14 Iyul 2020 20:02
1036
Elm və texnika
A- A+

Birlik və inamdan güc alan siyasət və qətiyyət


Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı müstəqil dövlətimizin sərhədlərinin etibarlı şəkildə daim qorunacağına, torpaqlarımızın azad ediləcəyinə dövlət səviyyəsində siyasi-hərbi təminatın konkret ifadəsidir. Dövlətimizin başçısının qətiyyətli mövqeyi Azərbaycan xalqının ölkəmizin rəhbərinə bəslədiyi sarsılmaz inama, möhkəm və etibarlı dəstəyə əsaslanır. Dövlətimizin başçısının fikirləri dünya ictimaiyyəti qarşısında Azərbaycan Respublikasının ölkələrin ərazi bütövlüyü prinsipinə davamlı və məsuliyyətli münasibətlərini növbəti dəfə aydın surətdə ifadə edir. Müstəqil Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət beynəlxalq hüquq normalarına və xalqımızın iradəsinə tamamilə cavab verir. Bu mənada Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışı Ermənistanı növbəti böhrana aparan Paşinyan rejiminə, onların havadarlarına sarsıdıcı zərbədir. İşğalçı və təcavüzkar Ermənistanın Tovuz rayonu ərazisində torpaqlarımıza hərbi müdaxilə etməsi Prezident İlham Əliyevin ölkəmizdə və beynəlxalq aləmdə qazandığı liderlik nüfuzu qarşısında Paşinyan rejiminin çaşqınlıq və miskinliyinin təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib.

Akademik vurğulayıb ki, Azərbaycan Respublikası dünya miqyasında beynəlxalq birliyin səyləri və təşəbbüslərini istiqamətləndirən və əlaqələndirən bir ölkə kimi böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə son iki-üç ay ərzində Türk Dövlətləri Ölkələrinin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında onlayn Zirvə görüşləri, Türkmənistan və Əfqanıstan prezidentləri ilə, Dünya Bankının rəsmiləri ilə keçirilmiş onlayn görüşlər və aparılmış müzakirələr Azərbaycan Respublikası Prezidentinin dünya liderlərindən biri olduğu bir daha isbat etdirir. BMT Təhlükəsizlik Şurasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycan dövlətinin rəhbərinin növbəti böyük uğurudur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilməsinə beynəlxalq birlik tərəfindən tam dəstək verilmiş BMT Təhlükəsizlik Şurasının xüsusi sessiyasının iclasında Ermənistanın iştirakdan imtina etməsi bədnam ölkənin dünya ictimaiyyəti üçün zəruri olan birlik, həmrəylik və qarşılıqlı əməkdaşlıq prinsiplərindən çox uzaq olduğunu, mövcud rejimin hər cəhətdən geridə qalmış ölkəsində yaranmış mürəkkəb ictimai-siyasi bataqlıqdan uzağa gedə bilmədiyini aydın surətdə təsəvvür etməyə imkan verir.

"Siyasi dayaqlarını və nüfuzunu itirmiş, ölkəsində yaranmış böhrandan çıxış yolu tapmaqda aciz qalan Nikol Paşinyanın çarə yolunu hərbi müdaxilədə və təxribatda axtarması onun erməni xalqına vəd etdiyi xülyaların arxasında pərdələnmək dövrünün tükəndiyini göstərir. Ermənistanın Azərbaycan torpaqlarına növbəti hərbi müdaxiləsi də bu təcavüzkar ölkənin və ona rəhbərlik edən Paşinyan kimi populist "siyasətçinin” işğalçılıq niyyətlərini davam etdirdiklərini bir daha göstərir. Lakin Ermənistan tərəfi başa düşmür ki, ümid etdikləri hərbi müdaxilə eyforiyası Paşinyan rejimini növbəti böhrana aparmaqdan uzağa gedə bilməyəcək. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı Azərbaycan xalqının səfərbərlik, vətənpərvərlik və birlik andı kimi səslənir və xalqımızın Ali Baş Komandanın əmrinə daim hazır olmasına dərin inamı ifadə edir. Xalqımızın bütün təbəqələri kimi Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi də möhtərəm Prezidentimizin atdığı bütün addımları, tutduğu qətiyyətli mövqeyi ürəkdən dəstəkləyir və müdafiə edir.

Ermənistan tərəfi unutmamalıdır ki, onun təxribatçı hərbi qüvvələri son illərdə Lələtəpədə və Qızılqayada torpaqlarımızı qəsbkar düşməndən azad etmiş qəhrəman Azərbaycan ordusu ilə üz-üzədir. Azərbaycan xalqı inanır ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız və ordumuz böyük qələbəyə nail olacaq. Prezident İlham Əliyevin birlik və inamdan doğan müdrik siyasəti və Ali Baş Komandan kimi qətiyyəti mütləq qalib gələcək”,- deyə akademik İsa Həbibbəyli bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video