12 Iyun 2020 15:46
2372
PARLAMENT
A- A+

Bütün sosial proqramlar icra olunmuşdur


İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 İyun Milli Qurtuluş Gününü qeyd edəcək. Bu, bizim üçün sadəcə təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir.

Spiker qeyd etdi ki, müstəqilliyin ilk illərində dövlətimizin üzləşdiyi təhdidlərin, xalqımızın yaşadığı faciələrin bu gün bu zalda əyləşən bir çoxları canlı şahidi olublar. Həmin dövrdə müşahidə olunan siyasi xaos və anarxiya, dərin iqtisadi tənəzzül, separatizm meyilləri yenicə əldə olunmuş müstəqilliyimizi itirmək təhlükəsi yaratmışdı.

Belə bir zamanda xalqımızın dəstəyi, etimadı və tələbi ilə ölkəmizdə hakimiyyətə gələn Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı.

Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu.

Parlamentin Sədri daha sonra belə bir fikri vurğuladı ki, 15 iyunun bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz bu binada - Milli Məclisdə yazılmağa başlanmışdır. Ulu Öndərin parlamentə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Spiker çıxışında dedi ki, xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər Ulu Öndər tərəfindən müəyyən edilmişdir. Çox sevindirici haldır ki, Qurtuluşdan başlanan tarixi yol bu gün də uğurla davam etdirilir. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikası inkişaf edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş kimi tanınır. Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir.

Sonra parlamentin iclas zalında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş olundu.

Tədbirdə çıxış edən komitə sədrləri Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Səməd Seyidov, deputatlardan Elşən Musayev, Ramil Həsən, Tural Gəncəliyev, Azay Quliyev, Ceyhun Məmmədov, İlham Məmmədov, Cavid Osmanov, Fəzail Ağamalı qarşıdan gələn 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar fikirlərini bölüşdülər, bu günün milli tariximizdəki rolunu və əhəmiyyətini xüsusi vurğuladılar, seçiciləri maraqlandıran məsələlərdən söhbət açdılar. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Parlamentinin Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi əleyhinə verdiyi bəyanatı Azərbaycan diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı kimi dəyərləndirdilər. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 7 məsələ daxil edilmişdir.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, layihənin birinci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı sənəd barədə ətraflı məlumat verilmişdir. Müzakirələr zamanı 17 deputat çıxış etmiş, qeyd və təkliflərini vermiş, bir sıra məsələlərə maliyyə naziri Samir Şərifov tərəfindən aydınlıq gətirilmişdir.

Komitə sədri bildirdi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalmışdır. Aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnmişdir.

2019-cu ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunmuşdur. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra olunmuş, nəzərdə tutulan hədəflərə nail olunmuşdur.

Dövlət və icmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərcləri isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra olunmuşdur. Xərclərin az icrası heç bir sosial layihənin prioritet xərclərinin ixtisar olunmaması təqdirəlayiq haldır. Dövlət büdcəsinin kəsiri proqnoza nisbətən qat-qat az olmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz olmuşdur. 2019-cu ilin dövlət büdcəsinin icrası Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsində öz müsbət rolunu oynamışdır.

Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrləri Bəxtiyar Əliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Jalə Əliyeva, Erkin Qədirli, Məlahət İbrahimqızı, Fazil Mustafa, Emin Hacıyev, Malik Həsənov, Razi Nurullayev, İltizam Yusifov, Əziz Ələkbərov, Səttar Möhbalıyev, Sevinc Fətəliyeva, Elman Məmmədov, Rauf Əliyev 2019-cu ilin dövlət büdcəsinin icrasını yüksək qiymətləndirdilər, qeyd və təkliflərini verdilər.

Müzakirələrdən sonra "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edildi.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə "Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklikləri ikinci oxunuşda diqqətə çatdırdı. Bildirildi ki, layihə barədə birinci oxunuşda ətraflı məlumat verilib. Bu dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıyır. Qanun layihəsi ətrafında müzakirələr zamanı komitə sədrləri Musa Quliyev, Siyavuş Novruzov və deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi də ikinci oxunuşda təqdim olundu. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə bildirdi ki, bu dəyişikliklər ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur. Bu dəyişikliklər "Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, həmçinin bu sahədə müasir informasiya vasitələrinin tətbiqini nəzərdə tutur.

Müzakirələr zamanı çıxış edən komitə sədrləri Bəxtiyar Əliyev, Hicran Hüseynova, Zahid Oruc, deputatlardan Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, Erkin Qədirli, Kamal Cəfərov, Arzu Nağıyev qanun layihəsi barədə öz fikirlərini açıqladılar, təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab etdilər. Sonra layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumatı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çatdırdı. Bildirdi ki, layihəyə əsasən Muxtar Respublikanın Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub. Ümummilli Lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb. Rayonun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşmış, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilmişdir. Siyavuş Novruzov Naxçıvanın bu yaşayış məntəqələrinin əhalisinin tarixən göstərdikləri qəhrəmanlıqlar, onların dövlətçiliyimizə sadiqliyi, Ümummilli Lider Heydər Əliyevə verdiyi dəstək barədə fikirlərini və xatirələrini bölüşdü. Qanun layihəsi barədə deputat Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq təsdiqləndi.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Yerin təki haqqında” və "Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdilər. Bildirildi ki, təklif olunan bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edildi.

Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” və "Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Bildirdi ki, bu dəyişikliklər tikinti sahəsində səlahiyyətləri həyata keçirən qurumların dəqiqləşdirilməsi üçün hazırlanmışdır. Layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev də fikirlərini bildirdi.

Sonra sənəd səsə qoyularaq qəbul edildi.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verdi. Bildirdi ki, layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcəkdir. Məsələ barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da fikirlərini bildirdi, layihəni yüksək qiymətləndirdi.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

İclasın gündəliyindəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclis Sədrinin müavini Adil Əliyev, komitə sədri Sadiq Qurbanov, deputatlar Fazil Mustafa, Tahir Kərimli, Əli Məsimli, Qüdrət Həsənquliyev, Aqil Abbas cari məsələlər barədə fikirlərini bildirdilər, 15 İyun Milli Qurtuluş Günü münasibətilə ürək sözlərini dedilər.

İclasa yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova bir daha 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırdı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizə bundan sonra da yeni-yeni uğurlar arzuladı.

Bununla da Milli Məclisin iclası başa çatdı.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video