29 Iyun 2020 15:21
6283
PARLAMENT
A- A+

Sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırıldı


İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 17 məsələ daxil edilib.

Spiker diqqətə çatdırdı ki, birinci məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Qeyd olundu ki, son vaxtlar ölkəmizdə koronavirus infeksiyasına tutulanların sayında xeyli artım baş verib. Bunun əsas səbəblərindən biri də epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə ciddi riayət edilməməsi, hətta bir sıra hallarda etinasızlıq göstərilməsidir. Bununla əlaqədar ictimaiyyətin, eləcə də, Milli Məclisin deputatlarının narahatlığını nəzərə alaraq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlanıb. Layihədə infeksiyanın yayılmasına qarşı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə cərimə sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulub.

Sahibə Qafarova bildirdi ki, qanun layihəsində yalnız rəqəm dəyişikliyi nəzərdə tutulduğuna görə "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə görə layihə bir oxunuşda qəbul ediləcək.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov qanun layihəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, qanun layihəsi məcəllənin 211.1, 211.2 və 211.3-cü maddələrində əksini tapmış inzibati tənbeh tədbiri növlərində cərimələrin miqdarının artırılmasını nəzərdə tutur. Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Xətanın bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini açıqladılar. Ölkəmizdə koronavirus infeksiyasi ilə mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, dövlət tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan danışdılar. Onlar karantin rejiminə riayət edilməsinin vacibliyini vurğuladılar. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

İclasda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) təqdim edildi. Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirdi ki, dəyişikliklərdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılması, bələdiyyə aktlarına 15 iş günü müddətində baxılması, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsi və məlumatların alınması təklif olunur. Habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraatının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, 2017-ci il 10 fevral tarixində Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb. Bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdən ibarətdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin müəyyən faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Layihə üçüncü oxunuşda qəbul olundu.

Nizami Səfərov İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini də müzakirəyə təqdim etdi. Dəyişikliklər "Telekommunikasiya haqqında” qanuna əsasən, telekommunikasiya operatorları və provayderlər tərəfindən hüquq mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə tətbiq ediləcək cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir. Layihə üçüncü oxunuşda qəbul olundu.

Daha sonra Cəzaların İcrası, Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklərlə bağlı qanun layihələri də üçüncü oxunuşda təsdiq olundu. Dəyişikliklər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədi ilə edilir. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarılmış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda təqdim etdi. Bildirildi ki, qanunda "az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

İclasda qeyd edildi ki, gündəliyin növbəti iki məsələsi uyğunlaşdırma xarakteri daşıyır və bir oxunuşda qəbul ediləcək.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsində, "Prokurorluq haqqında”, "İcra məmurları haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Dövlət qulluğu haqqında”, "İcra haqqında”, "Azərbaycan Respublikasında dövlət dili haqqında”, "Ələt azad iqtisadi zonası haqqında” və "Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdi. Diqqətə çatdırıldı ki, 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli qanunla "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilərək inzibati-iqtisadi məhkəmələr inzibati məhkəmələr adlandırılıb, bununla əlaqədar bu məhkəmələrin baxdığı işlər sırasından iqtisadi mübahisələrə dair işlər çıxarılıb, eləcə də kommersiya məhkəmələri yaradılıb və birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxılması bu məhkəmələrin səlahiyyətlərinə aid olunub. Layihə "İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli sərəncamının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verdi. Qeyd etdi ki, tikintidə dövlət nəzarətinin həyata keçirilməsinin spesifikliyini və bu məsələlərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimləndiyini nəzərə alaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun bu sahədə yoxlamaların aparılması məsələlərini ehtiva edir. Təklif olunan qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara qeyd olunan qanunun 26-cı maddəsinin (məhsul nümunələrinin götürülməsi və onların tədqiqi ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsi) tətbiqinə hüquqi əsaslar yaradır. Qanun layihəsi istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı inşaat məhsulunun və ya xammalın müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi məsələlərini tənzimləməklə (götürülən məhsulun dəyərinin yoxlayıcının hesabına ödənilməklə), sahibkarların maraqlarının müdafiəsinə xidmət edir. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bir zərfdə daxil olmuş növbəti dörd məsələ - Vergi Məcəlləsinə, "Notariat haqqında”, "Sosial sığorta haqqında” və "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə (ikinci oxunuş) məlumat verdi. Bildirdi ki, bu dəyişikliklər elektron icra, elektron notariat və elektron məhkəmə informasiya sistemlərinin genişləndirilməsi və bu sistemlər arasında məlumat mübadiləsinin labüdlüyü ilə bağlıdır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Daha sonra qanunvericilik təşəbbüsü qaydasında bir məktubda daxil olmuş növbəti üç məsələyə baxıldı. Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihələri barədə məlumat verdi. Bildirildi ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”,”Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Qrant haqqında” qanunlara təklif edilən dəyişikliklər həm uyğunlaşdırma, həm də rəqəmsal texnologiyanın inkişafı nəticəsində elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi, həmçinin "Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron sistemindən istifadə zamanı sənədlərin əldə edilməsinin asanlaşdırılması məqsədini daşıyır. Hər üç qanun layihəsi ayrı-ayrılıqda ikinci oxunuşda qəbul olundu.

Bununla da Milli Məclisin iclası başa çatdı.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video