17 Iyun 2020 00:19
1654
Səhiyyə
A- A+

Ağ xalatlı, nur üzlü, yorğun simalar...


Koronavirus pandemiyasına qarşı mübarizənin ön cəbhəsində dayananların fədakarlığı ən yüksək qiymətə layiqdir


Tibb işçiləri, təəssüf ki, bu il öz peşə bayramlarını koronavirus pandemiyası ilə mübarizədə keçirirlər.

Koronavirusla mübarizədə öz fədakarlıqları ilə seçilən həkim və tibb işçilərinin əməyi xüsusilə qeyd edilməlidir. Bu gözəgörünməz bəla ilə mübarizənin ön cəbhəsində olan tibbi personalın gecə-gündüzünün olmaması nəticəsində minlərlə insan amansız ölümün pəncəsindən xilas edilib.

Həmin mübariz həkimlərimizdən biri olan Gülara Abbasova da aylarla ailəsindən uzaq düşüb və Hippokrat andına sadiqlik nümayiş etdirərək vətəndaşlıq, həkimlik borcunu şərəflə yerinə yetirənlərdəndir.

15 iyun 1975-ci ildə Sumqayıtda anadan olan G. Abbasovanın valideynlərinin ağlına da gəlməzdi ki, qızları neçə illərdən sonra ölüm-qalım dilemması qarşısında qalan insanların köməyinə çatacaq, onları amansız və vaxtsız ölümün pəncəsindən xilas edəcəkdir.

"Uğursuzluq”dan qələbəyədək...

Gülara Abbasova illəri bir göz qırpımında yola saldı: gözlərini açdı ki, Sumqayıtdakı 1 nömrəli orta məktəbi yüksək qiymətlərlə bitirib, kimya-biologiya üzrə fənn olimpiadalarının qalibidir. Arzusu həkim olmaq idi. Ona görə də beş il ardıcıl olaraq Azərbaycan Tibb İnstitutuna qəbul üçün sənəd verdi. Müsabiqədən keçə bilməsə də, bu "uğursuzluq” onu qətiyyən ruhdan salmadı. Həmin müddət ərzində o, Sumqayıt Tibb Texnikumunu N.Nərimanov təqaüdü almaqla müvəffəqiyyətlə bitirdi.

Nəhayət, həyat onun üzünə gülməyə başladı: O, ATİ-nin Müalicə-profilaktika fakültəsinə qəbul olaraq anestezioloq-reanimatoloq ixtisasını seçdi. Bu o zamanlar idi ki, sinif yoldaşları, qonşuları Qarabağda gedən döyüşlərə yollanırdılar. Tələbə olsa da, ərazilərimizin erməni daşnaklarından qorunması yolunda canlarını Vətənə sipər edənlərin yanında olmaq və bu məqsədlə də ön cəbhəyə yollanmaq üçün Sumqayıt Hərbi Komissarlığına müraciət etdi. Bu tələbəni yolundan döndərməyə çalışsalar da, o, həmin ağır günlərdə cəbhədə həkimlik peşəsinə ciddi ehtiyac olduğunu əsas gətirirdi. Hərbi komissarlığın əməkdaşları onu ailəsinə gətirəndə qərar qəti oldu: "İnstitutu bitirməyin vacibdir”

Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra o, 9 il Sumqayıtda, yəni dünyaya göz açdığı 1 nömrəli Doğum evində çalışdı. Sonra isə ailə həyatı ilə bağlı olaraq Bakıya köçdü və Mərkəzi Neftçilər Xəstəxanasında Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsində işləməyə başladı. Hazırda həmin şöbənin müdiri olan həkimin bacısı Norveçdə tibb işçisidir. Qızlarından biri isə Oslo şəhərindəki Tibb institutunda təhsil alır.

Yetmiş gündən artıqdır ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizənin ön cəbhəsində dayanan

G.Abbasova hazırda bu bəladan əziyyət çəkən xəstələrin yaxın-uzaq qohumlarının dilinin əzbərinə çevrilib.


