24 Iyul 2020 00:50
1244
Mədəniyyət
A- A+

Susdurulan dillər, “danışan” sənədlər


Siyasi Repressiya Qurbanları Muzeyinin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirir


Zəngin milli mədəniyyəti, mənəvi və tarixi sərvətləri ilə tanınan, azadlıq uğrunda mübarizədə əzmkarlıq nümayiş etdirən xalqımızın taleyində, təəssüf ki, ağrı-acılar da az olmayıb. Xüsusən ötən əsrin əvvəllərindən, daha doğrusu, otuzuncu illərdən başlayaraq sovetlərə qarşı barışmaz mövedə olan ziyalılarımız repressiyaya məruz qalmışlar.

1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması bu barədə araşdırmaların aparılmasına və tarixi həqiqətlərin üzə çıxarılmasına imkan vermirdi. Yalnız müstəqillik illərində, daha dəqiq desək, 1996-cı il martın 15-də Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi "Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildi. Məhz bundan sonra həmin illərdə baş verənlər barədə genişmiqyaslı tədqiqatların aparılmasına, bir neçə onillik ərzində gizli saxlanılan məlumatların üzə çıxarılmasına başlanıldı.

2019-cu il mayın 24-də Dövlət Sərhəd Xidmətinin inzibati binasında Siyasi Repressiya Qurbanları Muzeyinin açılması bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Çünki muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acı səhifələrini əyani surətdə oxutdurur, 1920-1950-ci illərdə sovet dövlətinin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşların repressiyaya məruz qalması buradakı sənədlərdə geniş əks etdirilir.


Repressiyanı "qanuniləşdirən” ilk sənədlərdən biri


Siyasi tarixə sərhədçi töhfəsi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində DSX-nin inzibati binasında Siyasi Repressiya Qurbanları Muzeyinin yaradılması təsadüfi deyil. 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə bilavasitə əlaqədardır. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri mövcud olub.

Muzeyin ekspozisiyasının əsas hissəsini Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin, Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər isə Rusiya arxivlərindən əldə edilib. Qazaxıstandakı "Aljir” Siyasi Repressiya Muzeyi tərəfindən də sənədlər təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də köməklik göstərilib.

Muzeyin əsas zalında "Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri əks etdirilir. Azərbaycanda repressiyanı "qanuniləşdirən” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 1920-ci il 26 may tarixli əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş "Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın təsdiq edir.

Burada diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1934-cü il 1 dekabr tarixli qərarıdır. Bu bədnam qərara əsasən, terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gün ərzində başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar haqqında məlumat və fotoşəkillər verilib.

Növbəti lövhə 1920-ci ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya təhsil almağa göndərilən gənclərin Vətənə qayıtdıqdan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Vətənə qayıdan 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilib.


Kimlərdir "günahsız müqəssir”lər


Siyasi repressiya qurbanı olan qadınlara həsr edilən lövhədə isə güllələnmiş beş qadın - Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş "xalq düşmənləri”nin islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib.

Vətənə, millətə bağlılığı ilə imperiya cəlladlarının canına qorxu salan şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, o da sürgün edilənlər arasındadır. Onun haqqında sənədin surəti də lövhədədir. Daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilib.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edilib. Burada şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur. Muzeydəki çox təsiredici kompozisiyalardan biri isə "Günahsız müqəssir”dir. Burada işgəncəyə məruz qalan insanın ümidsiz vəziyyətdə boşluğa yönələn baxışları onun həyatının sona çatmasının uzaqda olmadığını simvolizə edir.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsusi diqqət ayrılıb. Lövhələrin birində yerləşdirilmiş sənədlər sonda azərbaycanlıların doğma torpaqlarından deportasiyası ilə yekunlaşan, SSRİ rəhbərliyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçməsinə dəstəyi siyasətindən xəbər verir.

Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. "Repressiya burulğanı”, "Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış, Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunub.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video