının maariflənməsi yolunda sərf etdi, çox ağır məhrumiyyətlərlə üzləşdi, amma yorulmadı! Çünki tutduğu yolun, gördüyü işin haqq olduğuna ürəkdən inanırdı.

Azərbaycan dövləti və xalqı milli müstəqilliyini ötən əsrin 90-cı illərində bərpa etdikdən sonra Həsən bəy Zərdabi daha çox oxundu, tanındı və sevildi. Adının və ideyalarının əbədiyaşarlığı üçün az iş görməyən milli ideoloqun anadan olduğu Zərdab rayonunda neçə ildir ki, ev-müzeyi fəaliyyət göstərir. Bu muzey 2005-ci ilin may ayında istifadəyə verilib, 2006-cı ilin yanvarından isə rəsmi fəaliyyətə başlayıb. O gündən muzey zərdablılar, eləcə də rayona ayaq basan hər bir kəs üçün müqəddəs ziyarət yerinə çevrilib.

Muzeyin direktoru Vəfa Bayramova onlayn formatda bizimlə söhbətində bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012- ci il 4 iyun tarixli "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında”, eləcə də 19 iyul 2012-ci il tarixli "Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” imzaladığı sərəncamların icrası ilə əlaqədar bu müqəddəs məbəddə əsaslı təmir və bədii tərtibat işləri aparılıb, ekspozisiya tamamilə yenidən qurulub: "Hər iki sərəncam milli mətbuatımızın yolunda ömrünü şam kimi əridən Həsən bəy Zərdabi şəxsiyyətinə, onun qiymətli irsinə verilən çox böyük dəyərlə yanaşı, həm də zərdablılara, bütün zərdabisevərlərə verilən əvəzsiz töhfədir...”

Muzeyin fondunda Həsən bəy Zərdabinin ədəbi-ictimai fəaliyyətinə, eləcə də ailə üzvlərinin həyatına dair 500-dək qiymətli eksponat saxlanılır. Direktor qeyd etdi ki, eksponatlar iki otaqda "Sən xalq üçün işlə, xalq da sənin qədrini bilər, bunun üçün əvvəlcə xalqın etimadını qazanmaq lazımdır”, " El üçün çalışan həmişə yaşayar”, "Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”, "Mən bütün gücümü avamlıq zülməti aləminə işıq şüaları gətirməyə sərf etmişəm”, "Kitab bəşəriyyətin ən böyük kəşfidir”, " Bu sənmisən, ey dahi, o tabut qucağında”, "Əql və elm ilə insan tamam dünyanı təsərrüf edə bilər”, "Öz ləyaqətini qoru və başqalarının da ləyaqətinə hörmət et” kimi dəyərli, müdrik, aforizmə çevrilmiş fikirlərdən ibarət lövhələrdə nümayiş etdirilir. Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində bütün zərdabisevərlər daha bir özəl xəbərlə sevindilər. Azərbaycan Prezidenti İlham Əliyev 30 iyun 2020-ci il tarixdə "Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladı. Bu sərəncam Həsən bəy Zərdabinin adına, mətbuatımızın tarixi missiyasına verilən dəyərin, qiymətin bariz nümunəsidir. Vəfa Bayramova dedi: "Azərbaycan mətbuatına, milli-mənəvi dəyərlərimizə verdikləri yüksək qiymətə, ölkəmizin mədəni irsinin qorunması və dünya səviyyəsində tanınması sahəsində misilsiz xidmətlərinə görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya hər zaman minnətdar olmalıyıq”.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi xalqa təmənnasız xidmətin yönünü və məcrasını göstərdi. Ona görə də qədirbilən xalqımız böyük mütəfəkkirin adını daha yüksəklərə qaldırdı, dövlətimiz isə xatirəsini əbədiləşdirdi.

Artıq on beş ildir ki, Həsən bəy Zərdabinin doğulub boya-başa çatdığı Zərdabda onun adını daşıyan muzey mənəvi dəyərlərə xalq məhəbbətinin şahidinə çevrilib. Bu müqəddəs ocağı ziyarət etmək karantin günlərində mümkün olmasa da, muzeylə onlayn tanışlıq mümkündür. Son vaxtlar burada bir-birinin ardınca təşkil edilən videokonfranslar da məhz bu irsin milli mətbuatımızın inkişafında oynadığı mühüm rola həsr edilir. Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun yaradılması da bu məqsədi daşıyır. Təşəbbüs qrupunun rəhbəri Seymur Bayramovun açıqlamasına əsasən, Həsən bəy Zərdabinin doğum günü münasibəti ilə "İrsə sevgi və hörmətlə” şüarı altında 28 iyun - 5 iyul tarixlərində Həsən bəy Zərdabi Həftəsi keçirilib: "...Daha sonrakı həftə tədbir Zərdab rayonunda davam etdirildi. Bu günə qədər artıq dörd videokonfrans təşkil olunub”. İlk videokonfrans iyunun 29-da Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun facebook səhifəsində gənclər təşkilatları ilə birgə keçirilib. "Həsən bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunmasında mətbuat və sosial şəbəkənin rolu” olan ikinci onlayn konfrans isə Azərbaycan və Türkiyə millət vəkilləri, gənclər təşkilatları, ziyalılar, eləcə də QHT təmsilçilərinin iştirakı ilə olub. "Konfrans zamanı Türkiyənin Karaman şəhərində Həsən bəy Zərdabi parkının salınması, irsin innovativ və sosial şəbəkə vasitəsi ilə geniş təbliği, bir neçə dillərdə saytın yaradılması təklif olunub”, - deyə muzeyin direktoru sözünə davam edərək bildirir ki, Türkiyənin universitet və qeyri-hökümət təşkilatlarının Həsən bəy Zərdabi irsi haqqında məlumatlandırılacağı və təbliğ olunacağı da orada qeyd edilib: "Konfrans iştirakçıları Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamasını ölkəmizdə mətbuata yüksək dövlət qayğısının daha bir bariz nümunəsi olduğunu vurğuladılar. Layihə çərçivəsində 2-3 iyul 2020-ci il tarixlərində keçirilən onlayn konfranslarda Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupunun üzvü, Milli Məclisin deputatı, professor Jalə Əliyeva, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov, Həsən bəy Zərdabi nəslinin davamçısı, iqtisadçı alim Nüsrət Məlikov, Əməkdar müəllim Ömər Tarverdiyev, "Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, Nigeriya, Ukrayna, Rusiya, İspaniya, Almaniya, Polşa, Belçika və Fransada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, media və informasiya agentliklərinin nümayəndələri iştirak etmişlər”.

Həmin tədbirlərdə bir daha vurğulanıb ki, Zərdabi irsinin dünya miqyasında daha yeni vasitələrlə təqdim olunması, müxtəlif dillərə tərcümə edilməsi, həyatının, yaradıcılığının geniş şəkildə təbliği məqsədilə filmin çəkilişi və geniş ictimai auditoriyalarda, beynəlxalq mətbuat orqanlarında informasiyaların yayımlanması istiqamətində işlər davam etdiriləcəkdir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video