Öz işinin fəxarətindən simasına nur çökmüşdü


G. Abbasova nəinki öz peşəsi, həm də vətənpərvərlik duyğuları ilə insanlara xidmət göstərir. Videoreportajlarda gördüyümüz həkimlər komuflyaj paltarlarda və maskada olduqlarına görə onların nə gözlərini, nə də sifət cizgilərini seçə bilirik. Bu dəfə isə insanlara şəfa verən ana, qadın telefonun ekranından baxırdı. O qədər xoşbəxt idi ki... Çünki daha bir dəfə şər qüvvənin üzərində qələbə çalmışdı. Bunun sevincini xəstə yiyələrinə çatdırmağı özünə borc bildiyini dedi. Öz işinin uğurlu nəticəsindən simasına da nur çökmüşdü...

Onunla bir neçə dəqiqəlik telefonla görüntülü söhbətdən bir əsər də yazmaq olardı. İş yoldaşı Mehparə Dadaşzadə onun sözünə qüvvət verdi: "...İndi bu qızmar yay günlərində vətəndaşlarımız evdə, işdə, küçədə bir köynəklə belə istidən bezdikləri halda, biz elə olur ki, 6-8 saat bu komuflyajı əynimizdən çıxarmırıq. Ancaq dözürük və bilirik ki, müqəddəs iş görürük. Bilirik ki, bu ağır günlərdə insanlara göydəki Allahdan sonra bir udum nəfəs almağa biz də yardımçı oluruq...”

Onlar həm də könüllülərdir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin "Könüllülər ili” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Qəfil gələn və gözəgörünməz bu koronavirusdan bizi xilas etmək üçün səfərbər olunan ağ xalatlı həkimlərimizin iş başında hansı şəraitdə çalışmaları maraqlı olduğu qədər də əzablı və dözülməzdir.

Reanimasiya şöbəsinin müdiri, həkim-reanimotoloq Gülarə Abbasova, tibb bacılarından Mehparə Dadaşzadə və Zahirə Həsənova beş-üç dəqiqəlik dincəlmək üçün geyimlərini və maskalarını çıxarırlar. Aman Allah, bu qapalı şərait onları nə hala salıb?! Tanınmaz dərəcədə dəyişiliblər: arıqlamaları bir yana, baş geyimləri, xüsusən də maskanın rezinləri onların üz-gözlərini nə hala saldığının fərqində olmasalar da, sanki bir əsr qocalıblar. Amma bu, onların xidmət mədəniyyətini, peşə borclarını unutdurmayıb.

Şöbə müdiri Gülarə Abbasovanın ilk fikri belə oldu: "Bu reanimasiya şöbəsində həkim Samirə Məmmədova ilə mənim rahat işləməyimizin səbəbkarları indi sizə siyahısını verdiyim Mərkəzi Neftçilər Xəstəxanasının tibb işçiləri və sanitarlarıdır. İlk növbədə, əziyyətə qatlaşan onlardır…”

Həkimin verdiyi siyahıdan məlum olur ki, onunla bu ağır günlərdə çiyin-çiyinə dayanan Kəmalə Əliyeva, Səbinə Əliyeva, Zahirə Həsənova, Balacaxanım Babayeva, Günel Baxışova, Dillər Məmmədova, Mehparə Dadaşzadə, Vəfa İsmayılova, Xəyalə Hacıyeva, Gültəkin Məmmədova, Aysel Bağırova, Könül Əzizova, Qismət Mirzəhəsənova, Zərifə Həsənova, Leyla Əlibəyli, Arzu Mədətli, Sehranə Cəbiyeva, Əfsanə Müzəffərova, Könül Quliyeva, Tirana Xalapova kimi tibb bacılarıdır. Bunlardan savayı, xəstələrin sağalması yolunda fədakarlıq göstərən Arzu Məmmədova, Sevinc Hüseynova, Telman Abbadov, Mətanət Rüstəmi, Pərvanə Əzimova, Marina Nəsibova, Rəmziyyə Nəsirova, Elman Abbasov, Nailə Babayeva, Dilarə Muxtarova kimi kiçik tibb işçiləri də az deyil.


