22 Iyul 2020 11:27
832
Mədəniyyət
A- A+

Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov nazirliyin kollektivinə təqdim edilib


İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovu nazirliyin kollektivinə təqdim edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Fərəh Əliyeva çıxış edərək dövlət başçısının iyulun 20-də imzaladığı sərəncamları diqqətə çatdırıb, Anar Kərimovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Anar Kərimov məsul vəzifələrdə fəaliyyət göstərib, o cümlədən Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi vəzifəsində çalışıb. Onun fəaliyyəti eyni zamanda mədəniyyət sahəsi ilə sıx bağlı olub. Qeyd edilib ki, Anar Kərimov Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə müdafiə olunması, həmçinin mədəni irsimizin tanınması və təbliği işində fəal iştirak edib, bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Anar Kərimovun həmçinin Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Fərəh Əliyeva ümidvar olduğunu bildirib ki, o, bu yüksək etimadın öhdəsindən gələcək. Qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə, o cümlədən yerlərdə uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, mədəniyyət evləri, muzeylər və s. müəssisələrin fəaliyyəti ilə bağlı bir müddət əvvəl başlanan islahatlar prosesi davam etdirilməlidir.

Prezident Administrasiyasının şöbə müdiri Anar Kərimova və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən Anar Kərimov ona göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, dövlət başçısının və Mehriban xanım Əliyevanın nazirliyin fəaliyyəti, mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı ona müvafiq tapşırıq və tövsiyələri olub. Gələcək fəaliyyətini bu tapşırıq və tövsiyələr istiqamətində quracağını deyən Anar Kərimov bildirib ki, UNESCO-da çalışdığı 10 ilə yaxın müddətdə Mədəniyyət Nazirliyi ilə fəal əməkdaşlıq edib. Dövlət başçısının islahatlar kursuna uyğun olaraq Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə, xüsusilə regionlarda mədəniyyət işinin təşkili ilə bağlı islahatlar zəruridir. Bunun üçün bütün sahələr üzrə mövcud vəziyyət təhlil edilməli, müfəssəl araşdırmalar aparılmalı, o cümlədən beynəlxalq təcrübə öyrənilməli və müvafiq təkliflər rəhbərliyə təqdim edilməlidir.

Anar Kərimov qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir və eyni yanaşma mədəniyyət sektorunda da tətbiq olunmalıdır. Vurğulayıb ki, öz fəaliyyətində hər zaman dörd prinsipi – dövlətçilik, məsuliyyət, şəffaflıq və ədalət prinsiplərini rəhbər tutaraq, gələcək fəaliyyətində bu prinsiplərə riayət edəcək.

Sonda Anar Kərimov birgə səylər göstərməklə nazirliyin kollektivinə uğurlar arzu edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video