Unutmayaq ki, xəstələrin sayı həkimlərdən qat-qat çoxdur


G. Abbasova yorğun olsa da, ölkə vətəndaşlarına ürək sözlərini demək üçün fürsətdən istifadə etdi: "...Onlar olmadan heç bir xəstə sağalmaz. Siz bilirsinizmi ki, buradakı palatalarda gündə iki dəfə yataq bezləri, xəstələrin paltarları, örtükləri, pərdələri dəyişilir?! Burada işlədilən hər şey birdəfəlikdir. Burada təmizliyi təmin etmədən müalicənin nəticəsini ala bilməzsən. Bizim kollektiv, ilk növbədə, tibb bacıları və kiçik tibb işçiləri ilə güclüdür. Kiçik personalımız və ümumiyyətlə, COVID-19-la mübarizə aparan bütün tibb işçiləri günlərlə özündə olmayan və nəfəs aparatlarına qoşulmuş xəstələrin qulluğunda dayanır və onların yataqlarını gündə bir neçə dəfə təmizləyirlər. Mən öz həkim peşəmlə şərəf duyuram. Unutmayaq ki, xəstələrimizin sayı həkimlərdən çoxdur, özü də lap çox.

Bəzi insanların məsuliyyətsizliyinin, etibarsızlığının və inamsızlığının ağrısını və ağırlığını isə dövlət, eləcə də bu mübarizədə düşmənə qalib gəlmək üçün xəstəxana səngərlərinə atılan və ağ xalatlarını hava keçirməyən komuflyajlarla dəyişən tibb işçilərimiz çəkirlər. Nə olar, dövlətimizə, doğmalarımızın keşiyində duran TƏBİB-in tibb personalına əziyyət və ağrı verməmək üçün məsuliyyətli olun. Tələb və qaydalara riayət edin”.

Çində COVID-19-la mübarizə sona çatanda əhali tibb işçilərini ayaq üstə alqışladı. Çünki onlar bu dərdin acısını gördülər və içərilərindən keçirdilər. Bu, Çin xalqının tibb işçilərinə verdiyi dəyər idi.

Həkim daha sonra bildirdi ki, briqadada evində xəstəsi olan işçilər var. Eləsi də var ki, körpə uşağını qoyub gəlib: "Rəhbərliyimiz bəzilərinə ailə şəraiti ilə əlaqədar olaraq və hətta işdən ayrılmağa icazə belə vermək istəsə də, bizim qəhrəmanlarımız səngəri boş qoyub, bir udum havaya ehtiyacı olan xəstələri tərk edib getmək istəmirlər. Mən martın 26-dan 27-nə keçən gündən buradayam. Xəstəxanamızın COVID-19-a uyğunlaşması prosesində iştirak etmişəm. Burada hər bir çarpayının, hər bir aparatın necə işləməsinə cavabdehəm. Elə vaxt olur ki, heç gecəni 2 saat belə yatmırıq. Bəzən xəstəni ağır vəziyyətdən çıxarmaq üçün səhərə qədər mübarizə aparırıq. Bir qızımla uzaqda olduğuna görə onlayn görüşürəm. Buradakı 10 yaşlı qızımı isə bircə dəfə şüşənin o biri üzündən görmüşəm. Bizimlə işləyənlərin hamısının ömür səhifəsi burada belə yazılır. Biz də evimizə getmək, doğmalarımızı qucaqlamaq, ailəvi istirahət etmək istəyirik. Bizim əlimizdən bu şansımızı almasınlar. Unutmasınlar ki, xəstələr həkimlərdən çoxdur. Və həkimlərimiz, tibb personalımız da hər gün bu xəstəliyə tutula bilərlər. Həkimlərin də bir gün gücü azalsa, onda sizi kim sağaldacaq? Siz çox, biz az. Gəlin, bir-birimizi sevə-sevə yaşayaq”.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video